Life Is Strange (azərb. Həyat qəribədir) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır.
Life is Strange | |
---|---|
Hazırlayan | Dontnod Entertainment |
Yayımlayan |
|
Seriya | Life is Strange |
Anons tarixi | 11 avqust 2014 |
Buraxılış tarixi |
Epizod 1 30 yanvar 2015 Epizod 2 24 mart 2015 Epizod 3 19 may 2015 Epizod 4 29 iyul 2015 Epizod 5 20 oktyabr 2015 |
Janrlar | Macəra oyunu |
Rejissorlar |
Raul Barbet Mişel Kox |
Prodüserlər | Luk Baqadust |
Dizaynerlər | Batist Moizan |
Ssenaristlər |
Kristian Divayn Jan-Luk Kano |
Bəstəkarlar | Conatan Morali |
Texniki məlumat | |
Platformalar | |
Mühərriklər | Unreal Engine 3 |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | DVD, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, klaviatura və maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun baş qəhrəmanı olan 18 yaşlı fotoqrafiya tələbəsi Maks Kolfild (ing. Max Caulfield) zamanı geriyə çəkmək bacarığına malikdir. Bu unikal güc sayəsində o, əvvəlki qərarlarını və onun nəticələrini dəyişə bilir. Oreqon ştatındakı “Arcadia Bay” adlı dənizkənarı şəhərdə yaşayan Maks, uşaqlıq dostu Kloi ilə yenidən bir araya gəlir. Onlar birlikdə müəmmalı şəkildə itkin düşən başqa bir tələbə yoldaşı Reyçel Emberin başına nə gəldiyini öyrənməyə çalışırlar. Cavab axtararkən Maks həm də şəhəri yerlə-yeksan edəcək tornado ilə bağlı təkrarlanan görüntülər də görür. Ona aydın olur ki, şəhəri yaxınlaşan fəlakətdən xilas edə biləcək yeganə şəxs odur və o, şəhərin son ümididir.
“Life is Strange”in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır. Oyun müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülmüşdür. 2017-ci ilədək oyunun üç milyondan artıq rəqəmsal nüsxəsi satılıb.
Life Is Strange üçüncü şəxs perspektivindən oynanılan interaktiv macəra oyunudur. Zamanı geriyə alma mexanizmi sayəsində oyunçuya alınan qərarları dəyişdirmək imkanı yaradılır[1]. Oyunçu müxtəlif tapmacalara cavab ola biləcək obyektləri incələyərək, oyunun gedişatına təsir göstərə bilir. Zamanı geriyə almazdan əvvəl toplanılan əşyalar zaman geriyə alındığından sonra da oyunçunun inventarında qalır[2].
Oyunçu hadisələrin baş verdiyi şəhər olan Arkediya Beydə müxtəlif məkanları ziyarət edə bilir və eyni zamanda müxtəlif personajlarla ünsiyyət qura bilir[3][4]. Maksın zamanı geriyə alma bacarığı sayəsində oyunçu personajlarla ünsiyyətdə dialoqların gedişatında da fərqlilik yarada bilir. Müəyyən dialoqların gedişatı bütün hekayənin gedişatına təsir göstərə bilir. Alınan hər bir qərar daha sonra hekayəyə müsbət və ya mənfi təsir göstərir[5].
Videooyunda baş verən hadisələr Oreqon ştatında yerləşən, xəyali yaradılmış Arkediya Bey şəhərində cərəyan edir. Hekayə 12-ci sinifdə təhsil alan və 2013-cü ilin oktyabr ayında Oreqonda yerləşən Blackwell Akademiyasına daxil olan Maksin "Maks" Kolfildin (ing. Maxine "Max" Caulfield) perspektivindən danışılır. Fotoqrafiya dərslərini akademiyada təşkil edən Mark Ceffersonun (ing. Mark Jefferson) dərsi zamanı Maks Arkediya Beydə yerləşən mayakın böyük qasırğa tərəfindən darmadağın edildiyini görür. Sinif otağında gözlərini açan Maks bunun sadəcə bir yuxu olduğunu düşünür. Gördüyü mənzərədən narahat olan Maks üzünə su vurmaq üçün tualet otağına gedir və tualet otağında Maks tələbə yoldaşı Neytan Preskotun (ing. Nathan Prescott) başqa bir qıza silah çəkdiyinə və onu vurduğuna şahid olur. Həmin an Maks ani bir əl hərəkəti ilə zamanı geriyə çəkə bildiyini kəşf edir və Neytanın vurduğu qızı ölümdən xilas edir. Daha sonra həmin qızın Maksın uşaqlıq dostu Kloi Prays (ing. Chloe Price) olduğu məlum olur. Yenidən birləşən dostlar mayakın ətrafında gəzintiyə çıxırlar və orada Maks Kloiyə böyük sirrini, zamanı geriyə çəkə bilməsini danışır. Fırtınanın baş verdiyi növbəti görüntüdə Maks bunun yuxu olmadığına əmin olur və hadisənin gələcəkdə baş verəcəyini anlayır. Növbəti gün Maks akademiyanın bir neçə tələbələri ilə akademiyada təşkil edilən şənlikdə öpüşdüyü anların video şəklində internetdə yayıldığı digər tələbə yoldaşı Keyt Marşın (ing. Kate Marsh) tələbələr tərəfindən sözlü təcavüzə məruz qaldığına şahid olur. Həmin gecə nə olduğunu xatırlamayan Keytin videonun çəkildiyi anda narkotik maddənin təsiri altında olduğu iddia edilir və Maks bununla bağlı olaraq Neytandan şübhələnir.
Maks Kloinin anası Coys Praysın (ing. Joyce Price) işlədiyi yeməkxanada Kloi ilə görüşür və onlar Maksın güclərini sınaqdan keçirmək üçün tərk edilmiş zibilliyə gedirlər. Lakin, gərginlik Maksın burnunun qanamasına və huşunu itirməsinə səbəb olur. Kloi onu akademiyaya geri qaytarır. Akademiyada hər kəs təlaş içində qızların yataqxanasının həyətində toplanır. Keyt özünü yataqxananın damından ataraq intihar edir. Zamanı geri qaytarmaqda çətinlik çəkən Maks anidən zamanın donmasına səbəb olur. Dama qalxmağa nail olan Maksa Keyti fikrindən daşındırmaq şansı verilir. Maks Keytin və Kloinin yaxın dostu Reyçel Emberin (ing. Rachel Amber) başına nə gəldiyini üzə çıxarmaq üçün qərar qəbul edir. Belə ki, Maks və Kloi tələbələr haqqında araşdırma aparmaq üçün gecə saatlarında akademiyanın direktorunun ofisinə gizlin daxil olurlar. Bununla kifayətlənməyərək, qızlar Blackwell akademiyanın nəzarətçisi, eyni zamanda Kloinin ögey atası Devid Medsondan (ing. David Madsen) gizlənməyi bacarıb, akademiyanın hovuzunda üzürlər. Növbəti gün Maks və Kloi narkotik satıcısı və Reyçelin dostu Frank Bouersin (ing. Frank Bowers) təkərli evinə gizlin daxil olurlar. Üzə çıxan məktubdan Reyçelin Frank ilə sevgili olduğunu anlayan Kloi özünü aldadılmış hiss edir. Atası Uilliam Praysı (ing. William Price) avtomobil qəzasında itirən Kloi ilk öncə atasını misal göstərərək həyatda bütün sevdiklərinin onu tərk etdiyini vurğulayaraq, üsyan edir. Yataqxanaya qayıdan Maks otağında Kloi ilə olan uşaqlıq şəklinə baxarkən, qəflətən şəklin çəkildiyi günə səyahət edir. Maks Kloinin atasının həlak olduğu avtomobil qəzasının baş verməsinin qarşısını alır və Uilliamın sağ olduğu alternativ reallıq yaranır. Lakin, həmin reallıqda daha sonra Kloinin öz avtomobilində qəzaya uğrayıb, beldən aşağı iflic olduğu aydın olur.
Digər bir şəkildən istifadə edərək, Uilliamın yaşamadığı reallığa qayıdan Maks Kloini sağlamlığına qovuşdurur. Araşdırmalara davam edən Maks və Kloi əldə etdikləri ipuclarını birləşdirirlər və nəticə olaraq qızlar bütün izlərin apardığı nüfuzlu Preskot ailəsinə məxsus tərk edilmiş anbarı ziyarət edirlər. Maks və Kloi anbarda gizli sığınacaq aşkar edirlər və həmin sığınacaqda onlar Keyt və Reyçelin ağızlarının bağlı olaraq yerdə huşsuz vəziyyətdə uzanmış ağ-qara şəkillərini üzə çıxarırlar. Şəkillərin birində isə Maks və Kloinin daha öncə ziyarət etdikləri zibillikdə Reyçelin bastırıldığı görünür. Təlaşla həmin zibilliyə gedən qızlar Reyçelin cəsədini şəklin göstərildiyi yerdə aşkar edirlər. Növbəti hədəfin Viktoriya Çeys (ing. Victoria Chase) olduğunu düşünən Maks və Kloi Neytanın qarşısını almaq üçün akademiya şənliyinə yollanırlar. Bu zaman Neytandan cəsədin aradan qaldırılacağı ilə bağlı təhdidedici mesaj alan Maks və Kloi yenidən zibilliyə qayıdırlar. Onlar akademiyada Fotoqrafiya müəllimi kimi çalışan Mark Cefferson tərəfindən tələyə düşürlər. Cefferson Maksı anastaziya ilə huşsuz vəziyyətə gətirir və Kloini isə alnından güllələyir. Cefferson Maksı bundan öncə bir çox gənc qızları narkotik maddələrin təsiri altına salaraq, müxtəlif vəziyyətlərdə şəkillərini çəkdiyi Qaranlıq otağına gətirir. Gözünü otağda açan Maks sinif otağında çəkdiyi şəkildən istifadə edərək, zamanı Ceffersonun dərs keçdiyi ana qaytarır. Maks dərhal akademiyanın nəzarətçisi Medsonu Cefferson barədə xəbərdar edir və Cefferson həbs olunur.
Maksa San Fransiskoya səyahət şansı verilir və San Fransiskonun incəsənət qalereyasında Maksın şəkillərindən biri nümayiş etdirilir. Kloi ilə əlaqə saxlayan Maks bütün səylərinə baxmayaraq öngördüyü fırtınanın qarşısını ala bilmədiyinin fərqinə varır. Fırtınanın Arkediya Beyə çatdığını xəbər alan Maks qalereya üçün çəkdiyi şəkildən istifadə edərək, zamanı geriyə çəkir və Maks özünü dəhşətli kabusun içində tapır. Maks Kloi ilə birlikdə mayakın ətrafında kabusdan oyanır və gözlənilən fırtınanın şəhərə yaxınlaşdığına şahid olur. Fırtınanın qarşısını almağın yeganə yolu lap əvvələ qayıdıb, Kloini Neytanın açdığı atəşdən ölməsinə icazə vermək idi. Oyunun sonunda oyunçunun qarşısına iki seçim qoyulur: Kloinin ölümünə göz yumub, şəhəri və bütün insanları fəlakətdən qurtarmaq və ya Kloinin yaşaması üçün bütün şəhəri qurban vermək.
Personaj | Məlumat |
---|---|
Maksin Kolflid | Əsas qəhrəman, 18 yaşlı tələbə-fotoqraf |
Kloi Prays | Maksın uşaqlıq dostu, lezbiyan, Reyçeli sevir, Uilliam və Coys Praysın qızı |
Mark Cefferson | Məşhur fotoqraf, Blackwell Akademiyasında Fotoqrafiya müəllimi, əsas mənfi personaj |
Neytan Preskot | Blackwell Akademiyasının tələbəsi, mənfi personaj, narkotik satıcısı, psixi xəstə |
Devid Medson | Blackwell Akademiyasının nəzarətçisi, müharibə veteranı, Kloinin ögey atası |
Coys Prays | Kloinin anası |
Viktoriya Çeys | Blackwell Akademiyasının tələbəsi, mənfi personaj, Neytanın dostu |
Keyt Marş | Blackwell Akademiyasının tələbəsi, dindar xristian, Maksın dostu |
Frank Bouers | Narkotik satıcısı, Kloinin tanışı, Reyçeli sevir |
Uoren Qreham | Blackwell Akademiyasının tələbəsi, Maksı sevir |
Reymond Uells | Blackwell Akademiyasının direktoru, içki düşkünü |
Reyçel Ember | Blackwell Akademiyasının tələbəsi, Cefferson tərəfindən öldürülür |
Uilliam Prays | Kloinin atası, avtomobil qəzasında həlak olub |
Epizod | Çıxış tarixi | ||
---|---|---|---|
"Epizod 1: Barama" | 30 yanvar 2015 | ||
"Epizod 2: Vaxtından gec" | 24 mart 2015[6] | ||
"Epizod 3: Xaos nəzəriyyəsi" | 19 may 2015[7] | ||
"Epizod 4: Qaranlıq otaq" | 28 iyul 2015[8] | ||
"Epizod 5: Polarizə olunmuş" | 20 oktyabr 2015 |