Kvazarlar

Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir. Kəşf olunan ilk kvazarlar 3C 483C 273 kvazarları olmuşdur.

Kvazarlar bizdən milyardlarla işıq ili uzaqlığında olan qalaktikaların mərkəzlərində yerləşirlər. Bir kvazarın parlaqlığı bütöv bir qalaktikanın parlaqlığından çoxdur və bir kvazar Günəşdən 1 trilyon dəfə daha parlaqdır. Kvazarların mərkəzlərində superkütləli qara dəliklər yerləşir. Bu obyektlər inanılmaz dərəcədə çox enerji yayırlar.4 milyard ildən sonra Süd Yolu və Andromeda qalaktikalarının toqquşması zamanı onların mərkəzlərində olan superkütləli qara dəliklər də toqquşacaqlar. Bu zaman böyük ehtimalla, Süd Yolunun mərkəzində bir parlaq kvazar əmələ gələcəkdir.

Kvazar termini "quasi-stellar radio source" yarı ulduz (ulduza oxşar) radio mənbəyi mənasını verir, bunun səbəbi 1950-ci illərdə aparılmış müşahidələrdə bu obyektlərin mənşəyi bilinməyən radio şüalanma mənbələri kimi kəşf edilməsi və vizual oblastda fotoqrafik müşahidələr zamanı zəif parıltılı ulduza oxşar işıq nöqtələrinə bənzədilmələridir. Habbl kosmik teleskopu vasitəsilə aparılmış müşahidələr zamanı kvazarların qalaktikaların mərkəzində meydana gəldiyi, bəzi kvazarların isti qalaktikalarla güclü qarşılıqlı təsirdə olduğu və ya qalaktikaları birləşdirdiyi meydana çıxdı.[1]

Kvazarlar çox geniş məsafə aralığında aşkar edilir və kvazarların kəşf araşdırmaları göstərir ki, kvazarların yaranması daha çox uzaq keçmişdə baş vermişdir. Kainatda kvazar fəaliyyətinin ən yüksək dövrü 10 milyard il bundan əvvələ uyğun gəlir.[2] 2017-ci ilə qədər müşahidə olunan ən uzaq kvazar ULAS J1342+0928-dir. Bu kvazar kainat yalnız 690 milyon yaşındaykən şüalandırmağa başlamışdır. Bu kvazardakı superkütləli qara dəlik indiyə kimi məlum olan ən uzaq qara dəlikdir və kütləsinin 800 milyon Günəş kütləsi tərtibində olduğu təxmin edilir.[3][4][5]

Göy sferinin radioteleskoplarla müşahidəsi ulduzabənzər radioşüalanma mənbələrinin kəşf edilməsinə gətirib çıxardı(1963). Onlar görünən obyektlərlə müqayisə edilərkən, ulduzlardan fərqlənmədiyinə görə ulduzabənzər kvazar adlandırıldı. Lakin sonralar onların uzaqlaşma sürətlərinin çox böyük və bizdən məsafələrinin milyard işıq ilinə bərabər olduğu aşkar edildi. Kvazarların işıqlığı 1039 Vt tərtibindədir, yəni adi qalaktikanın işıqlığına nisbətən ən azı yüz dəfə böyükdür. Kvazarlar öz enerjisinin əsas hissəsini infraqırmızı diapozonda şüalandırır. Bu şüalanmanın gücü 1042 Vt-dir (Bizim qalaktikanın işıqlığından 105 dəfə böyük).

Ən parlaq kvazar 12m, 6 ulduz ölçüsü ilə xarakterizə edilir. Bizdən 3 milyard işıq ili məsafəsində olmaqla, işıqlığı Andromeda dumanlığından 500 dəfə çoxdur. O həm də güclü rentgen şüalanma mənbəyidir. Kvazar, ölçüsünə görə ulduzdan xeyli böyük, Bizim Qalaktikadan isə olduqca kiçikdir. Onun ölçüsü təqribən bir işıq ilinə, kütləsi isə bir neçə milyon Günəş kütləsinə ekvivalentdir.[6]

Qalaktikaların aktiv nüvələri ilə kvazarların əlaqələrini təsdiq edən faktlar aşkar edilmişdir. Müasir təsəvvürlərə görə, kvazarlar tədricən aktiv qalaktikaya, o da öz növbəsində adi qalaktikaya çevrilir.

Tarixi və adlandırılması

[redaktə | mənbəni redaktə et]

Kvazar sözü ilk vaxtlar qalaktikadan kənar "kvazi ulduz" mənasında işlənmişdir. 1960-cı ildə Kaliforniya Texnologiya İnstitutunda radiointerferometrin köməkliyi ilə radiomənbələrin koordinatının təyin edilməsinə başladılar. Bu tədqiqatlar zamanı çox böyük dəqiqliyə nail olunmuşdu. Bu dəqiqlik amerika alimləri T. Metyuza və A. Sendicə ulduz ölçüsü 16m olan radiomənbənin koordinatını təyin etməyə imkan verdi. Alınmış spektri əvvəlcə başa düşmək mümükün olmadı. İlk öncə belə hesab etdilər ki, Çin əlyazmalarına əsasən səmanın bu hissəsində 1604-cü ildə partlamış ifrat yeni ulduzun spektri alınmışdır.

1962-ci ildə daha iki radiomənbənin 3C 196 və 3C 286-nın spektrini ala bildilər və bu "ulduzlar"ında spektrləri 3C 48–də olduğu kimi qeyri-adi idi. Alınmış spektləri məlum xətlərin spektrlərinin heç biri ilə eyniləşdirmək mümkün olmadı.[6]

1963-cü ildə ingilis astronomları tərəfindən 3C 273 radiomənbəsinin koordinatları çox böyük dəqiqliklə müəyyən edildi. Bu radiomənbənin Ay tərəfindən "tutulması" zamanı onun mürəkkəb quruluşa malik olması aşkar olundu. Radiomənbənin mərkəzi hissəsi nöqtəvi cisimdən ibarət idi. Onun ətrafında 19II5 bucaq saniyəsi məsafəsində yerləşən çox zəif örtük aşkar edildi. Elə həmin vaxtlar daha bir neçə mənbənin zəif ulduz olması aşkar edildi.

Kvazarların anlaşılmayan spektrinə 1963-cü ildə holland mənşəli amerika astronomu Şmidt aydınlıq gətirə bildi. Bu, XX əsrin ən böyük kəşflərindən biri hesab olunur.

Şmidt kifayət qədər parlaq, 13m-cü ulduz ölçüsünə malik 3C 273 radiomənbəsinin spektrini aldı və tədqiq etdi. O, bu spektrdəki xətləri, əvvəlcə heç bir kimyəvi elementin xətləri ilə eyniləşdirə bilmədi. Sonra isə həmin xətləri çox böyük dəqiqliklə hidrogenin Layman seriyasının xətləri ilə eyniləşdirdi. Məlum oldu ki, bu 48000 km/san sürətlə bizdən uzaqlaşan və bu hesabla xətləri qırmızı oblasta doğru sürüşmüş radiomənbənin, yəni 3C 273 kvazarının spektridir. Aydın oldu ki, indiyə kimi bizim qalaktikanın adi ulduzlarından biri hesab edilən 3C 273 bizim Qalaktikadan kənarda və çox-çox uzaqda yerləşir. Spektrdə müşahidə olunan qırmızı sürüşmə isə (Z = 0,158) kosmoloji xarakterlidr və Kainatın genişlənməsi ilə bağlıdır. Habbl qanununu tətbiq etdikdə V = H0r kvazara qədər məsafənin 600 Mpk və ya 2 milyard işıq ili olduğu məlum oldu.[6]

Palomar atlasında kvazarlar nöqtəvi obyekt kimi görünürlər və görünüşlərinə görə ulduzlardan seçilmirlər. Onlar Seyfert qalaktikalarına nisbətən daha yüksək işıqlığa malikdirlər.

Beləliklə, məlum oldu ki, 3C 273 kvazarının qırmızı sürüşməsi Z=0,158, 3C 48-in Z=0,37 və 3C 9-un Z=2-dir. Əgər spektrdə müşahidə olunan qırmızı sürüşmə kainatın kosmoloji genişlənməsi ilə bağlıdırsa, onda Habbl qanununu tətbiq etsək 3C 273-ün 48000 km/san və 3C 9-un 240000 km/san sürətlə bizdən uzaqlaşmaqda olduqlarını tapırıq.

Bundan sonra keçmiş sovet astrofiziki Şklovskiy çox paradoksal bir hipotez irəli sürdü. Əgər 3C 273 kvazarı qalaktikadan kənarda yerləşirsə, onda onun parlaqlığı zamana görə dəyişməlidir. Bundan sonra MDU-nun nəzdindəki Dövlət Astronomiya İnstitutunun əməkdaşları Şarov və Yefremov bu kvazarın əvvəllər alınmış fotoplastinkalarını yenidən tədqiq edərək, onun parlaqlığının bir il ərzində bir ulduz ölçüsü dəyişməsini aşkar etdilər. Bu vaxta qədər astronomlar ayrı-ayrı ulduzların parlaqlığının dəyişməsini tədqiq edirdilər. Kvazar 3C 273 isə milyardlarla ulduzdan ibarət qalaktikadır və bu ulduz sistemində hər bir ulduz o birindən asılı olmayaraq enerji şüalandırır. Dəyişmənin xarakterik vaxtının bir il olması, belə qərara gəlməyə əsas verirdi ki, iddia edək ki, dəyişməyə məsul onların ölçüsü bir işıq ilindən artıq deyildir. Bu müşahidə faktı iddia etməyə imkan verdi ki, həmin obyekt öz təbiətinə görə Seyfert qalaktiklarına bənzəyir. Ancaq onlardan min dəfələrlə daha güclü və fəaldır.

Statistik tədqiqatların köməyi ilə məlum oldu ki, kainatın təkamülünün daha ilkin mərhələlərində, onun ölçüləri 3÷5 dəfə indikindən kiçik olduğu dönəmlərdə, kvazarlar indikindən daha çox olmuşlar. Belə deməyə əsas var ki, kvazarlar həmin dövrdə normal qalaktikalar qədər olmuşlar. Belə bir hipotezi də inkar etməz olmaz ki, həmin dövrdə bütün qalaktikalar kvazar olublar. Doğrudur, bu fikir hələ tam təsdiq olunmamışdır və yeni tədqiqatlara ehtiyac vardır. Sonda bir məsələni də qeyd etmək lazımdır ki, kvazarlar bizim kainatın ən maraqlı və mühüm əhəmiyyət kəsb edən obyektlərindən biridir. Deməli biz kvazarları tədqiq etməklə kainatın daha ilkin mərhələlərini tədqiq etmiş oluruq. Məsələn, 3C 273 kvazarı ilə aramızdakı məsafə işıq bizə 2 milyard işıq ilidir. Bu o deməkdir ki, kvazardan bu gün qəbul etdiyimiz işıq şüası 2 milyard il yolçuluqdan sonra gəlib bizə çatır. Biz həmin kvazarı bu gün tədqiq etməklə, əslində 2 milyard il bundan öncəki halını müşahidə etmiş oluruq.[6]

  1. Bahcall, J. N.; et al. (1997). "Hubble Space Telescope Images of a Sample of 20 Nearby Luminous Quasars". The Astrophysical Journal. 479 (2): 642. arXiv:astro-ph/9611163 . Bibcode:1997ApJ…479..642B. doi:10.1086/303926. Retrieved 5 March 2017.
  2. Schmidt, Maarten; Schneider, Donald; Gunn, James (1995). "Spectrscopic CCD Surveys for Quasars at Large Redshift. IV. Evolution of the Luminosity Function from Quasars Detected by Their Lyman-Alpha Emission". The Astronomical Journal. 110: 68. Bibcode:1995AJ….110…68S. doi:10.1086/117497.
  3. Bañados, Eduardo; et al. (6 March 2018). "An 800-million-solar-mass black hole in a significantly neutral Universe at a redshift of 7.5". Nature. 553(7689): 7. arXiv:1712.01860 . Bibcode:2018Natur.553..473B. doi:10.1038/nature25180. Retrieved 6 December 2017.
  4. Choi, Charles Q. (6 December 2017). "Oldest Monster Black Hole Ever Found Is 800 Million Times More Massive Than the Sun". Space.com. Retrieved 6 December 2017.
  5. Landau, Elizabeth; Bañados, Eduardo (6 December 2017). "Found: Most Distant Black Hole". NASA. Retrieved 6 December 2017.
  6. 1 2 3 4 Zeynalov S. Q., Hüseynov N. Ə., "Qalaktika, Metaqalaktika, Metakainat", 2005, Bakı, "Elm" nəşriyyatı