Kərki nekropolu — Sədərək rayonunun ərazisində, tunc dövrünə aid arxeoloji abidə.
Nekropol Kərki kəndindən qərbdə yerləşir. Sahəsi 2 hektara yaxındır. Qəbirlər daş qutu tipli olub kənarları iri sal daşlardan qurulmuş, üzəri iri sal daşlarla örtülmüşdür. Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Daş qutuların bəzisi aşınma nəticəsində üzə çıxmış və dağıntıya məruz qalmışdır.
1979-cu ildə nekropolun ərazisində təsərrüfat işləri görülərkən təsadüfən bir neçə qəbir dağıdılmışdır. Dağıdılmış qəbirlərin materiallarının bir qismi Naxçıvan MR Dövlət Tarix Muzeyinə verilmişdir. Tapıntılar əsasən monoxrom boyalı küpə və kasalardan ibarətdir. Onların üzəri qırmızı anqobla örtülərək yaxşı cilalanmış, qırmızı anqob üzərindən qara rənglə çəkilmiş xətlə naxışlanmışdır. Naxışlar şaquli çəkilmiş paralel dalğalı xətlərlə doldurulmuş üçbucaqlardan ibarətdir. Küpələrin birinin üzərində üçbucaqların arasında konsentrik dairələr çəkilmişdir.
Bu tip boyalı qablar Naxçıvan MR abidələri üçün xarakterik olub Çalxanqala, Nəhəcir, Yaycı, II Kültəpə və b. abidələrdən məlumdur.
Aşkar olunmuş materiallara əsasən Kərki nekropolunu e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərinə aid etmək olar.