Kappa (roman)

Suda yaşayanlar ölkəsində[1] və ya orijinal adı ilə Kappa (河童?)Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella.

Suda yaşayanlar ölkəsində
Kappa (河童?)
Müəllif Rünoske Akutaqava
Janrlar antiutopiya, satira
Orijinalın dili yaponca
Orijinalın nəşr ili 1927
Tərcüməçi Nərgiz Cabbarlı
Səhifə 59 (azərb.)
Rünoske Akutaqava tərəfindən çəkilmiş kappa təsviri (1920).

Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür.[2]

Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır.[3]

Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır. Məsələn, işsiz qalan kappalar öldürülür və ətləri digər kappalara servis edilir. Maqqu adlı filosofla dostluq edir və onun "Axmağın sözü" adlı fəlsəfi kitabını oxuyur. Daha sonra intihar edəcək Tokku adlı şair kappa ilə də tanış olur. Nəhayət öz dünyasına qayıtmağın bir yolunu tapsa da, insan dünyasına öyrəşə bilmədiyini və kappalar dünyasına qayıtmaq istədiyini bildirir.

Novella ilk dəfə nəşr olunanda bir çox yapon tənqidçi bunu sadə satira hesab etmişdilər.[4] Daha sonra Yaponiyadakı tənqidçilər iki yerə bölünmüşdür. Bir qismi bu novellanı Tayşo Yaponiyasının satirası, bir qismi isə Akutaqavanın şəxsi iztirablarının əksi hesab etmişdi.[2] 1947-ci ildə ingilis dilinə edilən ilk tərcümədən sonra "Time" jurnalı novellanın amerikalı oxucular tərəfindən bəyənildiyini qeyd etmişdir.[5] Akutaqavanın məktublarını araşdıran Yoşida Seyiçi novellanın satira olmadığını, yazıçının öz dünyagörüşünü əks etdirdiyini demişdir.[4][6] Suzan Napye novellanı "Yaponiyanın ilk antiutopik romanı" adlandırmışdı.[2] 1970-ci illərdə yazan Tsuruta Kinya bu işin ictimai mövzularla şəxsi fantaziyaların qarışığı olduğunu deyərək müxtəlif cür yozula biləcəyini iddia etmişdir.[4]

Conatan Sviftin "Qulliverin səyahəti" romanı, eləcə də, Samuel Batlerin "Erevon" əsərinin yazıçı üzərində təsiri olmuşdur.[2] Nikolay Qoqolun "Dəlinin gündəliyi" və Lu Sinin eyni adlı əsəri də təsiredici faktorlar kimi göstərilir, çünki ikisində də hadisələri ağlını itirmiş bir şəxs nəql edir. Enzo Matsunaqanın "Yuxuyeyənlər" əsərində də hadisələr psixiatrik xəstəxanada baş verir.[7]

İntihar edən şair kappa Tokku bəzən Akutaqavanın avtoportreti hesab olunur;[3][8] novellanın nəşr olunduğu ildə Akutaqava da intihar etmişdi. Yazıçının ölüm ildönümü bəzən bu əsərinin şərəfinə Kappaki (河童忌?) adlandırılır.[9]

Əsər Azərbaycan dilinə Nərgiz Cabbarlı tərəfindən "Suda yaşayanlar ölkəsində" adı ilə tərcümə edilmiş və Rünoske Akutaqavanın seçilmiş əsərləri ilə birlikdə buraxılmışdır.[1]

İngilis dilinə tərcüməsi ilk dəfə 1947-ci ildə Şiociri Seyci tərəfindən edilmiş və "Kimonolu Qulliver" altbaşlığı ilə buraxılmışdır. 1967-ci ildə Kocima Takeşi, 1970-ci ildə Ceffri Bounas novellanı ingilis dilinə tərcümə etmişdir.[4]

  1. 1 2 Nərgiz Cabbarlı. Rünoske Akutaqavanın seçilmiş əsərləri (azərbaycan). Şərq-Qərb. 2011. səh. 444. (#accessdate_missing_url)
  2. 1 2 3 4 Napier, Susan. The Fantastic in Modern Japanese Literature: The Subversion of Modernity, London: Routledge, 1996.
  3. 1 2 Yamanouchi, Hisaaki. The Search for Authenticity in Modern Japanese Literature, Cambridge: Cambridge University Press, 1978.
  4. 1 2 3 4 Tsuruta, Kinya. "Kappa" (review article). Monumenta Nipponica, 27(1), pp.112–114.
  5. "JAPAN: Gulliver in a Kimono" Arxivləşdirilib 2020-02-27 at the Wayback Machine. Time, 25 August, 1947.
  6. Yoshida, Seiichi. Akutagawa Ryunosukei, Tokyo: Sanseidou, 1942 (in Japanese).
  7. Suzuki, Akihito. "Voices of Madness in Japan: Narrative Devices at the Psychiatric Bedside and in Modern Literature" in The Routledge History of Madness and Mental Health, London: Routledge, 2017.
  8. Peace, David. "Last words" Arxivləşdirilib 2018-08-26 at the Wayback Machine, The Guardian, 27 September 2007.
  9. 孫2人が語る芥川龍之介 命日の24日、ゆかりの地・田端で河童忌 Arxivləşdirilib 2020-02-27 at the Wayback Machine. Tokyo Shimbun. (in Japanese) 26 July, 2019