Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi

Mübariz İbrahimov adına Biləsuvar Təhsil KompleksiAzərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan təhsil kompleksidir[1][2]. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2010-cu il 29 sentyabr tarixindən etibarən Nazirlər Kabinetinin qərarı ilə Biləsuvar rayon lisey- məktəb kompleksi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır[2][3]. Kompleks 18 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır[3].

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi
Tip bağça-məktəb-lisey kompleksi
Direktor Aqşin Bağırov
Şəhər Biləsuvar
Ölkə
Ünvan Heydər Əliyev prospekti, 2D
Sayt billis.az

Məktəb-liseyinin açılış mərasimində çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Beynəlxalq Təhsil Standartlarına cavab verən Məktəb-Lisey kompleksinin açılmasında məqsəd şagirdləri müstəqil həyata hazır intellektuallar kimi yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdir.

Açılış mərasimində eyni zamanda Biləsuvar rayon İcra Başçısı Adil Məmmədov, millət vəkili Xanhüseyn Kazımlı, məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov məktəbin pedaqoji kollektivi və şagirdlərini təbrik ediblər.

Biləsuvar Təhsil Kompleksində hazırda 470-ə yaxın şagird təhsil alır, növbəti dərs ilindən isə onların sayının 550-600 nəfərə çatacağı gözlənilir. 34 nəfərdən ibarət məktəbin pedoqoji kollektivi test üsulu ilə keçirilən silsilə imtahanlar vasitəsilə seçilib. Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir beynəlxalq standartlara cavab verən işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğu quraşdırılıb. Liseydə 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zalları fəaliyyət göstərir. Kompleksdə həmçinin müasir standartlara cavab verən Wi-Fi internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir, eləcə də sinif otaqlarına 5 elektron lövhə ("ağıllı lövhə") də quraşdırılıb. Birinci mərtəbədə fəaliyyət göstərən “Açıq Sinif” otağında valideynlər arzu edilən təqdirdə dərslərin gedişatını birbaşa izləyə bilərlər.

Təhsil siteminin keyfiyyətini artırmaq məqsədilə liseydə ödənişli təhsil, lisey geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təminat, aztəminatlı uşaqlara yardım məqsədilə xüsusi lisey fondu, 5-40 kilometr məsafədə yaşayan şagird və müəllimlərin xüsusi avtobuslarla daşınması təşkil olunub.

Təhsil Kompleksində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif klublar, dərnəklər, idman seksiyaları, mahnı və rəqs ansamblı, lisey teatrının yaradılması nəzərdə tutulub. Sosial yönlü təhsil proqramları çərçivəsində “Məktəb jurnalistikası” və “Debat” kimi layihələr həyata keçirilir. Bununla yanaşı Kompleksdə bir neçə xarici dilin öyrədilməsi əsas prioritetlərdən biridir.

Həmçinin, kompleksdə şagirdlərin maraqlarına uyğun yenilənən və ən müxtəlif sahələri əhatə edən "İntellektual oyunlar", "110 kitab", "Şahmat", "Gənc İstedadlar klubu", "Dünyanı tanıyaq", "Gitara", "Xor" kimi klub və dərnəklər təşkil olunur[3].

  1. "Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Bilik günü tədbiri keçirilib" (az.). az.trend.az. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  2. 1 2 "Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi" (PDF) (az.). edu.gov.az. 2021-04-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-21.
  3. 1 2 3 "Haqqımızda" (az.). bilim.edu.az. 2021-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-27.