Mühitdin Birgən

Mühitdin Birgən (1885, Konstantinopol1 oktyabr 1951) — türkiyəli yazıçı, jurnalist və siyasətçi. 1922–1923-cü illərdə Bakıda yaşamış, Respublika Maarif Komissarlığının kollegiya üzvü seçilmiş, Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən, Bakı Dövlət Universitetində isə "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir.[1] 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinin 6-cı çağırışında Mardindən millət vəkili seçilib.

Mühitdin Birgən
türk. Muhittin Birgen
Şəxsi məlumatlar
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1951(1951-10-01)

Haqqında[redaktə | mənbəni redaktə et]

Mühitdin Birgən 1885-ci ildə İstanbulda anadan olub. Unkapı rüşdiyyəsində, daha sonra isə Vəfa edadiyyəsində orta təhsilini bitirdikdən sonra Darülfünunda Ədəbiyyat fakultəsini bitirib. 1906–1908-ci illərdə Hicaz dəmiryollarında fəaliyyət gösətrib. 1908-ci ildən etibarən müxtəlif məktəblərdə fəlsəfə dərsi deyib. 1908-ci ildə İttihad və Tərəqqi ilə yaxınlaşaraq "Tanin" qəzetində yazılar yazmağa başlayır. Sonradan qəzetin yazı işləri müdiri olan o, İttihad və Tərəqqi partiyasında daha da yüksəlir və Məclisi Məbusana 3-cü çağırış Çorum nümayəndəsi kimi seçilir. 1920–1921-ci illərdə "Hakimiyet-i Milliye" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. II Əbdülhəmid dövründə bir müddət Bekirağa həbsxanasında saxlanılıb.[2]

İttihad və Tərəqqi partiyasının iflasından, tanınmış nümayəndələrinin həbs və təqiblərə məruz qalmasından sonra Mühiddin Birgen ailə üzvləri ilə 1921-ci ilin mayında Gürcüstanda sığınacaq tapır. Həmin ilin avqust ayında isə Moskvaya getmək niyyətilə Bakıda olur, Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəsi Memduh Şövkət Esendalla görüşür, iki aya yaxın Moskvada qaldıqdan sonra, 1921-ci ilin oktyabr ayında yenidən Bakıya qayıdır. Azərbaycan Maarfi Komissarlığının dəvətilə 1922-ci ilin oktyabr ayında daha uzun müddət yaşamaq, ən başlıcası isə maarif və mədəniyyət sahəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmaq üçün ailə üzvləri — qaynanası Xoşnaz xanım, həyat yoldaşı Məlahət-Sürəyya xanım, qızı Asudə, baldızı, sonralar şair Nazim Hikmətlə ailə qurmuş Nüzhet xanımla birgə Bakıya gəlir. Respublika Maarif Komissarlığının kollegiya üzvü seçilir, Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən, Bakı Dövlət Universitetində isə "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs deməyə başlayır. Az sonra isə bugünkü "Azərbaycan" jurnalının sələfi sayılan "Maarif və mədəniyyət" məcmuəsinin fəal mühərririnə və yazarına çevrilir.[1]

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1925-ci ildə bir qrup həmkarı ilə birgə "Meslek" qəzetini çap etməyə başlayıb. 1930-cu ilin mart ayında Türkiyənin ilk azad kooperativ jurnalı olan "Türk kooperativçisi" jurnalını çap etməyə başlayıb. 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinin 6-cı çağırışında Mardindən millət vəkili seçilib.[3] 1941-ci ildə isə millət vəkilliyini dayandırır və ömrünün son illərində ticarətlə məşğul olur.[2] "İttihad və Tərəqqidə 10 il" kitabının müəllifidir. 1951-ci ildə İstanbulda dünyasını dəyişib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Asif Rüstəmli. "Mühitdin Birgen və Bakı mühiti". 525-ci qəzet. 29 avqust 2015. 27 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2020.
  2. 1 2 "Muhittin Birgen" (türk. ). biyografya.com. 27 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2020.
  3. "TBMM ALBÜMÜ" (türk. ). tbmm.gov.tr. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2020.