Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı.
Latviyada təxminən 1200[1] nəfərdən 2000[2] nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər[2]. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir[2].
"Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi[3]. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur[3].
Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır[3].
30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır[1]. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir[3]. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir[3].