Kola fətvası — müfti Həsənəyn Məxluf tərəfindən "Coca-Cola" və "Pepsi"nin islam qanunlarına görə icazəli olması ilə əlaqədar verilmiş fətva. Fətva 11 sentyabr 1951-ci ildə Misirin "əl-Əhram" qəzetində dərc olunmuşdur.[1] Keysin əsas səbəbi "Coca-Cola" loqosunun güzgüdə əks olunan formasının ərəbcə "Məhəmməd yoxdur, Məkkə yoxdur" ifadələrini əks etdirməsi ilə əlaqədar şayiələr və konspirasiya nəzəriyyələri idi.[2]
"Pepsi" və "Coca-Cola"nın islam qanunları ilə qadağan edilib-edilməməsi ilə bağlı dəqiq cavab almaq üçün Misir Fətva İdarəsi Xalq Səhiyyə Nazirliyindən iki qazlı içkinin tərkibini dəqiqləşdirməyi xahiş etmişdir. 25 avqust 1951-ci ildə Xalq Səhiyyə Nazirliyi nə "Pepsi-Cola", nə də "Coca-Cola"nın tərkibində narkotik, spirt və ya pepsin olmadığını müəyyən etmişdir.[3] Narkotik və spirtli içkilərin istifadəsi islam qanunlarına görə haramdır. Pepsin donuz mədəsinin membranından yaradılır və müsəlman şəriət qanunlarına görə donuzdan gələn hər hansı bir məhsula icazə verilmir.[4] Səhiyyə Nazirliyi içkilərin tərkibində zərərli mikrobların da olmadığını izah etmişdir. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, Fətva İdarəsi içkiləri islam şəriətinə görə icazəli elan etmişdir.[3]