Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[1][2][…] – 12 yanvar 1976[1][2][…]) — ingiltərəli yazıçı, dramaturq, detektiv janrının kraliçası. Daha çox birinci ərinin soyadı ilə Aqata Kristi (ing. Agatha Christie) kimi tanınır. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Aqata Kristinin əsərləri bəşər tarixində (Bibliya və Uilyam Şekspirin əsərlərindən sonra ikinci[4]) ən çox nəşr olunan[5], eyni zamanda ən çox tərcümə olunan[6] əsərlərdən birinə çevrildi (7236 tərcümə[7]). O, 60-dan çox detektiv romanı, 6 psixoloji romanı (Mary Westmacott təxəllüsü ilə) və 19 hekayələr toplusunu nəşr etdirib. Onun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Kitabları 4 milyard nüsxədən[8] çox nəşr olunub və 100-dən çox dilə tərcümə olunub. O, həmçinin bir əsərin teatr tamaşalarının maksimum sayına görə rekorda sahibdir. Aqata Kristinin “Siçan tələsi” pyesi ilk dəfə 1952-ci ildə səhnəyə qoyuldu və 2020-ci ilə qədər teatrda nümayiş olundu, sonra koronavirus pandemiyası səbəbindən dayandırıldı, lakin sonradan tamaşalar bərpa olundu.[9]
Aqata Kristi | |
---|---|
ing. Agatha Christie | |
Doğum adı | Agatha Mary Clarissa Miller[3] |
Təxəllüsü | Mary Westmacott |
Doğum tarixi | 15 sentyabr 1890[1][2][…] |
Vəfat tarixi | 12 yanvar 1976[1][2][…] (85 yaşında) |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, romançı, detektiv yazıçısı[d] |
Fəaliyyət illəri | 1920–1976 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | avtobioqrafiya, detektiv |
Tanınmış əsərləri | |
Üzvlüyü |
|
Mükafatları | |
agathachristie.com | |
Aqata Kristi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aqata Mari Klarissa Miller 15 sentyabr 1890-cı ildə dənizkənarı Torki kurort şəhərində, Devonda[10], bacısı Marqaret Freri "Madj" və qardaş Louis Montan "Monti"dən sonra Frederik və Klarissa Millerin ailəsində anadan olmuşdur.
Uşaq ikən Aqata evdə amerikalı atasından yaxşı təhsil alır. Anası Klara əla hekayəçiydi və sevimli kiçik qızına səkkiz yaşına qədər oxumağı öyrətmək istəmirdi. Lakin qızcığaz darıxdığı üçün 5 yaşında təkbaşına oxumağı öyrənərək, ingilis uşaq yazıçısı Edit Nesbitin “Xəzinə axtaranların hekayəsi” və “Dəmir yolu uşaqları” romanını, eləcə də Amerika yazıçısı Luiza Mey Alkottun "Balaca Qadınlar" romanını mənimsədi. O, həm də təsəvvüründə özünə xəyali dostlar tapırdı, öz heyvanları ilə oynayırdı, rəqs dərsləri alırdı və şeir yazmağa başlamışdı.[10] Hələ uşaq ikən o, ailə üzvləri tərəfindən səhnələşdirilən "qorxulu" hekayə yazmışdı. Onun süjeti bacılar arasında miras uğrunda mübarizədən bəhs edirdi: "zadəgan ledi Madj" və "qaniçən ledi Aqata", tamaşa zamanı bacının istəyi ilə rollar dəyişdirildi.[11][12]
Aqata təxminən beş-altı yaşında olanda, ailə pula qənaət etmək üçün Eşfilddəki evlərini icarəyə verdi və bir müddət Fransaya köçdü, burada qız sevimli tərbiyyəçisi Mariyadan qarışıq, idiomatik bir fransız dilini öyrəndi, baxmayaraq ki, bundan əvvəl bacısının və iki mentorunun səylərinə baxmayaraq, heç vaxt bunu edə bilməmişdi.[10]
1901-ci ildə, on bir yaşında Aqata atasını itirir. O, maddi çətinlikləri ilə əlaqədar bir neçə infarkt keçirdikdən sonra ölür. Ərinin ölümündən sonra Klara ümidsizliyə düşür və Aqata anasının ən yaxın dostu və köməkçisi olur. Pul çatışmazlığı ucbatından ailə Eşfilddəki evlərini satmaq barədə düşünməyə başlasa da, tezliklə çarə tapılır.
On beş yaşında Aqata, fortepiano və mahnı dərsləri almağa başladığı və yalnız utancaqlığı və səhnə qorxusu onun peşəkar pianoçu olmasına mane oldu.[10]
On səkkiz yaşında o, qısa hekayələr yazaraq özünü əyləndirdi, bəziləri 1930-cu illərdə ingilis dramaturqu və ailə dostu İden Fillpotts tərəfindən yenidən işlənmiş formada nəşr olundu.[10]
Birinci Dünya Müharibəsi zamanı (1914–1918) Aqata Torkidəki Beynəlxalq Qırmızı Xaç[10] xəstəxanasında könüllü tibbi yardım bölməsində tibb bacısı işləyib; o, bu peşədən həzz aldı və onu “insanların məşğul ola biləcəyi ən faydalı peşələrdən biri” kimi dəyərləndirirdi.[13] O, həmçinin aptekdə əczaçı işləyib, bu sonradan onun yaradıcılığında iz buraxıb: onun əsərlərində 83 cinayət zəhərlənmə yolu ilə törədilib.[14]
Aqata ilk dəfə 1914-cü ildə Milad ərəfəsində, 1912-ci ildə hələ leytenant ikən tanış olduğu Kral Uçuş Korpusunun pilotu polkovnik Arçibald Kristi ilə evlənir.[13] Və evləndikdən qısa müddət sonra, 27 dekabr 1914-cü ildə Arçie Fransaya hərbi xidmətə qayıdır və cütlük müharibə boyu bir-birini demək olar ki görmür. Onların tam ailə həyatı yalnız 1918-ci ilin yanvarında, Arçi Londonda Müharibə Departamentinə göndərildikdə başlayır, burada gənc ailə ev kiralayır. 5 avqust 1919-cu ildə cütlüyün Rozalinda (Aqata Kristinin yeganə qızı) adlı bir qızı dünyaya gəlir.[10] Bu dövr Aqata Kristinin yaradıcılıq karyerasının başlanğıcı olur.
Onun ilk romanı "Stilesdəki sirli hadisə" 1920-ci ildə nəşr olundu. Belə bir fərziyyə var ki, Kristinin detektivə üz tutmasının səbəbi böyük bacısı Madj ilə (o, artıq yazıçı olduğunu sübut etmişdi) onun da dərc olunmağa layiq bir şey yarada biləcəyinə dair mübahisə olur. Yalnız sayca yeddinci nəşriyyat əlyazmanı 2000 nüsxə tirajla çap etdir. Yeni yazıçı 25 funt sterlinq qonorar alır.
1922-ci ildə Aqata Kristi əri ilə birlikdə Böyük Britaniya - Biskay körfəzi - Cənubi Afrika - Avstraliya və Yeni Zelandiya - Havay adaları - Kanada - ABŞ - Böyük Britaniya marşrutu ilə dünya ətrafında dəniz səyahəti etdi.[15]
1926-cı ildə Aqatanın anası Klara vəfat edir. Həmin ilin sonlarında Aqata Kristinin əri Arçibald xəyanət etdiyini etiraf etdi və qolfçu yoldaşı Nensi Nilə aşiq olduğu üçün boşanmaq istədiyini bildirdi. Əri ilə mübahisə etdikdən sonra Aqata, qızı Rozalindi və evi qulluqçularının ixtiyarına verərək və katibəsi Karlaya (Şarlotta Fişer) Yorkşirə[13] getdiyini iddia edən məktub yazaraq 3 dekabr 1926-cı ildə Berkşirdəki evindən[16] yoxa çıxır. Onun yoxa çıxması böyük ictimai səs-küyə səbəb oldu, çünki artıq yazıçının yaradıcılığının pərəstişkarları peyda olmuşdu.[17]
On bir gün ərzində Kristinin harada olması barədə heç nə məlum deyildi. Onun yoxa çıxmasının ertəsi səhər Surreydə Aqatanın avtomobili və içərisində xəz paltosu tərk edilmiş vəziyyətdə tapıldı. Bir neçə gün sonra, dekabrın 14-də yazıçının özü ümummilli axtarışlarının gedişi ilə bağlı qəzet xəbərlərini oxuyarkən tapıldı. Məlum olur ki, Aqata Kristi Nort-Yorkşir ştatının Harroqeyt şəhərindəki lüks spa «Swan Hydropathic Hotel»də (indiki Old Swan Hotel) "Tereza Nil" adı ilə qeydiyyatdan keçib.[13][16][18] Kristi onun yoxa çıxması ilə bağlı heç bir izahat vermədi və iki həkim ona kəllə-beyin travması nəticəsində amneziya diaqnozu qoydular. Aqata Kristinin yoxa çıxmasının səbəblərini britaniyalı psixoloq Endryu Norman özünün “Tamamlanmış portret”[19] kitabında təhlil edir. O, kitabda, xüsusən də, Aqata Kristinin davranışı bunun əksini göstərdiyi üçün travmatik amneziya fərziyyəsinin tənqidə tab gətirmədiyini iddia edirdi: çünki Aqata ərinin sevgilisinin soyadı ilə otelə daxil olmuş, vaxtını pianoda çalmağa, spa müalicələrinə və kitabxanaya baş çəkməyə sərf etmişdi. Lakin Norman bütün sübutları araşdırdıqdan sonra ağır psixi pozğunluğun səbəb olduğu dissosiativ fuqa olduğu qənaətinə gəlir.
Başlanğıcda qarşılıqlı bağlılığa baxmayaraq, Arçibald və Aqata Kristinin evliliyi 1928-ci ildə boşanma ilə başa çatır, bundan dərhal sonra Aqata və qızı Rozalinda İngiltərədən Kanar adalarına qaçır və burada o, "Mavi Qatarın Sirri"[10] romanını əzab-əziyyətlə bitirir. Təfərrüatlı "Avtobioqrafiya" da bu faktlar haqqında heç nə yazılmır: yalnız əri ilə ayrılmaq haqqında ümumi bir ifadə ilə məhdudlaşır. Onun ailə üzvləri və qohumları da bu siyasətə riayət etməyə çalışdılar və onun yoxa çıxmasının “rəsmi versiyası”nı dəstəkləyiblər. Kristinin yoxa çıxma şəraiti Meri Vestmakot təxəllüsü ilə nəşr olunan həm detektiv, həm də melodramatik xarakterli dövriyyədənkənar adlandırılan bir sıra əsərlərində öz əksini tapdığı güman edilir. Bu hadisələrlə bağlı problemlər çoxsaylı kitablarda, məqalələrdə və sənədli filmlərdə öz əksini tapmışdır. Bundan əlavə, yazıçının yoxa çıxmasına ədəbi əsərlər, bədii və televiziya filmləri həsr olunmuşdur.
1930-cu ildə İraqa səyahət edərkən, Ur şəhərində qazıntılar zamanı gələcək əri, qədim Ön Asiya üzrə mütəxəssis olan arxeoloq Maks Mallovan ilə tanış olur.
O, Aqatadan demək olar ki, on dörd yaş kiçik idi.
Bəzi yaxın insanların narazılığına baxmayaraq, onlar 11 sentyabr 1930-cu ildə Edinburqdakı Müqəddəs Katbert kilsəsində evləndilər.[10][13] Mətbuatda Kristinin evliliyi ilə bağlı —"arxeoloq üçün qadının mümkün qədər yaşlı olmalıdır, çünki o zaman onun dəyəri əhəmiyyətli dərəcədə artır" ifadəsi olduğu söylənilir. 1930-cu illərin əvvəllərindən o, vaxtaşırı ildə bir neçə ay Suriya və İraqda əri ilə birlikdə ekspedisiyalarda olurdu; həyatının bu dövrü onun “Necə yaşadığını haqda danış” adlı avtobioqrafik xatirələrində əks olunub. Aqata Kristi ömrünün qalan hissəsini, 1976-cı ildə ölənə qədər Mallovan ilə evlil yaşadı.
Kristinin əri ilə Yaxın Şərqə etdiyi səfərlər sayəsində onun bir sıra mühüm əsərlərinin (“Şərq dövrü” adlanan) hadisələri məhz orada baş vermişdi. Digər romanlar (məsələn, "On zənci balası") Kristinin doğulduğu Torki və ya onun ətrafında baş vermişdir.[20] 1934-cü ildə "Şərq Ekspresində Cinayət" romanı Aqata Kristinin yaşadığı İstanbulda Pera Palace otelində yazılmışdır. Bu otelin 411 nömrəli otağında indi onun xatirə muzeyi yerləşir.[21] Cütlüyün 1938-ci ildə satın aldığı Devondakı «Greenway Estate» mülkü, Milli Fond (ing. «National Trust for Places of Historic Interest or Natural Beauty») tərəfindən qorunur.[22] Kristi tez-tez bacısının əri Mayor Ceyms Uottsa məxsus olan Çeşirdəki «Abney Hall»da qalırdı. Kristinin ən azı iki əsərinin hadisəsi bu mülkdə baş vermişdir: "Milad pudinginin sərgüzəştləri" (1937), hekayə eyni adlı kolleksiyaya və "Cənazədən sonra" romanına (1952) daxil edilmişdir.[23]
“«Abney Hall» Aqata üçün ilham mənbəyi idi; bu və ya digər dərəcədə Abneyi təsvir edən Staylz, Çimniz, Stoungeyts və digər evlərin təsvirləri buradan götürülmüşdür.[24]"
İkinci Dünya Müharibəsi zamanı (1939-1945) Rozalinda sonradan Fransada vəfat edən (ing. Hubert Prichard) ilə evlənir və 21 sentyabr 1943-cü ildə Metyu adlı bir oğlu dünyaya gətirir. Maks Mallovan o zaman Qahirədə hərbi xidmətdə idi və Aqata İngiltərədə qalmışdı, kitablar yazır, Londonda Universitet Kolleci Xəstəxanasının dispanserində könüllü olaraq çalışır, mehriban və qayğıkeş nənə kimi qızına uşağa baxmağa kömək etdi.[10] 1949-1957-ci illərdə o, ərini Şimali İraqda arxeoloji ekspedisiyalarında müşayiət edirdi və onun şöhrəti qazıntılar üçün vəsait cəlb etməyə kömək edirdi.[25] Quru iqlimə uyğunlaşmaq üçün 2500 ildən çox quyularda su altında qalmış tapıntılar yaş dəsmalların üzərinə düzülürdü. O, bir çox artefaktı kosmetik kremə batırılmış süngərlə şəxsən özü silirdi. Bunu Aqata özü ixtira etmişdi.[26]
1956-cı ildə Aqata Kristi "Britaniya imperiyası" ordeninin komandoru təyin edildi, 1971-ci ildə isə ədəbiyyat sahəsindəki nailiyyətlərinə görə eyni ordenin Dama-Komandor vəzifəsinə yüksəldi, ordenin sahibələri həmçinin öz adlarının əvvəlində istifadə edəcəkləri “dama” fəxri adını qazanır. Üç il əvvəl, 1968-ci ildə onun əri Maks Mallovan arxeologiya sahəsindəki nailiyyətlərinə görə cəngavər rütbəsinə layiq görülmüşdü.
1958-ci ildə yazıçı "İngilis Dedektiv Klubu"na (ing. «Detection Club») rəhbərlik edir. 1971-1974-cü illər arasında Kristinin səhhəti pisləşməyə başladı, lakin buna baxmayaraq o, yazmağa davam edir. Toronto Universitetinin mütəxəssisləri bu illərdə Kristinin yazı tərzini araşdıraraq Aqata Kristinin Altsheymer xəstəliyindən əziyyət çəkdiyini irəli sürdülər[27][28]. 1975-ci ildə, Kristi tamamilə zəiflədikdə, o, ən uğurlu pyesi olan "Siçan tələsi"nin bütün hüquqlarını nəvəsi Metyu Priçarda keçirdi.
Yazıçı 1976-cı il yanvarın 12-də 85 yaşında Uollinqforddakı (Oksfordşir) evində keçici soyuqdəymə nəticəsində dünyasını dəyişib və yanvarın 16-da Çolsi kəndindəki Müqəddəs Mariya qəbiristanlığında dəfn olunub.[10] Yazıçının 1965-ci ildə bitirdiyi Aqata Kristinin tərcümeyi-halı bu sözlərlə bitir: “Ya Rəbb, yaxşı həyatım üçün və mənə verilən bütün sevgi üçün sənə təşəkkür edirəm”[29]. Kristinin yeganə qızı Rozalinda Marqaret Hiks də 85 yaşına qədər yaşadı və 28 oktyabr 2004-cü ildə Devonda öldü. Aqata Kristinin nəvəsi Metyu Pritçard, Aqata Kristinin bəzi ədəbi əsərlərinin hüquqlarını miras aldı və onun adı hələ də "Agatha Christie Limited" fondu ilə əlaqələndirilir.
Detektiv ədəbiyyat nəzəriyyəçisi Georgiy Andcaparidze vurğulayıb ki, Kristi öz əsərlərində yaxşı bildiyi həyatı və personajları əks etdirib. O, "öz istedadı çərçivəsində - geniş sosial təbəqənin əxlaqşünası" görkəmli idi.[30] Öz əqidəsinə görə, o, mühafizəkar, Viktoriya dövrü dəyərlərinin tərəfdarı idi və Viktoriya dövrü əxlaqını qəbul edirdi. Bibliya və kilsənin[31] də onun düşüncə tərzinə böyük təsiri var idi. Əvvəllər varlı olan, lakin zaman keçdikcə yoxsullaşan yuxarı orta təbəqədən olan ailədə Viktoriya dövrü ruhu, ailə və cəmiyyət haqqında kifayət qədər mühafizəkar, patriarxal baxışlar üstünlük təşkil edirdi.[32][33][34] Bu cür ənənələrə uyğun olaraq, Aqata evdə ilk növbədə onu peşəkar fəaliyyətə deyil, yaxşı həyat yoldaşı və ana roluna hazırlamaq üçün nəzərdə tutuluş sistemsiz bir təhsil aldı. Bununla belə, bir sıra şəxsi və maddi səbəblərə görə o, detektiv janrının qızıl dövrünün tanınmış yazıçısı oldu.[35] Kristinin bioqrafı Qven Robbins vurğulamışdır ki, yazıçı bütün həyatı boyu müxtəlif sosial proseslərə və mənəvi problemlərə diqqəti ilə seçilib. Kristi özü sonradan qeyd edib ki, gənclərin kriminal aləmə qoşulması və cinayət törətməsi onu çox qorxudur: “Uzun illər vicdansız hərəkətləri təsvir etməklə, mən ancaq məlum həqiqəti təsdiqləyə bilərəm: “dürüstlük ən yaxşı siyasətdir.”[36] Və hər yeni kitabımla bu sözlərin düzgünlüyündə daha da möhkəm inanıram”. O, qatillərə qarşı qətiyyətli idi, onların insanlar üçün qeyd-şərtsiz bir şər olduğunu düşünürdü, çünki onlar cəmiyyətə nifrətdən başqa heç nə verə bilməzlər. O, bu keyfiyyətlərin əvvəldən belə insanlara xas olduğunu güman edirdi, onlara yazığı gəlmək olar, amma heç bir halda onlara aman verilməməlidir. Belə sərt mövqe daha çox qurbanlara mərhəmət hissi, günahsızları qatillərdən qorumaqla bağlı idi: “Günahsızı qorumaq lazımdır; onun başqaları ilə sülh və harmoniyada yaşamaq imkanı olmalıdır”.[12] O, qatillər üçün ömürlük həbs cəzasının tətbiqinə qarşı çıxır, bu kateqoriyadan olan şəxslərin ibtidai insanların məskunlaşdığı qeyri-yaşayış ərazilərinə deportasiya edilməsinə üstünlük verirdi. Onun fikrincə, qatillər üçün başqa bir məqbul cəza məcburi ictimai xidmət və ya zəhərlənmə ilə bədənini təhlükəli tibbi təcrübələrdə istifadə edilməsi arasında seçim etmək ola bilər. Əgər ölümcül elmi təcrübələr nəticəsində cinayətkar sağ qalsaydı, o zaman o, cəmiyyətə qayıdıb həyata yenidən başlaya və islah yolunu tuta bilərdi.[12] 1930-cu illərin əvvəllərində Bağdadda Aqata həyatında ilk dəfə nasistlərlə — doktor Cordan və həyat yoldaşı ilə qarşılaşdı və onların İkinci Dünya Müharibəsinin əlaməti olan yəhudilərin məhv edilməsi çağırışları onu qəzəbləndirdi və onu ümidsizliyə sürüklədi.[12]
Aqata Kristi ədəbiyyat sahəsində məhdud imkanlarını başa düşdüyünü, lakin pərəstiş etdiyi yazıçıların üslubunu təkrarlamağa çalışmadığını, özü kimi qalmağa çalışdığını qeyd edib. "Mən özümü müxtəlif sahələrdə sınamışam, amma heç vaxt yaxşı alınmayan və istedadlı olmadığım şeylərdə israr etməmişəm" dedi.[12] [37] Məndən müsahibə alan bir Hindistanlı müxbir (və etiraf edim ki, çoxlu axmaq suallar verirdi) soruşdu: "Gerçəkdən, pis hesab etdiyiniz bir kitab nəşr etdirmisinizmi?" Mən qəzəblə cavab verdim: “Xeyr!” Heç bir kitab tam olaraq nəzərdə tutulduğu kimi çıxmadı və mən heç vaxt məmnun qalmadım, amma kitabım həqiqətən də pis olsaydı, heç vaxt çap etməzdim. Aqata Kristi, "Avtobioqrafiya"
1955-ci ildə Britaniya televiziya şirkəti BBC[38][39]-yə verdiyi müsahibədə Aqata Kristi deyirdi ki, o, axşamları dostları və ya ailəsinin əhatəsində, toxumaqla keçirirdi, bu vaxt o beynində yeni bir süjet xəttini düşünürdü; O, romanı yazmaq üçün əyləşəndə süjet artıq əvvəldən axıra qədər hazır idi.[40] Özünün etirafına görə, ona yeni roman ideyası istənilən yerdə gələ bilərdi. İdeyalar, zəhərlər haqqında müxtəlif qeydlərlə, cinayətlər haqqında qəzet parçaları ilə dolu xüsusi qeyd dəftərinə yazılırdı. Eyni şey personajlarla da baş verirdi. Aqatanın yaratdığı personajlardan birinin real həyat prototipi - mayor Ernst Belçer bir vaxtlar Aqata Kristinin birinci əri Arçibald Kristinin patronu olmuşdu. 1924-cü ildə Polkovnik Reys haqqında "Qəhvəyi kostyumlu adam" romanında Pedlerin prototipi məhz o idi.[41]
Aqata Kristi əsərlərində sosial mövzulara toxunmaqdan çəkinmirdi. Məsələn, Kristinin ən azı iki romanı (“Beş balaca donuz” və “Məsumiyyətin sınağı) ölüm cəzası ilə bağlı məhkəmə səhvləri hallarını təsvir edirdi. Ümumiyyətlə, Kristinin kitablarının bir çoxu o dövrün ingilis ədalətinin müxtəlif mənfi cəhətlərini təsvir edir.
Yazıçı heç vaxt seksual xarakterli cinayətləri romanlarının mövzusuna çevirməyib. İndiki detektivlərdən fərqli olaraq onun əsərlərində zorakılıq, qan gölməçələri, kobudluq səhnələri praktiki olaraq yoxdur. "Detektiv əxlaqlı bir hekayə idi. Bu kitabları yazan və oxuyan hər kəs kimi mən də cinayətkarın əleyhinə, günahsız qurbanın tərəfində idim. Heç kəs ağlına belə gətirə bilməzdi ki, vaxt gələcək, dedektiv hekayələr onlarda təsvir olunan zorakılıq səhnələrinə görə, sadist həzz almaq naminə oxunacaq." - tərcümeyi-halında belə yazırdı. Onun fikrincə, belə səhnələr mərhəmət hissini kütləşdirir və oxucuya diqqətini romanın əsas mövzusuna yönəltməyə imkan vermir.
Aqata Kristi "On zənci balası" romanını özünün ən yaxşı əsəri hesab edirdi. Romanda hadisələrin cərəyan etdiyi qayalı ada Britaniyanın cənubundakı Burq adasının real təsviridir. Oxucular kitabı da yüksək qiymətləndirdilər - o, mağazalarda ən böyük satışa sahibdir, lakin siyasi mötəbərliyə riayət etmək üçün indi And After There Were None adı altında satılır.
Aqata Kristi öz yaradıcılığında mühafizəkar siyasi baxışlarını nümayiş etdirir. Parker Payn haqqında silsilədən olan "Klerkin əhvalatı" hekayəsi parlaq bir nümunədir, qəhrəmanlarından biri haqqında "Onun bir növ bolşevik kompleksi var idi" deyilir. Bir sıra əsərlərdə - “Böyük dördlük”, “Şərq ekspressi”, “Kerberin əsir alınması” əsərlərində müəllifin sönməz rəğbətindən bəhrələnən rus aristokratiyasından olan mühacirlər yer alır. Yuxarıda adı çəkilən "Klerkin əhvalatı" hekayəsində cənab Paynın müştərisi, Böyük Britaniyanın düşmənlərinin gizli planlarını Millətlər Liqasına ötürən agentlər qrupuna qoşulur. Ancaq Pinin qərarı ilə qəhrəman üçün bir yalan uydurur ki, o, gözəl rus aristokrat xanıma məxsus zinət əşyalarını daşıyır və onları sahibəsi ilə birlikdə Sovet Rusiyasının agentlərindən xilas edir. Onun fikirlərindəki ksenofobiyanın, antisemitizmin və irqçiliyin dərəcəsi məsələsi mübahisəli olaraq qalır.[42][43]