Kiş-Doxun nekropolu

Kiş-Doxun nekropolu — Şəkinin Kiş və Oxud kəndlərinin arasında, Kiş çayının sağ sahilində yerləşən antik dövr qəbirstanlığı. Abidə Kiş çayının vaxtaşırı aşması nəticəsində dağıntılara məruz qalmışdır. Hazırda nekropolun sahəsi təxminən 0,5 ha ərazini əhatə edir.[1]

Kiş-Doxun nekropolu
Kiş-Doxun nekropolunda 2020-ci ildə aparılmış arxeoloji tədqiqatlar
Kiş-Doxun nekropolunda 2020-ci ildə aparılmış arxeoloji tədqiqatlar
Ölkə Azərbaycan
Rayon Şəki
Yerləşir Şəki rayonu, Kiş kəndi
Aidiyyatı antik və ilk orta əsrlər qəbirstanlığı
Əsas tarixlər b.e. I-III əsrləri

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Kiş-Doxun nekropolu Şəkidə, Kiş çayının sağ sahilində, Kiş kəndinin Doxun adlanan məhəlləsini Oxud kəndi ilə sərhədləndirən iki yamacda yerləşir. Abidə şərq və qərbdən Kiş çayının uçurub yaratdığı 5–10 m hündürlükdə uçurumla, şimaldan Kiş-Oxud dağ yolu ilə, cənubdan Kiş çayı və böyük yamacla sərhədlənir. Nekropol iki yamacda yerləşir və əsas hissəsi uçmuşdur.[2]

Arxeoloji qazıntılar

[redaktə | mənbəni redaktə et]

Kiş-Doxun abidəsi ilk dəfə olaraq 1982-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydiyyata alınmışdır.[3][4] 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi V. Məmmədovun rəhbərlik etdiyi Şəki dəstəsi nekropolda çöl-tədqiqat işlərini həyata keçirib.[2] Keçən əsrin 90-cı illərində də Nəsib Muxtarov tərəfindən abidədə bir neçə dəfə xilasetmə işləri görülüb. Nəticədə antik və ilk orta əsrlər dövrünə aid maraqlı dəfn adətləri, o cümlədən "Döyüşçü qəbirləri" müəyyən olunub. 2020-ci ildə t.ü.f.d Zaur Həsənov və Qazaxıstanın görkəmli arxeoloq alimi Zaynolla Samaşevin rəhbərliyi ilə abidədə beynəlxalq çərçivədə əsaslı arxeoloji qazıntı işləri davam etdirilib. Burada kollektiv qəbirlər və onların ayin yerləri öyrənilmişdir.[1]

Dəfnlərin səciyyəvi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aparılmış arxeoloji qazıntılar Kiş-Doxun abidəsində maraqlı qəbir konstruksiyalarını — kollektiv dəfnlərin müxtəlif formalarını öyrənməyə imkan vermişdir. Burada küpdə və torpaq qəbirlərdə dəfn icra olunurdu. Buradakı bütün qəbirlərdə 2-dən çox şəxslər dəfn olunub. Qəbirlərin birindən 18 ədəd insan kəlləsi və ona aid digər antropoloji qalıqlar qeydə alınıb. Küp qəbirlərin heç birində anatomik vəziyyət qorunmayıb. Torpaq qəbirlərin isə yalnız bir qismində anatomik pozisiyon saxlanılmışdır. Skeletlər sıx və qismən bükülü, sağ və sol böyrü üstdə aşkar olunub. Qəbirlər əsasən düzbucaqlı formadadır.[5] Nekropolda fərqli struktura malik qəbirlər də qeydə alınıb. 2020-ci ilə aparılan arxeoloji tədqiqatlar zamanı daş düzümlü kiçik təpə formalı strukturla əhatələnən küp qəbir müəyyən olunub. Küpün içərisində və ətrafında ümumilikdə 5 insana məxsus qaqlıqlar qeydə alınıb. Burada həmçinin, beli üzərində uzadılmış bütöv skelet də var. Bir sıra xüsusiyyətlərinə görə bu, Şimali Qafqazın Alban-Sarmat dövrünə aid olan Sarmat dəfnləri ilə uzlaşır. Küpün içərisindən və həmçinin ətrafından silah nümunələri ― nizə başlıqları və Sarmat tipli xəncər üzə çıxıb. Ondan əlavə, bu qəbirdən canavar dişindən və maral buynuzundan amuletlər, tunc boyunbağı, sümükdən və tuncdan düzəldilmiş müxtəlif düymələr və bir sıra maddi-mədəniyyət nümunələri əldə olunub.[4] Tədqiq olunan qəbirlər əldə edilmiş qəbir avadanlıqlarına görə b.e. I–III əsrlərinə aid oluna bilər.[6]

  1. 1 2 Həsənov, Zaur; Samaşev, Zaynolla; Karıyev, Eldos. "Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası"nın "Kiş" Tarix-Memarlıq Qoruğunda çöl-tədqiqat işlərinin 18 sentyabr-22 noyabr, 2022-ci il ərzində aparılması haqqında hesabat (az.). Bakı. 2020. 3.
  2. 1 2 Muxtarov, Nəsib. Şəki abidələrinin mühafizə zonalarının ilkin layihələrinin yaradılması üçün görülən işin hesabatı (az.). Şəki-Bakı. 1992. 14.
  3. "Şəkidə Qafqaz Albaniyasının qədim dəfn adətləri aşkar edilib". Mədəniyyət. 18-12-2020. 1.
  4. 1 2 "Şəkidə alban döyüşçülərin qəbirləri aşkarlanıb". Sputnik. 16.12.20 22:09. 1. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  5. Muxtarov, Nəsib. Kiş Doxun nekropolunda kollektiv dəfnin bəzi xüsusiyyətləri haqqında (az.). Şəki. 2006.
  6. "Şəkidə qədim Albaniyaya aid yeni dəfn adətləri aşkarlandı". Ümid TV Azərbaycan. 16.12.2020 10:38:08. 1.[ölü keçid]
  • N.Muxtarov. Şəki abidələrinin mühafizə zonalarının ilkin layihələrinin yaradılması üçün görülən işin hesabatı. Şəki-Bakı.1992.
  • Z.Həsənov; Z.Samaşev, E.Karıyev və b. "Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası"nın "Kiş" Tarix-Memarlıq Qoruğunda çöl-tədqiqat işlərinin 18 sentyabr-22 noyabr, 2022-ci il ərzində aparılması haqqında hesabat. Bakı. 2020.
  • N.Muxtarov. Kiş Doxun nekropolunda kollektiv dəfnin bəzi xüsusiyyətləri haqqında. Şəki.2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]