Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir.
Mübahisəli şəhər | |
---|---|
Müəllif | Süleyman Vəliyev |
Yazılma ili | 1947 |
Nəşr ili | 1957 |
"Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə[1] roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir.
Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər. Ümumiyyətlə, Triest tarixən mənsubiyyət cəhətdən mübahisəli olub: gah italyan, gah da sloven şəhəri sayılıb. Romanda isə bu mübahisə partizanlar və faşistlərin arasında gedir. Triest ətrafındakı bütün qəsəbə və kəndlərin əhalisi partizanları dəstəkləyir.
Romanda yazıçı partizan təşkilatlarının quruluşunu və iş prinsiplərini dəqiq və ətraflı təsvir etmişdir. Bu dəstələrdə adi hərbi intizamdan başqa, sərt daxili qaydalar var. Hər bir partizan, ilk növbədə, məxfi rejimdə mübarizə aparan yoldaşlarını qorumağa borcludur. Silah yoldaşları üçün risk yaradan addımlar partizanlar arasında çox sərt, adətən, ölümlə cəzalandırılır. Partizan dəstələrində təşkilatın məxfiliyini qorumaq hərbi intizamın əsas şərtidir. Göstərilən partizan hərəkatı çoxmillətlidir. Yazıçı italyan, qaraçı, slovak, yəhudi, Krım tatarı və başqa soylardan olan partizanları eyni rəğbətlə təsvir edir. Onları birləşdirən ümumi cəhət zülmə baş əymək istəməmələri, öz azadlıqlarını qorumaq əzmləridir. Onlar bütün vəzifələrdə mübarizəyə hazırdırlar.
Romanda yazıçı faşist düşərgələrini də təsvie etmişdir. Yazıçı qeyd edir ki, əsirlər özlərini müxtəlif cür aparırlar: bəziləri fiziki və mənəvi cəhətdən sınır, digərləri faşistlərlə əməkdaşlıq üçün süni əsaslar axtarırlar. Zəiflikdən və aclıqdan ölənlərin sayı da çoxdur. Eyni zamanda, romanın əsas motivlərdən biri qorxu və xəyanət məsələləridir. Əlinə silah alıb vətənin və torpağın müdafiəsinə duran hər bir əsgərin daxili həyatı üçün bu problem aktual olur. Əsgər öz borcunu doğru dərk etməli və qorxunu yaxın buraxmamalıdır. Yazıçı qorxunu partizan və əsgər üçün xəyanətlə eyniləşdirir. Romanda qadın surətləri də əks olunub. Qadın surətləri içərisində Zora və Anita xüsusilə yaxşı işlənmişdir. Onlar faşistlərin əlində olan ərazilərdə təbliğat, kəşfiyyat və digər tapşırıqları icra edirlər.
Aslan – romanda Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı döyüşçülərin ən aparıcı nümayəndəsidir. Bu personajda avtobioqrafik məqamlar da var. Aslan gəncdir, hələ məktəbli olduğu vaxtlardan mübariz, hərbi igidlik göstərən, qorxu bilməyən ədəbi qəhrəmanlara rəğbətlə yanaşmışdır. Müharibə başlanan günün səhəri o, könüllü olaraq Hərbi Komissarlığa gəlir və cəbhəyə yola düşür. O, faşizmə qarşı mərdliklə vuruşmaq, cəbhədən bir qəhrəman kimi qayıtmaq fikrindədir, lakin müharibənin amansız gerçəkliyi onun planlarını alt-üst edir. Aslan güclü əxlaqi şüuru olan bir insandır. O daim özünə kənardan qiymət verməyə çalışır: o daim qəhrəmanlıq göstərmək niyyətlərinə nə dərəcədə yaxın olduğunu götür-qoy edir və məyus olur. Kerç uğrunda döyüşlərdə faşist aviasiyasının hücumu onun xidmət etdiyi hissəni pərən-pərən salır. Aslan və əsgər dostları özlərinə gəlməmiş mühasirəyə düşür və əsir götürülürlər. Aslan əsirlər içində çoxlu tanışlar tapır: bunlar 416-cı Azərbaycan diviziyasının əsgərləridir, amma Aslan bütün mənəvi və fiziki qüvvələri ilə əsirlik həqiqətinə müqavimət göstərir. Onun şüurunun dərinliklərində müharibə gerçəkliyinə qarşı dərin bir barışmazlıq vardır. Bu barışmazlıq ona yollar axtarmağa, vəziyyətdən çıxmaq üçün hər gün düşünüb planlar qurmağa qüvvət verir. Əsirlər düşərgədə gizli təşkilat düzəldirlər və dağlardakı partizanlarla əlaqə yaradırlar. Aslan onların arasındadır. Az danışmağa, konkret işlər görməyə üstünlük verir. Partizan hərəkatındakı və nizamnaməsindəki qəddarlıq daxilən ona yaddır, lakin o, reallıqla həmişə hesablaşır. Triyestin azad edilməsi uğrunda sonuncu döyüşdə Aslan ağır yaralanır, amma o, ağır yaralardan sağalır.
Zora Eqon – rəssam, atası partizan dəstəsinin komandiridir. Özü Triyestə yaşayır və partizanlara kömək edir.
Avqust Eqon – partizan dəstəsinin komandiri.
Digər personajlar: Sila, Anita, Rade, Mrva
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |