Lublin Politexnik Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Müasir tədris texnologiyalarının tətbiqinə önəm verən ali təhsil ocaqlarından biridir.
Lublin Politexnik Universiteti | |
---|---|
Politechnika Lubelska | |
51°14′08″ şm. e. 22°33′01″ ş. u. | |
Əsası qoyulub | 1953 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 9.000 |
Ölkə | |
Sayt | pollub.pl |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet 13 may 1953-cü il tarixində Lublin texnik və mühəndislərinin təşəbbüsü ilə yaradılıb, axşam mühəndislik məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbin yaradılması ilə ilk bölməsi (fakültə) — mexanika işə başlayıb. 1965-ci ildə təhsil müəssisəsi ali mühəndislik məktəbi adlandırılıb. Həmin ildə tikinti, bir il sonra elektrik bölməsi istifadəyə verilib. Təhsil müəssisəsində böyük dəyişikliklər 1970-ci illərdə həyata keçirilib. Belə ki, 1977-ci ildə Ali Mühəndislik Məktəbi Lublin Politexnik adına dəyişdirilib, 1988-ci ildə idarəetmə və texnikanın əsasları bölməsi yaradılıb. Bölmə 2007-ci il, 28 dekabr tarixindən idarəetmə bölməsi adı ilə fəaliyyət göstərib. 2003-cü ildə isə elektrik bölməsi elektrotexnika və informatika bölməsi adı altında fəaliyyətə başlayıb. Politexnik universitetində 2007-ci ildə altıncı bölmə — texnikanın əsasları bölməsi istifadəyə verilib. Lublin Politexnikin senatı 2003-cü il, 3 iyul tarixində 13 may tarixini ali məktəbin bayram günü elan edib.
Lublin şəhərinin mərkəzindən cənubda yerləşən universitet şəhərciyinin ərazisində ali məktəbin 14 korpusu yerləşir ki, onların da bir qismi tarixi binalardır. Universitetin yaxınlığında qida məntəqələri, nəqliyyat şəbəkəsi, 4 tələbə yataqxanası, bir neçə klub və idman kompleksi var. Universitet administrasiyası Lublinin mərkəzində, Bernardinski küçəsindəki tarixi binada yerləşir.
Universitet Lublinin beş dövlət təhsil müəssisəsindən biri, texniki profil üzrə yeganə ali məktəbidir. Universitetin cazibədarlığı hər şeydən əvvəl təhsilin yüksək səviyyəsi və müasir maarifləndirici təkliflə ifadə edilir. Ali məktəb birinci səviyyədə bakalavratura, mühəndislik səviyyəsi, magistratura və doktorantura üzrə (aspiranturaya uyğun) maarifləndirici proqramları təklif edir. Universitetin maarifləndirici ixtisaslarının əksəriyyəti Dövlət Akkreditasiya Komissiyasının müsbət rəyini alıb.
Fəaliyyət başladığı vaxtdan etibarən texniki universitet mühəndis kadrlarının hazırlığını və elmi araşdırmaları həyata keçirir. Elmi araşdırmaların əsas istiqamətlərini informasiya-kommunikasiya texnologiyaları (İKT), konstruksiyaların və texnologiyaların inkişafı, ətraf mühitin qorunması, həmçinin materiallar və enerji iqtisadiyyatı təşkil edir. Ali məktəb eyni zamanda ekspertizalar yerinə yetirir və konsultasiya fəaliyyəti göstərir. Çoxsaylı elmi nəşrlər, həmçinin patentlər və qorunan hüquqlar bu sahələr üzrə tədqiqatların göstəriciləridir.
Hazırda universitetdə 6 fakültə fəaliyyət göstərir: Tikinti və arxitektura (arxitektura və urbanistika, tikinti istiqamətləri), elektrotexnika və informatika (elektrotexnika, informatika), ətraf mühit mühəndisliyi, mexanika (materiallar mühəndisliyi, mexanika və maşınqayırma, nəqliyyat, idarəetmə və istehsal mühəndisliyi), texnikanın əsasları (texniki-informasiya təlimi, riyaziyyat), idarəetmə (idarə etmə, idarəetmə və istehsal mühəndisliyi).
Ali təhsil müəssisəsinin texniki istiqamətləri 50-dən çox ixsisası özündə birləşdirir.
Ali məktəbdə zəngin elmi resursları ehtiva edən kitabxana fəaliyyət göstərir. Kitabxana tələbələrə və universitetin əməkdaşlarına texniki elmlər sahəsində elmi ədəbiyyatı, dərslikləri və informasiya nəşrlərini, həmçinin ümumi jurnallar, elmi və peşəkar jurnallar təqdim edir. Eyni zamanda Polşanın cari texniki ədəbiyyatını və xarici ədəbiyyatın böyük seçimini təklif edir. Kitabxanada təxminən 150 min kitab mövcuddur, kitabxana 300-dən çox jurnal və 40 xarici nəşrə abunədir. Resurslar fakültələrin beş kitabxanasından və xidmətin mərkəzi məntəqələrindən asanlıqla əldə edilə bilər.
2009-cu ildən Lublin Politexnik Universitetində rəqəmli kitabxana fəaliyyət göstərir. Bu kitabxananın hədəfi — universitetin elmi və maarifləndirici resurslarına və onun tarixi, həmçinin regionun elmi və texniki tarixi ilə bağlı sənədlərə internet çıxışı təmin etməkdir.
Universitet bölmələrinə kitabxanadan əlavə, inkişaf və kooperasiya bürosu, hesablama mərkəzi, innovasiyalar və qabaqcıl texnologiyalar mərkəzi, Lublin sahibkarlıq inkubatoru, Lublin texnologiyaların transferi mərkəzi daxildir.
İnkişaf və kooperasiya bürosu partnyor təşkilatlarla əməkdaşlıq edir, həmçinin, birgə tədbirlərin reallaşdırılması məqsədilə partnyorların axtarışı ilə məşğul olur. Bura ümumi layihələrin reallaşdırması sahəsində sahibkarlarla əməkdaşlıq, eyni zamanda universitetin biznes təklifləri daxildir.
Ali məktəbdə yaradılan Hesablama mərkəzi ali təhsil müəssisəsinin idarəetməsini təşkil edən hesablama sistemlərinin yaradılması, məzmunu və inkişafı məsələlərini əhatə edir. Hesablama mərkəzi universitetin bütün təşkilat bölmələrində aparaturanın və proqram təminatının əldə edilməsinin koordinasiyası ilə məşğul olur.
İnnovasiyalar və qabaqcıl texnologiyalar mərkəzi yeni texnologiyaların populyarlaşması, elmi işlərin nəticələrinin tətbiqi, həmçinin universitetin intellektual və texniki potensialının daha effektiv istifadəsi kimi sahələrdə universitetin fəaliyyətinin optimallaşdırması üçün yaradılıb.
Lublin sahibkarlıq inkubatorunun əsas fəaliyyəti tələbə gənclər arasında sahibkarlıq ideyasının populyarlaşması, gənc insanlar arasında sahibkarlıq ruhunun oyanışı, yeni başlayan biznesmenlərə köməkdən ibarətdir. İnkubatorun fəaliyyət prioritetlərindən biri xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsidir. Bu vəsaitlər tələbələr, məzunlar və gənc elmi işçilərə şəxsi biznes və biznes ideyalarının effektiv şəkildə reallaşdırmağa yardım göstərir.
Lublin texnologiyaların transferi mərkəzi ali məktənin önəmli bölmələrindən biridir. Mərkəz axtarış və elmi araşdırmaların nəticələrinin kommersiyalaşdırılması, innovasiya biznes-tədbirlərinin və texnologiyaların populyarlaşması, texnoloji əməkdaşlığın inkişafı, innovasiya müəssisələrinin inkişafına dəstəyin göstərilməsi, yerli hakimiyyət orqanları, dövlət idarələri və ticarət təşkilatları ilə əməkdaşlığın təşkilini həyata keçirir.
Científicas Consejo Superior de Investigaciones ispan institutu tərəfindən hazırlanmış Webometrics Ranking of World Universities — dünya ali təhsil müəssisələrinin reytinqinə görə Lublin Politexnik Universiteti Polşada texniki təhsil müəssisələrinin arasında 12 yerdə qərar tutur.