Kontaminasiya (lat. contaminatio qarışdırma) — iki ifadənin və ya formanın müəyyən mənada bir-birinə oxşayan elementlərini birləşdirərək yeni ifadə və ya formanın (bəzən xalq etimologiyasının təsiri altında) yaranması (Mürəkkəb sözlər).
Bir ədəbi əsərdə təsvir olunan hadisə və süjetlərin başqa əsərə daxil edilməsi; təhkiyə zamanı bir neçə hadisənin bir-birinə qarışdırılması; mövcud olan hər hansı bədii mənbəyə istinadən yazılan yeni əsər. Məsələn, Anarın "Dədə Qorqud" kino-dastanı "Kitabi-Dədə Qorqud" boylarının kontaminasiyası əsasında yazılmışdır.[1] Kontaminasiya – mətn içində mətn deməkdir. Nəqli esselərdə mətnə hekayənin daxil edilməsi də kontaminasiyadır. Kontaminasiya yalnız hekayə içində hekayə, mühakimə içində hekayə deyil, istənilən formada, janrda yazı mətninə başqa bir bitkin mətnin daxil edilməsidir. Kontaminasiya həm müəllifin özünün digər bir mətninin daxil edilməsi, həm də başqasının əsərindən istifadə yolu ilə yaradıla bilər.[2] Bədii ədəbiyyatda, xüsusən xalq yaradıcılığında bir növ, "calaq etmə" mənasında işlənən kontaminasiya termini var. Yəni zaman keçdikcə, əsrlər ötdükcə xalq öz yaratdıqlarına bir də qayıdıb nəzər yetirir, onu köhnəlikdən təmizləyir, dövrə müvafiq əlavələrlə təzələyir.[3]
Mirəhmədov, Ə. Ədəbiyyatşünaslıq terminləri lüğəti / Ə.Mirəhmədov. − Bakı: Maarif nəşriyyatı, − 1978. − 200 s.