Maydan inqilabı, 2014 Ukrayna inqilabı və ya Ləyaqət inqilabı (ukr.Революція гідності), 18 Fevral 2014 - 23 Fevral 2014 tarixləri arasında Ukrayna PrezidentiViktor Yanukoviçə qarşı təşkil edilmiş və nəticədə Ukrayna hökumətinin devrilməsi ilə başa çatmış olan inqilabın adıdır.[2][3]
2000-ci illərdən etibarən Ukraynada hakimiyyətə gəlmiş olan hökumətlər Avropa İttifaqı ilə sıx əlaqələrə malik idilər.[4][5] Yanukoviç hökuməti də 2012-ci ildən etibarən Aİ ilə tərəfdaşlıq üçün danışıqlar aparırdı.[6] Aİ ilə imzalanması gözlənilən bu cür hərtərəfli razılaşma Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcəkdi[7] lakin Yanukoviç mövcud problemləri həll edə biləcəyini düşünürdü.[8] Bununla belə, Yanukoviç müvafiq razılaşmanı mütəmadi olaraq təxirə salırdı.[9] Bunu razılaşmadan imtinanın birinci addımları kimi qəbul edən Ukrayna xalqı Avromeydan adlı etiraz aksiyalarını təşkil etməyə başlamışdı. Nümayişçilər ilə polislər arasında baş vermiş olan qarşılıqlı zorakılıq zamanla qarşıdurmaya çevrilmiş və bu hadisələr nəticəsində 18-i polis olmaqla 130 Ukrayna vətəndaşı həlak olmuşdur.[10] Üsyan davam etdikcə, o dövrdəki Ukrayna prezidenti olan Yanukoviçin ictimaiyyət arasında olan rəğbəti də azalırdı.[11] Nəhayət, Yanukoviç Rusiyaya sığınır [12] və elə həmin gün Ukrayna parlamenti tərəfindən yekdilliklə onun vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edilir[13][14].
Rusiyaya sığınmış olan Yanukoviç isə öz növbəsində Ukrayna parlamentində keçirilmiş olan səsverməni qanunsuz və etibarsız adlandırmış və Rusiya hökumətindən kömək istəmişdir.[15] Rusiya da Ukraynada baş vermiş olan bu hadisələrin çevriliş olduğunu düşünürürdü. Yuxarıda qeyd olunmuş olan hadisələrdən sonra 2010-cu ildəki Ukrayna prezident seçkilərində Yanukoviçi dəstəkləyən regionlarda inqilaba qarşı etirazlar təşkil edilmişdir. Bunun nəticəsində isə Krım qanunsuz olaraq Ukraynadan ayrılmış və Ukraynanın şərqi Rusiya tərəfindən işğal edilmişdir.[16][17]
Arseni Yatsenyukun rəhbərlik etdiyi müvəqqəti Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayır. 2014-cü ildəki Ukraynada keçirilən prezident seçkilərinin nəticəsində Petro Poroşenko Ukraynanın yeni prezidenti olur. Yeni hökumət 2010-cu ildə böyük mübahisələrə[18] səbəb olduğu üçün sonra ləğv edilmiş olan 2004-cü il konstitusiya düzəlişlərini bərpa etmiş və devrilmiş administrasiya ilə əlaqəsi olan dövlət qulluqçularının dövlət vəzifələrindən geniş miqyaslı təmizlənməsinə başlamışdır.[19][20] Ukraynanın böyük mədəni azlıqlar yaşayan regionlarına yerli hökumətlərdə öz dillərindən istifadə etməyə icazə verən Regional Dillər haqqında Qanun da ləğv edilmişdir.