Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.[1]
Lətif Qəndilov | |
---|---|
| |
Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri[d] | |
Vəzifədədir | |
6 oktyabr 2021-ci ildən | |
Əvvəlki | Hidayət Orucov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 avqust 1957 (66 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, universitet müəllimi[d] |
Atası | Seyfəddin Qəndilov |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir.
1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır.
1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.
1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur.
1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir.
2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir[2][3]. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olmuşdur.
2010–2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olmuşdur.
2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.[4]
21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[5] 16 iyul 2021 tarixində bu vəzifədən geri çağrılmışdır.[6]
Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yayılmışdır.
Evlidir, 2 oğlu və 2 qızı var.
2009-cu ildə Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru,[7] həmçinin, neft-qaz sahəsində xidmətlərinə görə Qazaxıstanda ilin ən yaxşı diplomatı seçilmişdir.
2010-cu ildə Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Dostluq Ordeni" ilə təltif olunmuşdur.[8]
2016-cı ildə Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir.[9]
2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[10]