Leyla Axundzadə

Leyla Axundzadə — «Əməkdar incəsənət xadimi» ,pedaqoq və sənətşünas.

Leyla Axundzadə
Leyla Cəmil qızı Axundzadə
Doğum tarixi
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti Azərbaycan Azərbaycan
Mükafatları Əməkdar incəsənət xadimi

Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. O, ali təhsilini Moskvada M.Lomonosov adına Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsində almışdır. 1975-ci ildə bu ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət Universitetinin təsviri incəsənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamış və elə buradaca sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Ümumiyyətlə, Leyla xanımın bu universitetdəki elmi fəaliyyəti Azərbaycanda sənətşünaslığın inkişafı ilə bağlı olmuşdur.

Onun dərc etdirdiyi məqalələrdə milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması yolları araşdırılır, müasirlik ənənələrinə sədaqət nümunəsi əks olunurdu.Leyla xanım hələ 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdu. Bu, onun yaradıcılığında rəssamlıq sənətinin geniş yer alması ilə bağı idi. Milli rəssamlığın tədqiqi sahəsində Leyla xanımın elmi məqalələri olduqca əhəmiyyətlidir. Onun müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən 40-dan artıq elmi məqaləsi təkcə ölkəmizdə deyil, Türkiyədə, Almaniyada, İtaliyadaRusiyada nəşr olunaraq geniş şəkildə yayılmışdır.

2000-ci ildə “Zamanın qanadları” adlı Yaradıcılıq Assosiasiyasının təsisçisi və direktoru olmuşdur. Onun burada həyata keçirdiyi tədbirlər milli-mənəvi dəyərlərimizin geniş təbliği məqsədi daşıyırdı. Leyla xanım xüsusilə gənc sənətçilərə dəstək verməyi həmişə başlıca vəzifə hesab edirdi. Burada gənc rəssamlar, sənətşünaslar və musiqiçilər toplaşır, öz problemləri ətrafında müzakirələr aparırdılar. Assosiasiyanın üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan, Norveç, Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak etmişlər.

Leyla xanım Azərbaycanda incəsənət üzrə ixtisasçı kadrların yetişdirilməsi sahəsində də uzun illər çalışmışdır. 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində Təsviri İncəsənət kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Bu universitetdə çalışdığı dövrdə sənətşünaslıq üzrə bir sıra elmi işlərin aparılmasına da rəhbərlik etmişdir.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılandan sonra Leyla xanım bu akademiyaya keçərək, orada Təsviri incəsənət tarixi kafedrasının müdiri kimi fəaliyyətə başlamışdır. Onun tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müasir fotoqrafiya, videoart, aparıcı AvropaAmerika rəssamları haqqında treninqlər təşkil olunmuşdur.

1999-cu ildə Türkiyənin Sparta şəhərində “Türk xalqlarının incəsənəti”, 2002-ci ildə Fransanın Strasburq şəhərində “Mədəni müxtəliflik”, 2003-cü ildə Gürcüstanın paytaxtında keçirilən “Karvansaray”, İtaliyanın Venesiya şəhərində keçirilən “Qonşuların dialoqu”, Serbiyanın paytaxtında keçirilən “Yeni ideyalar” konfrans və simpoziumların iştirakçısı olmuş, Azərbaycan incəsənəti və digər mövzularda məruzələrlə çıxış etmişdir.

1998-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtında Ümumdünya Bankının Rəsm Qalereyasında Leyla xanımın təşkil etdiyi “Azərbaycan rəngkarlığı” sərgisi Azərbaycan incəsənətinin təbliği nöqteyi-nəzərindən çox əhəmiyyətli bir tədbir olmuşdur. Bundan başqa Leyla xanımın təşkilatçılığı ilə Bakıda keçirilən “Oriyentalizm daxildən və xaricdən”, “7+7" sərgilərində müasir incəsənətin yeni nailiyyətləri öz əksini tapmışdır.

İtaliyadaVenesiya Biennalesi”ndə Azərbaycan pavilyonunun təşkilində Leyla xanımın xüsusi rolu olmuşdur. Eyni zamanda, 2005-ci ildə Moskva rəssamlarının sərgisini də Leyla xanım xüsusi zövqlə hazırlamışdı. Moskvada isə 2006-cı ildə Azərbaycan rəssamlarının sərgisini təşkil etmişdi. Sərgi Moskvanın Dövlət Müasir İncəsənət Muzeyində keçirilmişdi.

Leyla xanımın ən böyük xidmətlərindən biri Azərbaycanda “Aliminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin təşəbbüsçüsü və təşkilatçısı olması idi. Bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən sənət adamları dəvət olunur, onların əsərlərinin sərgiləri təşkil edilir, eyni zamanda müasir incəsənətin problemləri ilə bağlı müzakirələr aparılır. 2003, 2005, 20072009-cu illərdə keçirilən bu beynəlxalq tədbirlərdə Azərbaycan incəsənəti də əsaslı şəkildə yer almışdır.

Leyla xanımın mühüm xidmətlərindən biri də “XX əsr dünya incəsənəti” adlı monoqrafiyanın hazırlanması olmuşdur. Bu monoqrafiya XX əsr dünya incəsənət tarixindən bəhs edən Azərbaycan dilində yazılmış ilk əsərdir. Müəllif Azərbaycan oxucusunu dünyanın müxtəlif ölkələrinin məşhur sənətçiləri, onların əsərləri ilə tanış edir, bəşəri dəyərlərə çevrilmiş bu əsərlərin əhəmiyyəti barədə söhbət açır.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[1]

Leyla Axundzadənin iştirak etdiyi əsas beynəlxalq konfranslar və simpoziumlar

[redaktə | mənbəni redaktə et]

Leyla Axundzadənin təşkil etdiyi əsas sərgilər

[redaktə | mənbəni redaktə et]
  • 1998- “Azərbaycan rəngkarlığı” ABŞ, Vaşinqton, Ümumdünya Bankının Rəsm Qalereyası
  • 2002- “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
  • 2003- “7+7” Beynəlxalq sərgi, Azərbaycan, Bakı
  • 2003- “Alüminium” I Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
  • 2005- “Alüminium” II Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
  • 2007- “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
  • 2009- “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı
  • 2005- “Metabəstəkarlar birliyi”, Moskva rəssamlarının sərgisi, Azərbaycan, Bakı
  • 2005- “Simalar” adlı XX əsr fotoqrafiya sərgisi, Azərbaycan, Bakı
  • 2006- “Azərbaycan rəssamlarının sərgisi” Rusiya, Moskva (Dövlət Müasir İncəsənət Muzeyi)
  • 2005- “Qadın. Müharibə.Sülh” adlı Beynəlxalq təsviri sənət sərgisi UNİFEM-in xüsusi proqramı çərçivəsində
  • 2007- “52-ci Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya
  • 2009- “53-cü Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya

Leyla Axundzadə 11 fevral 2010-cu ildə avtoqəzada dünyasını dəyişib.[2]

  1. "İncəsənətimizin dəyərli tədqiqatçısı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  2. "Bakının Yasamal rayonunda sərnişin avtobusu piyadanı vurub. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib". 2018-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]