Kottej əməliyyatı — ABŞ ordusunun İkinci Dünya müharibəsi zamanı Sakit Okean Kampaniyası dövründə Kiska adasını yapon qüvvələrindən azad etmək əməliyyatı. Əməliyyat 1943-cü il avqustun 15-dən 24-dək baş verir. Bütün yapon qoşunlarının əməliyyat başlamazdan əvvəl adanı tərk etməsinə baxmayaraq, manevrlər və eniş zamanı Amerika qoşunları dost atəşindən onlarla əsgər itirmiş və yaralanmışdır. Əlavə olaraq “Abner Reed” esminesi Yapon minasına toxunaraq zədələnir və partlayış zamanı 71 nəfər həlak olur.
Kottej əməliyyatı | |||
---|---|---|---|
Tarix | 15-24 avqust 1943 | ||
Yeri | Kiska adası | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Kiska adası 1942-ci ilin yayında yapon dəniz piyadalarının adaya enərək ABŞ Hərbi Dəniz Qüvvələrinin meteostansiyasını məhv etməsindən sonra Yaponiyanın işğalı altına düşür. Sonradan adada Amerika kəşfiyyatına görə təxminən 10 min nəfər olan əhəmiyyətli bir qarnizon yerləşdirilir. İşğal zamanı yaponlar adada və onun ətrafında 2,5 min insan itirir[1].
Kiskanın tutulması Aleut kampaniyasına son qoymalı idi və Amerika komandanlığı Attu uğrunda qanlı döyüşü xatırlayaraq əhəmiyyətli qüvvələr endirməyi planlaşdırırdı. Adak adasının ərazisində 100-dən çox gəmi cəmlənmişdi[2], desant qüvvələri 30 min amerikalı piyada və 5,5 min kanadalıdan ibarət idi. Bundan əlavə, iyul ayının sonundan etibarən Kiska hava hücumlarına və dənizdən atəşə məruz qalırdı. Ümumilikdə iyul ayı ərzində 11-ci Hərbi Hava Qüvvələri adaya 424 ton bomba, dəniz artilleriyası isə 330 ton mərmi atmışdır.
Avqustun 13-də Adak üzərinə təlim enişi həyata keçirilir. Əməliyyat avqustun 15-nə planlaşdırılır.
Avqustun 15-də səhər tezdən Amerika qoşunlarının birinci qrupu adanın qərb sahilinə, avqustun 16-da isə kanadalılar bir az şimala eniş edir. Enişə heç kim mane olmur, lakin Attu uğrunda döyüşün veteranlarını bu təəccübləndirmir. Amerikalılar yalnız ada daxilində irəlilədikdən sonra dominant yüksəkliklərdə yaponların müdafiə mövqeləri ilə qarşılaşacaqlarını gözləyirdilər. Lakin heç bir müqavimət olmur, paraşütçülərin yeganə döyüş itkiləri dost atəşindən sonra olur.
Məlum olur ki, yapon komandanlığı praktiki olaraq təcrid olunmuş adanın müdafiəsinin mümkünsüzlüyünü anlayaraq qarnizonu boşaltmaq qərarına gəlmişdir. 1943-cü ilin iyulun 28-də, Amerikanın adaya desant çıxartmasındanm iki həftə əvvəl, bir saat ərzində 5183 nəfərdən ibarət bütün qarnizon 2 kreyser və 6 esmineslə duman altında Paramuşirə təxliyə edilir.
Avqustun 24-də quru qoşunlarının komandanı general Çarlz Korlet adanın ABŞ-nin nəzarətinə keçdiyini bəyan edir.
Adanın tədqiqi zamanı (bir çox yeraltı tunellər də daxil olmaqla) müttəfiqlər 32 nəfəri (28 amerikalı və 4 kanadalı) ölmüş və əsasən dost atəşi nəticəsində 50-yə yaxın insanı yaralanmışdır. 130 əsgər səngər ayağından əziyyət çəkir[3]. Bundan əlavə, “Abner Reed” esminesi yaponların minasına toxunaraq partlayır və 71 dənizçi həlak olmuş, 47 nəfər yaralanmışdır. Bu əməliyyat ümumilikdə 313 itkiyə səbəb olur[4].