Müfidə İlhan (11 fevral 1911, İstanbul – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır.
Müfidə İlhan | |
---|---|
türk. Müfide İlhan | |
Doğum tarixi | 11 fevral 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1996 (84 yaşında) |
Vəfat yeri | |
Atası | Mustafa Nazif Çakmak |
Anası | Əminə Çakmak |
Fəaliyyəti | siyasətçi, pedaqoq |
Partiyası | |
Tanınır | Türkiyədə ilk qadın bələdiyyə başçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı.
1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür. Berlində yaşadığı müddətdə Pestalozzi-Fröbel-Haus İnstitutunda xalq təhsili və uşaq tərbiyəsi mövzularına həsr olunmuş seminarlarda iştirak etmişdir. Lakin cütlük 1936-cı ildə boşandı və Müfidə Ankaraya qayıtdı.
İkinci dəfə həkim Faruk İlhanla evlənmiş və ərinin Kabul Universitetinin Tibb fakültəsindəki fəaliyyəti səbəbindən Əfqanıstanın Kabul şəhərinə köçmüşdür. 1945-ci ildə Türkiyəyə qayıtmış, 1946-cı ildən Mersində yaşamağa başlamışdır.[1]
Müfidə İlhanın 2 evlilikdən yeddi uşağı olmuşdur. 1965-ci ildə Türk Analar Dərnəyi tərəfindən "ilin anası" seçilmişdir.
2 fevral 1996-cı ildə yaşadığı Bodrumda uşaqlarının yanında ürək tutmasından öldü və orada dəfn edildi.
Aktiv siyasətə 1946-cı ildə Mersində başladı. 1950-ci il yerli seçkilərdə Demokrat Partiyasından namizəd olaraq bələdiyyə başçısı seçildi. 1951-ci ilin dekabrında siyasi qarşıdurmalar səbəbindən vəzifəsini və partiyasını tərk etdi.[2]
Demokrat Partiyasının sıralarını tərk etdikdən sonra Mersində həmfikirilə birlikdə "Müstəqil Dəstək Dərnəyi"ni qurdu və bir müddət "Mübarizə" adlı bir jurnal nəşr etdi. Əri İzmitə təyin olunduqdan sonra İzmitə getdi və orada Türk Qadınlar Birliyinin şöbəsini qurdu.
1958-ci ildə Qızıl Aypara ilk yardım tədris kurslarında sertifikat aldı və ölkənin müxtəlif bölgələrində Qızıl Aypara bünyəsində ilk yardım müəllimi olaraq çalışdı.
1967-ci ildə həyat yoldaşını itirən İlhan, bu itkidən sonra Almaniyada oxuyan kiçik qızının yanına getdi və 1968–1981-ci illər arasında Almaniyada yaşadı. Alman Hökumətinin Türk uşaqlarını Alman məktəblərinə hazırlamaq proqramı çərçivəsində müəllim işləmişdir.
1980-ci illərdə Türkiyəyə qayıtdıqdan sonra yenidən siyasətə maraq göstərmiş, qısamüddətlik Turqut Sunalpın qurduğu Milliyyətçi Demokratiya Partiyasının (MDP) fəaliyyətində iştirak etmişdir