Linum usitatissimum var. crepitans

Adi kətan (lat. Linum usitatissimum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü.

Adi kətan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mədəni kətan, əkilən və yaxud adi kətan hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə, məsələn, Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur. Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3–4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yarpaqları tükcüklərlə örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçəkləri gövdənin nəhayətində yalançı çətir (dixazi) şəklində toplanmışdır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaqla çiçəkaltlığı lansetvaridir. Çiçəkləri nisbətən az üzvlü, çox hissəsi orta irilikdə və yaxud xırda 1,5-2,4 sm diametrində, kifayət qədər uzun saplaqlı, yuxarı hissələrdə yaxınlaşmışdır. Kasa yarpaqları 5–6 mm uzunluqda ot tipli, yumurtavari və ya yumurtavari-lansetavri, uzunsov yumurtavari, yuxarı hissələrdə sivri və ya qısa sivri, 2-5 əksər hallarda 3 damarlı, daxildə nisbətən geniş, ağ örtüklə haşiyələnmiş, yuxarı hissədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm uzunluqda pazşəkilli, tərs yumurtavari, yuxarı hissələrdə bir neçəsi çəp dairəvi və ya kütləşmiş, tam kənarlı, hamar və ya yüngül büzmələ-nən, mavi və ya göy rəngli, nisbətən tünd damarlı, bəzən isə ağ, çəhrayı və ya qırmızı-bənövşəyi, aşağıya doğru qurumuş ağ rəngli, əsasında sarı damarı olan və tez tökülən olur. Erkəkcikləri xətvari, ağ rəngli, yuxarı hissəsi tikanlı göy saplıdır (damarlıdır). Erkəkcik borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən isə sarı və ya çəhrayı rəngli olur.

Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurtalığı (toxumluğu) yumurta şəkilli, yaşıl rəngli, sütuncuğu pazşəkilli-xətvari, ağızcığı tünd göydən bənövşəyi rəngə qədər dəyişilir. İyun və iyul aylarında çiçəkləyir.Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günortadan sonra yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə çiçək açmır. Mayalanması ancaq həşəratlar vasitəsilə - çarpaz üsulla gedir. Meyvəsi 6–8 mm uzunluğunda, 5,7-6,8 mm diametrdə, yastılaşmış şarşəkilli və ya şarşəkilli - yumurtavarı olmaqla beş yuvalı qutucuqdur. Üzərində kasacığın izi qalmışdır. Yuxarı hissəsi azacıq sivri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş, bəzən yetişmədən əvvəl zəif rəngli, çatlamayan, yalançı arakəsməli, tüksüz (hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir.

Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxumları 3,3-5,0 mm uzunluqda, yumurtavarı və ya uzunsov ellipsvarı, yanları qeyri-bərabər, güclü yastılaşmış, əsasında dairəvi, yuxarısı sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə qədər dəyişən, az hallarda yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.Toxumun qabığı suya dəydikdə yumşalır, selikli maddəyə çevrilir. Uzunlifli kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13 qr.) gəldiyi halda, yağlıq sortlarınkı 8-15 qram olur.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibində 13%-dən çox olmayan su, 6% ümumi kül, 2% isə üzvi və mineral duzlar vardır. Toxumunu hidroliz edərkən qalaturon turşusu, qalaktoza, ramnoza və arabinoza, ali yağ turşularının və zülalların triqliseridlərdən ibarət yağlar (30-40%) olur. Xaricə məlhəm (təpitmə), daxilə isə bürüyücü və yumuşatıcı maddə şəklində təyin edilir. Tərkibində rütubət 13%, kül 6%, çiçək hissəcikləri 4%, yarpaq, gövdə, çiçək hissəcikləri 1%, üzvü birləşmələr 2% mineral birləşmələr isə 0,5%-dən çox deyildir.

  • Linum crepitans (Boenn.) Dumort.
  • Linum humile Mill.
  • Linum indehiscens (Neilr.) Vavilov & Elladi
    • Linum usitatissimum var. crepitans Boenn.
    • Linum usitatissimum subsp. crepitans Elladi
    • Linum usitatissimum subsp. humile (Mill.) Chernom.
    • Linum usitatissimum var. humile (Mill.) Pers.
    • Linum usitatissimum var. indehiscens Neilr.
    • Linum usitatissimum f. usitatissimum[2]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 277.
  2. Adi kətan:''The Plant List saytında takson barədə məlumat. (ing.)