Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir.
Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir.
Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir. İlahə Kumari isə ona tilaka qoyaraq, onun hakimiyyətinin 1 il müddətində növbəti bayrama qədər davam etməsinə icazə verir. Kumarinin ilahə Talecunun cismani təcəssümü olduğu hesab edilir. İlk mensturasiyalar baş tutanda ilahə onun bədənini tərk edir.
Canlı ilahə Kumariyə sitayiş etmək adəti kifayət qədər gec, ancaq XVII əsrdə peyda olmuşdur. Amma Kumari ilə bağlı olan rituallar (puci qızlar) kifayət qədər əvvələ aiddir. Hindistanda bu cür pucilər 2600 il bundan əvvələ, Nepalda isə çox güman ki, VI əsrdən bəri mövcuddur. Pucilərin seçilməsi haqda yazılı dəlillər isə XIII əsrə aid edilir.
Əfsanələrdən birinə görə, Malla sülaləsinin sonuncu hökmdarı olan kral Cayaprakaş Malla öz otağında ilahə Talecu ilə oynayan zaman qırmızı ilanın onun yataq otağına daxil olduğunu görür. Kral kral sülaləsinin himayədarı sayılan ilahənin gözəlliyinə diqqət yetirərək onun öz arvadından gözəl olması barədə düşünür. Lakin ilahə kralın fikirlərini oxuyaraq, kralı cəzalandırmağı qərara alır. O, kralın ancaq onu aşağı kastadan olan qız cizgisində görə biləcəyi şərtini qoyur. Bundan sonra kral ilahə Talecunun ruhunun daxil olduğu qızı qızlar içində axtarmağa başlayır. Bü günə qədər də Kumarinin axtarışı zamanı anasının yuxuda qırmızı ilan görməsi mövcuddur. İldə bir dəfə Nepal kralı İndra Catra bayramı zamanı Kumaridən xeyir-dua alır. Bu əfsanəni digər bir kral Cayaprakaş Mallanın əcdadı sayılan Qunkam Devlə də bağlayırlar.
Digər bir əfsanənəyə görə isə kral Cayaprakaş Malla həddi-büluğa çatmamış qızla əlaqədə olmuş və nəticədə qız ölmüşdür. Özündə günah və peşmançılıq hissi duyan kral yuxusunda ilahı Talecunun yenidən inkarnasiyasını axtarmaq məcburiyyətində qalır. Hər il o, xüsusi rituallar keçirməli və Kumaridən xeyir-dua istəməlidir.
Digər bir əfsanəyə görə isə kral Cayaprakaş Mallanın hakimiyyəti zamanı qaniçən ilahə Durqanın ruhunun keçdiyi bir qızı şəhərdən qovurlar. Bunu bilən kraliça kralı həmin qızı axtarmağa məcbur etmiş və ona ilahə Durqanın təcəssümü kimi sitayiş etməyi bildirmişdir.
İlahə Talecunun ruhu Kumarinin bədənini tərk etdikdən sonra onun yeni inkarnasiyasının axtarışına başlanılır. Bu proses Tibetdə Dalay-lama və ya Pançen Lamanın yeni təcəssümünün axtarışı prosesinə oxşayır. Ali buddist monaxları dəvət olunur. Kral və ali buddist monaxlarına axtarış gedişi haqda məlumatlar verilir. Kumarini zərgərlərin müəyyən olunmuş kastası çərçivəsində axtarırlar. 3-5 yaş aralığında olan qızları müsabiqəyə götürmək üçün münsiflər onların bədənində bir dəfə də olsun qan olmadığını, bütün dişlərinin sağlam olmasını görməlidirlər. Onun sağlamlığı, bədəni, səsi, zahiri görkəmi ilə yanaşı qoroskopunun kralların qoroskopu ilə uyğunluğu yoxlanılır.
Qərbdə isə gələcək ilahəni gecə vaxtı içərisinə qorxulu heyvanların, kabus kimi görünən insanların heykəlləri olan otağa qoymaq kimi populyar adət vardır.
Təmizlənmə üçün edilən tantra rituallarından sonra Kumarini məbəddən ağ mələfədə daima yaşayacağı Kumari Qxar sarayına gətirirlər. O, sarayı ancaq xüsusi rituallar və mərasimlərlə əlaqədar tərk edə bilər. Ailə üzvləri ona nadir hallarda və rəsmi səbəbə əsasən, baş çəkə bilər. O işləyə və məktəbə baş çəkə bilməz. O, öz kastasından olan məhdud sayda uşaqla oynaya və dostluq edə bilər. O, ancaq qırmızı rəngdə paltar geyinir, saçını sarıyaraq alnında mənəvi gücün simvolu olan "alovlu göz"ü (agni chakhuu) daşıya bilər.
Saraya baş çəkdikdən sonra Kumari gündəlik qayğılardan azad olur və xüsusi ritual rolu yerinə yetirməyə başlayır. O hər davranışı ilə ilahəyə uyğun olmalıdır. Onun hər bir hərəkəti mistik əhəmiyyət kəsb etməlidir. Əgər onun əhvalı pis olursa, bu onun yanına gələn insanların xahişi ilə əlaqələndirilir.
İlahənin ruhu Kumaridə olana qədər o, heç vaxt sarayın xaricində olan torpaqlara ayaq basa bilməz. Onun ayaqları onun bədəni kimi müqəddəs sayılır və insanlar onun ayaqlarına toxunaraq bununla öz çətinliklərindən və xəstəliklərindən qurtulmağa ümid edirlər. Kral ildə bir dəfə ondan xeyir-dua almaq üçün gələndə onun ayaqlarından bir dəfə öpür. O, heç vaxt ayaqqabı geyinmir, bəzən isə qırmızı corab geyinir. Kumarinin güclü mənəvi gücə malik olduğu hesab edilir və onun bir baxışı onun taleyini yaxşılığa doğru dəyişə bilər. Çoxlu insanlar Kumarinin yaşadığı sarayın ətrafında dururlar. Buna səbəb onların Kumarinin pəncərədən baxmasını görməkdir. Hətta o, bir neçə saniyə baxsa belə sarayda yaşayan hər bir insanın əhvalı yaxşılığa doğru dəyişir.
O, onun yanına gələn xahişçiləri özünün qızılı şirləri olan taxtında qəbul eləyir. Onun yanına gələn çoxlu xahişçilər qan xəstəliyi və mensturasiyadan əziyyət çəkirlər. Kumarinin yanına məmurlar və dövlət xadimləri də gəlirlər. Ona baş çəkənlər adətən ona hədiyyə gətirirlər. O isə bu hədiyyələrə sakitlikdə baxır. Qəbul zamanı Kumarini diqqətlə müşahidə edirlər. Onun davranışının interpretasiyası aşağıdakı kimidir:
Əgər Kumari qəbul zamanı sakitdirsə, onda onu müşahidə edənlər yaxşı əhval ruhiyyədə çıxıb gedirlər: bu onların xahişlərinin yerinə yetəcəyi anlamına gəlir.
Kumarinin yanında olan xidmətçilər çitaydarın başçılığı ilə onun bütün tapşırıqlarını yerinə yetirməli və onu ritualları yerinə yetirməyə məcbur etməlidirlər. Bu peşənin çətinliyi ondadır ki, onlar birbaşa göstəriş verə bilmək hüququna malik deyillər, lakin onlar ona bu sahədə istiqamət verməlidirlər. Onlar onun geyiminə, çimməsinə, bəzənməsinə, yanına gələnlərin qəbulu mərasimini və digər mərasimləri yerinə yetirməyə məsuliyyət daşıyırlar.
Adətə görə, Kumari təhsil almır, çünki o, ilk əvvəldən hər şeyi bilən hesab edilir. Son zamanlar Kumariyə xüsusi dərslərin keçirilməsi üçün müəllimlər dəvət olunur. Kumari dünyəvi dünyaya qayıtdıqdan sonra təhsil alması tələb edilir. Onun müəllimləri onu öyrənməyə məcbur edə bilməzlər. Ona görə onlar fənni öyrənmək üçün onda maraq yaratmağa çalışırlar.
Onunla oynamaq üçün seçilmiş dostları ona mütləq sitayiş etməli, oyun zamanı isə onun bütün istəklərinə tabe olmalıdırlar.
Yeni Kumari seçildikdən sonra keçmiş Kumari müəyyən rituallardan keçərək özünü ilahi statusdan məhrum edir. Keçmiş Kumarilər dövlətdən 6000 rupi məbləğində təqaüd alır. Onun təqaüdü ölkənin rəsmi şəxslərinin maaşından 2 dəfə, adi nepallının gündəlik yaşayışından isə 4 dəfə yüksəkdir. Əlbəttə ki, Kumarilər mistik dünyadan dünyəvi dünyaya qayıdan zaman çətinliklərlə qarşılaşırlar.
Xalq arasında belə bir inam var ki, kim Kumari ilə evlənsə o, yarım ildən sonra qanlı öskürəkdən öləcəkdir. Lakin heç bir Kumari bu çətinliklə qarşılaşmamışdır.
2007-ci il 3 iyul tarixində Bhaktapura şəhərinin kumarisi olan Sacari Şakya ABŞ-a Diskaveri kanalının sənədli filmlər festivalı sayılan Silverdoks festivalına "Canlı İlahə" filminin tədqimatı üçün yollandıqdan sonra öz statusunu itirmişdir.
Adətə görə, Kumari Nepalı tərk edə bilməz. Buna görə bu səfər onun təmizliyinin murdarlanmasına gətirib çıxarmışdır. Lakin bir neçə həftədən sonra məbəd rəhbərliyi ondan titulun alınmayacağı barədə xəbər verir. Buna səbəb kimi Kumarinin yenidən təmizlənmə mərasimini keçməyə hazır olduğunu bildirməsidir.