Kolanı nekropolu — Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında Naxçıvnçayın sol sahilində, dağ silsiləsinin çaya enən yamacında yerləşən abidə.[1]
O, hər tərəfdən dərin dərə ilə əhatə olunmuş, yalnız şərqdə ensiz zolaq vasitəsilə dağ silsiləsi ilə əlaqələnir. Kolanı nekropolu 1986-cı ildə V. B. Baxşəliyev tərəfindən qeydə alınmışdır. Nekropolun yerləşdiyi ərazi alçaq kollarla örtülmüşdür. Qəbirlərin bir qrupu aşınma nəticəsində üzə çıxmış və dağııntıya məruz qalmışdır. Nekropol 1986–1988-ci illərdə aparılan tədqiqat işləri nəticəsində V. B. Baxşəliyev və V. H. Əliyev tərəfindən öyrənilmişdir. Nekropolda 16 qəbir abidəsi tədqiq edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub iri sal daşlardan qurulmuşdur. Bəzi qəbirlərin qurulmasında həm iri sal daşlardan, həm də hörgüdən istifadə edilmişdir. Qəbirlər əsasən düzbucaqlı və oval formalıdır. Onların biri iki kameralı olub yan daşlarında sxematik təsvirlər, o cümlədən atlı təsviri aşkar olunmuşdur.
Qəbirlərin torpaq örtüyündən və içərisindən xeyli gil məmulatı, tunc silah və bəzək əşyaları, obsidian ox ucluqları, əqiq və balıqqulağından hazırlanmış muncuqlar da tapılmışdır. Aşkar olunmuş materiallar Şahbuz tarix-diyarşünaslıq və Naxçıvan MR Dövlət Tarix muzeyində saxlanılır. Gil məmulatı əsasən çəhrayı və boz rəngdə bişirilmişdir.
Çəhrayı rəngli gil məmulatı əsasən küpə tipli qabların sınıqlarından ibarətdir. Onların gilinə narın qum qatılmış əsasən yaxşı bişirilmişdir. Qabların bəzisinin üzəri hislənmiş, bəzisi isə çərtmə ornamentlə naxışlanmışdır.
Gil məmulatının əksəriyyəti boz rəngdə bişirilmişdir. Onlar küpə, kasa, qədəh, nimçə tipli qabların qırıqlarından ibarətdir. Qabların içərisində çaynik tipli və silindrik lüləkli küpələrə də təsadüf olunur.
Gil məmulatının tərkibinə narın qum qatılmış, bəzən yaxşı, bəzən isə qeyri-bərabər bişirilmişdir. Bəzi qabların üzərinə qara boya çəkilərək cilalanmışdır. Qablar əsasən üfüqi cızma xətlər və çərtmələrlə naxışlanmışdır.
Qəbirlərdən tuncdan hazırlanmış xeyli bəzək əşyası, o cümlədən boyunbağı, üzük, sırğa, bilərzik çıqqa, muncuq, düymə, quş fiqurları və s. aşkar olunmuşdur. Bəzək əşyaları içərisində əqiq və pasta muncuqlar habelə asmalar keçirilmiş tunc boyunbağılar və balıqqulağı keçirilmiş sırğalar və orijinallığı ilə seçilir.
Nekropolda aşkar olunan xəncərlər 7 ədəd olub əsasən yastıtiyəlidir. Onların bəzisinin şəbəkəli qurşağı və konusvari başlığı vardır. Xəncərlərin biri yerli və Ön Asiya tipli silahların xüsusiyyətlərini özündə birləşdirir. Onların bəzisi Xocalı-Gədəbəy, bəzisi isə Naxçıvan mədəniyyəti üçün xarakterikdir.
Ox ucluqları obsidiandan hazırlanmışdır. Onlar badamşəkilli olub arxa hissəsində yarımdairəvi oyuq açılmış, hər iki üzdən yaxşı retuşlanmışdır.
Aşkar olunmuş arxeoloji materiallar Naxçıvan ərazisi üçün xarakterik olub Xocalı-Gədəbəy mədəniyyəti abidələrində və Cənubi Azərbaycanda özünə geniş analogiya tapır. Arxeoloji materialların analizi Kolanı nekropolunu e.ə. I minilliyin əvvəllərinə aid etməyə imkan verir.[1]