Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir.
250-ci ildə[1] Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir.[2] Fərman on səkkiz ay qüvvədə qalmışdır.[3] Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür.[2]
Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi.[3] Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır.[4]
Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər. Əksinə, bəzi Afrika yeparxiyaları onları yenidən qəbul etməkdən imtina etmişdilər. Desinin hakimiyyəti dövründə baş tutan təqiblər birbaşa şizmatik novasianizm hərəkatına gətirib çıxarmışdır. Hərəkatın tərəfdarları təqiblər baş tutan dövrdə imanlarını etiraf etməyən dindən dönmüş xristianların dinə yenidən qəbul olmasını dəstəkləmirdilər.[5]