Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Konsul əlaqələri haqqında Vyana Konvensiyası (ing. Vienna Convention on Consular Relations) — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası | |
---|---|
Hazırlanma tarixi | 22 aprel 1963 |
İmzalanma tarixi | 24 aprel 1963 |
İmzalanma yeri | Vyana |
Qüvvəyə minməsi | 19 mart 1967 |
İmzalayanlar | 60 |
Tərəflər | 191 (may 2016) |
Vikianbarda əlaqəli mediafayllar |
Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir.
Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol).
Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir. I fəsil konsul əlaqələrinin ümumi müddəalarına həsr olunmuşdur. O, iki bölmədən ibarətdir: birinci bölmədə konsul əlaqələrinin qurulması və həyata keçirilməsindən, ikinci bölmədə isə konsul funksiyalarının kəsilməsindən söz açılır. 2-ci maddədə müəyyən olunmuş normaya əsasən diplomatik münasibətlərin qurulmasına verilən razılıq, əgər başqa cür şərtlənməyibsə, həm də konsul əlaqələrinin qurulmasına razılıq deməkdir. Həmin maddənin 3-cü bəndində deyilir ki, diplomatik münasibətlərin kəsilməsi avtomatik olaraq konsul münasibətlərinin kəsilməsinə gətirib çıxarmır.
Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər.
Konsul funksiyaları, immunitet və imtiyazları baxımından Konvensiyanın 17-ci maddəsi, xüsusilə diqqəti cəlb edir. Bu maddəyə uyğun olaraq, yerləşmə dövlətində akkreditiv dövlətin diplomatik nümayəndəliyi mövcud deyilsə, konsulluğun vəzifəli şəxsi, əgər o buna münasib qaydada səlahiyyətləndirilmişsə, diplomatik aktları da həyata keçirə bilər. Bu və ya digər səbəblərə görə diplomatik nümayəndəliklərdən daha çox konsulluqlara malik olan dövlətlər üçün bu maddə xüsusi əhəmiyyət daşıyır. Lakin bu cür aktları həyata keçirən zaman konsulluğun vəzifəli şəxsinə diplomatik immunitetlər verilmir.
II fəsil konsul müəssisələrinin, ştatlı konsul vəzifəli şəxslərinin və konsul müəssisələrinin digər işçilərinin immunitet və imtiyaz məsələlərinə həsr olunmuşdur.
Konvensiyanın ən çox mübahisə yaradan maddələrindən biri də konsul binalarının toxunulmazlığını müəyyən edən 31-ci maddə olmuşdur. 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından fərqli olaraq, 1963-cü il Konvensiyası konsul binalarının mütləq toxunulmazlığını müəyyən etməmişdir. Bu maddəyə “yanğın qeyd-şərtinin” daxil edilməsi, konsulluq binasının toxunulmazlığı prinsipinin effektliliyini nəzərə çarpacaq dərəcədə azaltmışdır.
1963-cü il Konvensiyasının III fəslində fəxri konsul və konsulmüəssisələrinin hüquqi rejimi müəyyən olunur. Konvensiya açıq ifadə olunmuş şəkildə fəxri konsul institutunun fakultativ xarakterini müəyyən edir: “Hər bir dövlət, fəxri konsul və vəzifəli şəxslərinin təyin edilməsi məsələsini azad həll edir ”.
IV fəsil “Ümumi müddəalar” adlanır. Burada konsul agentliyi institutunun fakultativ xarakterindən (maddə 69), konvensiyanın digər beynəlxalq razılaşmalara münasibətindən (maddə 73 ) və s. söz açılır. 73-cü maddədə deyilir ki, “konvensiyanın müddəaları onda iştirak edən dövlətlər arasında qüvvədə olan digər beynəlxalq razılaşmalara təsir göstərmir”. Bu maddə mühüm əhəmiyyət daşıyır, belə ki, o, çoxtərəfli Vyana Konvensiyası ilə ikitərəfli konsul konvensiyaları və müqavilələri arasında qarşılıqlı nisbəti müəyyən edir.
Konvensiyanın V fəsli “Yekun müddəalar”ı əhatə edir.