Kamil Vəli Nərimanoğlu

Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl16 dekabr 2023) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri.[2]

Kamil Vəli Nərimanoğlu
? – 16 dekabr 2023
11 may 1993[1] – 2 sentyabr 1993
Baş nazirƏli Məsimli (1993)
Pənah Hüseyn (1993)
Surət Hüseynov (1993–1994)
SonrakıElçin Əfəndiyev
Şəxsi məlumatlar
Doğum tarixi 18 avqust 1946(1946-08-18)
Doğum yeri
Vəfat tarixi 16 dekabr 2023(2023-12-16) (77 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.[2]

Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş[3], Böyük Elmi Şuranın üzvü olmuşdur.

Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.

Nərimanoğlu 1991–1992-ci illərdə Ege Universitetində, 1999–2000-ci ildə Şimali Kiprin Şərqi Ağdəniz Universitetində professor vəzifəsində çalışmış və dərs demişdir. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür MərkəzininTürk Folklor Qurumunun fəxri üzvü, Səlcuq universitetinin fəxri professorudur. Azərbaycan Yazıçılar Birliyinin məclis, Ali Attestasiya Komissiyasının ekspertlər şurasının üzvü olmuşdur. Dünyanın 20-dən artıq ölkəsində elmi konfranslarda çıxış etmişdir.

Hazırda Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyir və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edir. Həmçinin çoxcildli Türk Dünyası ədəbiyyatı kitabının redaksiya şurasının üzvü, Türkiyədə çap olunmuş "Bilgi", "Yol", "Milli folklor", "Türkologiya" (Qazaxıstan) dərgilərinin redaksiya heyətinin üzvü olub.[2]

Ailəli, iki oğlu var idi. 16 dekabr 2023-cü ildə vəfat edib.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kamil Vəli Nərimanoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, daha sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmiş, Partiya Ali Məclisinin Rəyasət Heyətində təmsil olunmuşdur.

1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdir.

1995-ci il parlament seçkilərində Kamil Vəli Nərimanoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 13-cü sırada olmuşdur.[5] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[6] Beləliklə, Kamil Vəli Nərimanoğlu deputat seçilə bilməmişdir.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kamil Vəli Nərimanoğlu ədəbi fəaliyyətə tələbəlik illərindən başlamış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. 2002-ci ildə "Ey Füzuli" esse-romanı "Azərbaycan" jurnalının 6–7 nömrələrində çıxmışdır. Məhəmməd Füzulinin "Türk divanının dibaçəsi"ni, Əlişir Nəvainin "İki dilin mübahisəsi" Yusif Balasaqunlunun "Qutatqu bilik" əsərini ön sözlə kütləvi tirajla nəşr etdirmişdir. İndiyədək 40 elmi monoqrafik əsərin, 500-dən çox məqalənin müəllifidir.[2]

1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "Şərəf və Ləyaqət nişanı" ilə təltif edilmişdir. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd UniversitetiTürk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdır. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdir.

2006-cı ilin dekabrında Türk Dil Qurumunun, Konya Səlcuq Universitetinin, Karaman Bələdiyyəsinin, Hüseyn Qazi Vakfının və Başbakanlıq yanında Avraziya Mərkəzinin ödüllərini almışdır.[2]

  • "Azərbaycan türklərinin azadlıq elçisi Əbülfəz Əli Elçibəy". İstanbul, 1992.
  • "Elimizdən, obamızdan" (1980)
  • "Azərbaycan dilinin poetik sintaksisi" (1981)
  • "Azərbaycan dil tarixi" (1983)
  • "Dastan poetikası" (1984)
  • "Sözün sehri" (1986)
  • "Elin yaddaşı, dilin yaddaşı" (1987)
  • "Linqvistik poetikaya giriş" (1989)
  • "Dastan poetikası" (1990)
  • "Bizim sözlər, gözəl sözlər" (1991)
  • "Türk dilinin bəstəçisi, rəssamı və memarı" (1993)
  • "Azərbaycan dövlət dili siyasəti" (2006)
  • "Mənim Füzulim" (2006)
  1. "594 - K. N. Vəliyevin Azərbaycan Respublikası baş nazirinin müavini təyin edilməsi haqqında". e-qanun.az. 21 mart 2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
  3. İctimai TV. "Baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu vəfat edib" (az.). Youtube.com. 16.12.2023. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-16.
  4. "Kamil Vəli Nərimanoğlu vəfat etdi". 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-16.
  5. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  6. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.