Kriminal fantastika — cinayət və cinayətkarlar haqqında olan ədəbiyyata verilən ümumi addır. Bu janrın birinci nümunəsi kimi, bəziləri Qaston Leroks tərəfindən yazılmış "Sarı otağın sirri" kitabını, digərləri isə Edqar Allan Po tərəfindən yazılmış Morq küçəsində qətl kitabını əsas hesab edirlər. Birinci kriminal fantastika janrında olan roman isə 1862–63-cü illərdə "Çarlz Feliks" təxəllüsü ilə nəşr olunmuş "Nottinq Hill sirri " adlı roman hesab olunur.[1][2] Artur Konan Doyl tərəfindən yazılmış və qəzetlərdə seriyalar halında buraxılmış Şerlok Holms ilə bu janr ictimaiyyət arasında populyarlıq qazanmışdır. Sənaye inqilabının və modernizmin ən təsirli şəkildə baş verdiyi İngiltərə bu doğuşun mənbəyi hesab edilsə də, bu janra Avropa qitəsindən və Amerikadan yeni genişlənmələr gətirilmiş və tamamilə yeni alt janrlar əlavə edilmişdir.[3][4]
Xüsusilə Böyük böhran dövrləri kriminal fantastika ədəbiyyatında Qızıl dövr deyilən dövrlə kəsişir. Bu dövr, kriminal fantastika ədəbiyyatında, xüsusən "Kim etdi?" (Whodunit? və ya Whodonit?) və "Qapalı otaq sirri" üslubu ilə seçilir. Bu janrın ən tanınmış yazıçıları Aqata Kristi və Con Dikson Karr (aka Karter Dikson) olmuşdur. Əvvəlcə oxucuya bir qətl, yəni bir sirr və bu qətli törətmək ehtimalı olan şəxslər, müəllifin oxucunu özü ilə bərabər tutmaq üçün verdiyi ipucları ilə bərabər təqdim olunur. Hadisələr və onların axıcılığı həmişə personajların dərinliyinin qabağında gedir. Bu tip kriminal fantastika janrında yazılmış olan əsərlərdə cinayət ümumiyyətlə fərdi xarakter daşıyır və cinayət detektiv və ya həvəskar bir nəfər tərəfindən açıldıqdan sonra cinayətkar yaxalanaraq cəzalandırılar və bundan sonra bu işin üstünü açan şəxs ictimai həyatına qaldığı yerdən davam edir. Belə əsərlərdə cinayətin dərinliyi və ya onun sosial səbəbləri müzakirə edilmir. Başqa bir xüsusiyyət isə bundan ibarətdir ki, bu tipdə olan kriminal fantastika hekayələrində ümumiyyətlə yuxarı və orta təbəqənin həyatından bəhs edilir.
1950-ci illərdən sonra bu tipdə olan kriminal fantastika üslubu təkcə cinayətkarın hərəkətlərinə deyil, həm də cinayətə və onu üzə çıxaran səbəblərə diqqət yetirən yeni üslublarla əvəz olunmuşdur. Bu sahədə adı qeyd edilməli olan ən əhəmiyyətli yazıçı isə, şübhəsiz ki, belçikalı Jorj Simenondur.
Müasir dövrdə kriminal fantastikanın inanılmaz sayda alt janrları mövcuddur və o, bədii strukturu ilə digər janrlarda yazılmış olan romanlara da təsir göstərir və beləliklə, digər janrlarda yazılmış romanlara da bu romanları oxumağı asanlaşdıran kriminal fantastikanın cəlbedici elementlərini əlavə edir. Buna misal olaraq Umberto Ekonun "Qızılgülün adı" və ya Orxan Pamukun "Mənim adım qırmızı" adlı əsərlərini nümunə göstərmək mümkündür.