Koreyada nəqliyyat

Koreyada nəqliyyat -

Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir.

Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır. Seulda 3 ekspress avtobus terminalı mövcuddur. Bunlar Seul ekspress terminalı, Donq Seul avtobus terminalı və Sanqbonq avtobus terminalıdır. Hər yerdə olduğu kimi burada da əvvəlcədən bilet sifarişi ilə fəaliyyət göstərirlər. Seulda 4 növdə avtobus fəaliyyət göstərir.

Magistral avtobus (mavi avtobuslar) – bu avtobuslar əsas avtobuslar sayılırvə şəhərətrafı bölgələri Seul ilə birləşdirir. Mavi rəng Seulun silüeti və Hanqanq çayı ilə təhlükəsizlik və azadlığı təmsil edir.

Şöbə avtobusu (yaşıl avtobuslar) – Seul şəhərindəki əsas metro stansiyaları və ya avtobus terminalını birləşdirmək üçün xüsusi avtobus şirkətləri tərəfindən çevik şəkildə idarə olunur. Bu avtobuslar yaşayış yerlərini, metro xətlərini və avtobus terminallarını birləşdirir. Yaşıl rəng şəhərin ətrafını əhatə edən dağların rəngini təsil edir.

Sürətli avtobus (qırmızı avtobuslar) – sürətli avtobuslar, xüsusilə Seul şəhər mərkəzi ilə digər şəhərlər arasında gedib-gələn sərnişinlər üçün nəzərdə tutulmuş ekspress avtobuslardır. Qırmızı avtobus və ya elspress avtobus, daha az dayanacaqda dayandığı üçün, böyük məsafələri daha qısa müddətdə getməyi təmin edir. Qırmızı rəng sürət enerjisini təmsil edir.

Sirkulyasiya avtobusu (sarı avtobuslar) — əsas turizm, ticarət və biznes sahələrini birləşdirən Mərkəzi Biznes bölgəsində (Downtown sahəsi) fəaliyyət göstərir. Bu avtobuslar Seulun mərkəzinə, mavi avtobusların dayanacaqlarına və əsas dəmiryolu stansiyalarına həmçinin biznes, turizm və ticarət sahələrinin dayanacaqlarına və ya yaxınlığına gedir. Sarı rəng dinamik və səmimi bir görünüşü təmsil etdiyi üçün seçilib.

Ən inkişaf etmiş sistemlərdən biri metro sistemidir. Mərkəz və əlaqəli şəhər Seul daxil olmaqla digər şəhərlərə də metro ilə getmək mümkündür. Metro sistemində mərkəzdə 9 metro xətti və digər şəhərlərdə ayrı-ayrılıqda 4 və 3 metro xətti mövcuddur. Ölkədə yaşayan hər bir şəxsdə nəqliyyat kartı vardır. Hətta bu nəqliyyat kartlarını şəhər kartı olaraq da düşünə bilərsiniz. Çünki bu kartı, əgər içində kifayət qədər pul varsa, marketlərdəki xırda bazarlıqlar zamanı, qatar səyahəti zamanı və ya muzey girişlərində istifadə etmək də mümkündür. Bu kartlar yalnız metroda deyil, avtobuslarda da istifadə olunur. Metro, səhər saat 05:30-dan gecə yarısına qədər fəaliyyət göstərir. Metro rəsmi olaraq, 15 avqust 1974-cü ildə istifadəyə verilmişdir. Xəttin uzunluğu 331,5 km-dir. Şəhərin sərhədləri içərisindəki bütün xətlər nəzərə alındıqda, xəttin uzunluğu 1097 km-ə çatır.

Seul Metrosu

Seul Metrosu – Cənubi Koreyanın inkişaf etmiş bir iqtisadiyyata malik olduğu aydındır. Bu xüsusiyyətindən tam istifadə edərək, koreyalılar şəhərə səfər edən Seul sakinləri üçün müxtəlif imkanlar təqdim edirlər. Şübhəsiz ki, bunların ilki Seul Metrosudur. Yalnız Cənubi Koreyada deyil, Uzaq Şərqdə də aparıcı metro sistemlərindən biri sayılan Seul Metrosu, hər il milyardlarla sərnişinə xidmət göstərir. Bu mənada, Avropa və Amerikadakı şəhərlərin metroları ilə müqayisə olunan Seul Metrosu demək olar ki, hamısını geridə qoydu. Seul Metrosu, Seul şəhər mərkəzini və ətraf rayonları birləşdirən yüksək texnologiyalı nəqliyyat vasitəsidir. Bu sistemin sahibi Cənubi Koreya dövlətidir. Dövlət bu quruluşu hələ də özəlləşdirməyib. 20 ayrı marşrutu olan Seul Metrosu, şəhərin demək olar ki, bütün vacib yaşayış məntəqələri ilə əlaqəli gediş-gəlişləri təşkil edir. Bu səbəbdən Seulda yaşayanlar şəxsi avtomobilləri ilə yola çıxmaq məcburiyyətindən azad olurlar. İldə təxminən 3 milyard sərnişinə xidmət edən Seul Metrosu dünyanın ən işlək 10 metrosu arasında yer alır.

Ölkədə 3 fərqli növ taksi xidmət göstərir. Taksiləri ayırmaq üçün müxtəlif rənglərdən istifadə olunur. Sarı taksilər ümumi taksilər olaraq bilinir. Ölkədə xüsusi olaraq bilinən taksilər qara taksilərdir. Qara taksilər sarı taksilərə nəzərən daha bahalıdır. Bu taksiləri xüsusi edən taksi sürücülərinin bir neçə xarici dil bilməsi, ya da ən azından ingilis dilini yaxşı bilməlidirlər. Taksilərin rahatlığı da şübhəsiz ki, ayrı bir üstünlükdür. Üçüncü və sonuncu taksilər isə bir qədər daha böyük və daşınmalı əşyalar üçün istifadə edilən taksilərdir. Lakin, bu taksiləri yolda görmək mümkün deyil, zəng edərək sifariş vermək lazımdır.

Qatarlar, təyyarələri saymasaq, Koreyadakı ən sürətli nəqliyyat vasitəsidir. Ümumiyyətlə dəmiryolu stansiyaları olan yerlərdə avtobus və ya metro ilə digər yerlərə getmək imkanı mövcuddur. Koreyada şəhərlərarası səyahətlərdə istifadə olunan iki ayrı qatar sistemi mövcuddur. Onlardan biri ənənəvi Arirang A qatarları, digəri isə daha müasir bir sistem olan KTX yüksək sürətli qatarlarıdır. KTX, ölkənin ən məşhur dəmiryolu şirkətidir. Qatarlardakı səfərlər mümkün dərəcədə rahatdır. Hətta bəzi qatarlarda sərnişinlər üçün karaoke otaqları belə var. KTX Cənubi Koreyada Korail şirkəti tərəfindən idarə olunan yüksək sürətli dəmiryolu xidmətidir. Seul və Pusan arasında ilk tikintisi 1992-ci ildə başlanılmış və birinci hissəsi 2004-cü ildə başa çatmışdır. Qalan hissəsi isə 2010-cu ildə tamamlanışdır.

Koreyadakı ən sürətli və bir qədər bahalı olan nəqliyyat vasitəsi təyyarələrdir. Ölkədə mərkəzdən başqa digər şəhərlər də daxil olmaqla 15 aeroport fəaliyyət göstərir. Başqa ölkələrdən, xüsusən də Avropadan gələn təyyarələrin eniş etdiyi və ən böyük hava limanı olan İnçon Aeroportu Seuldan 1,5 saat uzaqlığında olan İnçon şəhərində yerləşir.