Azərbaycan–Latviya münasibətləri — Azərbaycan Respublikası ilə Latviya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Latviya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Latviyadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Elnur Sultanov | ||||
Ünvan | Riqa, Rainas bulvari, 2-5, LV-1050 | ||||
Azərbaycandaki Latviyanin səfirliyi | |||||
Səfir | Edqars Skuya[1] | ||||
Ünvan | Bakı, Nizami küç., 69 ISR Plaza, 11-ci mərt. AZ 1005 | ||||
Digər | |||||
Quruluş tarixi | 11 yanvar 1994 | ||||
Dövriyyə | 0,046 mlrd doll. (2022) |
Hər iki respublika SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır[2].
Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır[2].
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvar ayının 11-də qurulmuşdur[3].
Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir[2]. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlamışdır[2].
İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur[2]. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir[2].
Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir[2]. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır[2].
Dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olmuşdur. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev ilə Latviya Prezidenti Guntis Ulmanis arasında görüş keçirilmiş; iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Yusif Vəkilov olmuşdur[5]. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır[6]. 4 mart 2016-cı il tarixindən Kamran Bayramov işçi qrupunun rəhbəridir[4].
Latviyada təxminən 1200[2] nəfərdən 2000[7] nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər[7]. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir[7].
30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır[2].
"Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir[8]. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir[8].
Daha bir təşkilat isə Latviya “AZERİ” Gənclər Birliyidir[9].
İki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi üzrə göstəricilər o qədər də yüksək olmasa da, bu sahədə tədricən müəyyən irəliləyiş əldə olunur[2].
Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir[2].
2006-cı ilin oktyabr ayında Riqada Azərbaycan-Latviya biznes forumu keçirilib[2]. Biznes forumda hər iki tərəfdən 100-ə qədər iş adamı, həmçinin hər iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Vayra Vike-Freyberqa iştirak etmişlər.
2009-cu ilin avqust ayında Bakıda növbəti Azərbaycan-Latviya biznes forumu keçirilib[2]. Bu dəfə də hər iki ölkənin prezidentləri forumun işində iştirak ediblər[2]. Bu biznes forumda həmçinin Azərbaycandan 120-dək şirkətin nümayəndəsi və Latviyadan 75 iş adamı iştirak etmişdir[2].
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[10] | 873,78 | 11 799,51 | 12 673,29 |
2021[11] | 9 878,76 | 17 308,92 | 27 187,68 |
2022[12] | 27 602,26 | 18 740,17 | 46 342,43 |
31 yanvar 2007-ci ildə Riqada "M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Milli kitabxanası arasında əməkdaşlıq haqqında Saziş" və "M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Akademik kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında Saziş" imzalanmışdır[2].
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9 may 2007-ci ildə Riqada Azərbaycanın məşhur muğam ustası Alim Qasımovun konsert proqramı təşkil olunmuşdur[2].
Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış "Teleqraf" qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib[2].
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 41 sənəd imzalanmışdır[13].