Lütfəli xan Kosaəhmədli-Avşar

Lütfəli xan Babaəli bəy oğlu Kosaəhmədli-Avşar (?-?) — Avşarlar sülaləsi dönəmində sərkərdə.

Lütfəli xan Kosaəhmədli-Avşar
fars. لُطفعلی‌خان کوسه احمدلو افشار
Şəxsi məlumatlar
Doğum yeri Xorasan

Nadirqulu xan Qırxlı-Avşar əvvəlcə atasını, sonra isə əmisi Baburu o dünyaya yola saldı. Bundan sonra onun həyatının müəyyən dövrü Əbivərd hakimi Babaəli ilə bağlıdır. Məlumdur ki, Babaəli bəy İmamqulunun ölümündən sonra Nadirin dul qalmış anasına kəbin kəsdirib. Başqa sözlə deyilsə, Babaəli bəy Nadirin atalığına çevrildi. Bəzi tədqiqatçılar və tarixçilər Babaəli bəy Kosaəhmədli ilə Nadir arasında mürəkkəb münasibətlərin olduğunu qeyd edirlər. Əslində isə, belə deyildi. Nadirlə Babaəli bəy arasında səmimi münasibətlər formalaşmışdı.

Sonradan Nadirin anasının Babaəli bəydən daha iki oğlu oldu. Onlardan birinin adı Fətəli idi. Yəni, həqiqətdə Nadirin üç qardaşı var idi. İbrahimlə Nadir anabir-atabir qardaş idilər və onların atadan ayrı daha iki qardaşları var idi. Mənbələrdə eyni zamanda Nadir şahın yaxın silahdaşları və onun etibar etdiyi şəxslər kimi Babaəli bəyin oğlanları olan Kəlbəli xanın və Lütfəli xanın adları çəkilir. Qeyd etmək lazımdır ki, Babaəli, Nadirin eyni zamanda həm qayınatası, həm də uşaqlarının babası idi. Ona görə də gənc yaşlarında Nadirin bir ailə kimi qaynayıb-qarışdığı atalığı Babaəli bəylə sərt münasibətlərdə olması bir çox tədqiqatçılar tərəfindən heç də müdafiə edilmir.

Lütfəli xan Babaəli bəy oğlu Xorasan bəylərbəyliyində anadan olmuşdu. Öncə atasının yanında dəstə başçısı olmuş, sonra Nadirqulu xana xidmət etmişdi. Nadir şah olandan sonra onu Azərbaycan ordusunun sərdarı (generalı) təyin etmişdi.

Lütfəli xan 1732-ci ildə 10.000 nəfərlik ordunun başında Nadirqulu xana qoşulmuş, osmanlıların əlində olan Van və Kərkükə hücum etmişdi.

Lütfəli xan Nadir şahın Hindistan yürüşündə iştirak etmişdi. Qaynaqlarda yazılır ki, hücum edən dəstə geri çəkilərək Lütfəli xanın rəhbərliyi altında olan dəstənin arxasında mövqe tutmalı idi. Eyni zamanda Nadir şahın əmri ilə Lütfəli xanın dəstəsi fəal döyüşə qoşuldu. Bu dəstədə olan topların, səfpozanların, zərbzənlərin, badliclərin və tüfənglərin atəşi ilə döyüş meydanında toz-duman aləmi bürüdü. Lütfəli xanın 10-12 min nəfərlik piyada qoşun dəstəsinin fədakarlığı qarşı tərəfi də məcbur etdi ki, daha səmərəli vasitələrə əl atılsın[1].

Hind qoşunlarının 8 min nəfərlik başqa bir dəstəsinə tapşırıq verildi ki, top və tüfəng atəşlərinin müşayiəti ilə Nadir şah qoşunlarının sol cinahına hücum edilsin. Həmin cinahda Nadir şahın başqa bir ögey qardaşı, Lütfəli xanın doğma qardaşı olan Fətəli xan, Məhəmmədrza xan Avşar, Müzəffərəli xan Bayat, Məhəmmədrza bəy Müqəddəm, Əlimərdan bəy Avşar və digərləri vuruşurdular. Hind qüvvələrinin irəliləmək cəhdinə qarşı Nadir şah öz minbaşılarını və beşyüzbaşılarını iki istiqamətdən döyüşə qoşdu. Bununla, iki qoşunun böyük qüvvələri qarşı-qarşıya gəldi. “Aləm Ara-ye Naderi”nin təsvirinə görə, bir-birinin üstünə şığıyan dəstələrin qanlı döyüşə qatıldığı ərazi cəhənnəm meydanını xatırladırdı. Hər iki tərəfdən göstərilən əzmkarlıq çoxlu sayda qarşılıqlı itki ilə müşayiət olunurdu. Döyüş meydanında sıraları seyrələn bir dəstə digəri ilə əvəz olunurdu. Əlbəyaxa döyüşlər şiddətlənəndə dost və düşmən qüvvələri müəyyənləşdirmək də çətinləşdi[2].

Buxara hakimi Əbülfəz xanın şah elan edilməsi ilə bağlı ziyafət verəndən sonra Nadir şah artıq Xarəzmə doğru irəliləmək fikrində idi. Amma ziyafətin səhəri günü Həkim Atalıq Nadir şahın hüzuruna gəlib ərz etdi ki, Səmərqənd ətrafında yaşayan Yüz tayfası həmişə Buxaraya talançı basqınlar edir və Türküstan hakiminə tabe olmaq istəmir. Həkim Atalıq xahiş etdi ki, Nadir şah sərkərdələrindən birinin rəhbərliyi altında ora qoşun dəstəsi göndərilsin və məmləkətin asayişinə daim xələl gətirən bu tayfaya dərs verilsin.Nadir şah bu xahişi qəbul etdi və Lütfəli xan Kosaəhmədlinin rəhbərliyi altında 20 minlik bir dəstəni Səmərqənd istiqamətinə yolladı. Nadir şah bu dəstəyə eyni zamanda onu da tapşırdı ki, Əmir Teymurun qəbirüstü daşını da özü ilə gətirsin.

Lütfəli xanın dəstəsi kifayət qədər güclü dəstə idi və Nadir şah bu dəstə qarşısında qoyulan vəzifənin yerinə yetiriləcəyinə şübhə etmirdi. Ona görə də qoşunların əsas hissəsi ilə Çarcoya qayıtmağı və oradan Xarəzmə yürüş təşkil etməyi qərarlaşdırdı.

  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008;
  • Süleymanov Mehman Sirac oğlu. Nadir şah, Tehran. 2010. ISBN, 978-600-91345-8-8. Səhifə, 740.
  1. Tarix-e Cahanqoşa-ye Naderi ... s. 191-192; Локхард,Надир-шах ..C..63
  2. Aləm Ara-ye Naderi, c.I, ... s.169; Tarix-e Cahanqoşa-ye Naderi... s.194