Kamal Talıbzadə

Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu.[2]

Kamal Talıbzadə
Kamal Abdulla Şaiq oğlu Talıbzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Rəfiqə xanım Talıbzadə
Atası Abdulla Şaiq
Təhsili Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
Fəaliyyəti tənqidçi, ədəbiyyatşünas [1]
Üzvlüyü
Mükafatları "Əmək veteranı" medalı"Şöhrət" ordeni
"Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982Azərbaycan SSR Dövlət mükafatı — 1986

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir. İlk mətbuu əsəri - Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevə həsr etdiyi oçerki 1944-cü ildə "Azərbaycanın şanlı oğulları" kitabında çap olunmuşdur.

Alim 19 yanvar 2006-cı ildə dünyasını dəyişmişdir.[3]

K.Talıbzadə 1983-cü ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Elmi işindəki müvəfəqiyyətlərinə görə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidinin tarixi" adlı əsərinə görə 1986-cı ildə ona Azərbaycan SSR Dövlət mükafatı təqdim edilmişdir. 1985-ci illərdə "Bilik Cəmiyyəti", mükafatına layiq görülmüş, 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə "Fədakar əməyə görə", 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın "Əmək veteranı" medalları ilə təltif edilib, "Qabaqcıl maarif xadimi" (1983) fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya "Qızıl Qələm" mükafatını və "Kamaliyyə" diplomunu təqdim edib. [4]

  • Azərbaycan sovet ədəbiyyatı sülh və demokratika uğrunda. Bakı: Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin nəşri, 1951;
  • Abbas Səhhət. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1955;
  • Qorki və Azərbaycan. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1959;
  • XX əsr Azərbaycan tənqidi. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1966;
  • Tənqidimiz haqqında qeydlər. Bakı: Gənclik, 1967;
  • M. Qorki haqqında məqalələr məcmuəsi. Bakı: Azərnəşr, 1968;
  • Ədəbi irs və varislər. Bakı: Azərnəşr, 1974;
  • Vətəndaş şair (Abbas Səhətin anadan olmasının 100 illiyi münasibətilə). Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1975;
  • Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı, 1978;
  • Şaiqanə yad et (xatirələr, məqalələr, bədii əsərlər). Bakı: Gənclik, 1981;
  • Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı: Maarif, 1984;
  • Ədəbi tənqid (problemlər, vəzifələr). Bakı: Yazıçı, 1984;
  • Abbas Səhhət. Bakı: Gənclik, 1986;
  • Tənqid və tənqidçilər. Bakı: Yazıçı, 1989;
  • Seçilmiş əsərləri. I cild. Bakı: Azərnəşr, 1991;
  • Seçilmiş əsərləri. II cild. Bakı: Azərnəşr, 1994;
  • Azərbaycan ədəbi tənqidinin tarixi (1800–1920). Bakı: Şərq-Qərb, 2015;
  • Seçilmiş əsərləri. Bakı: Elm, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
  1. "Kamal Talıbzadə". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  2. "Tarixdə iz buraxanlar: Kamal Talıbzadə". 9 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  3. "KAMAL ABDULLA ŞAİQ OĞLU TALIBZADƏ". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  4. "Talibzadə Kamal Abdulla Şaiq oğlu". 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.