Müqəddəs Şəhid Stepannos monastırı

Müqəddəs Şəhid Stepannos monastırı (erm. Սուրբ Ստեփանոս Նախավկա) ― Şamaxı rayonunun Saqiyan kəndində yerləşən monastır.

Müqəddəs Şəhid Stepannos monastırı
erm. Սուրբ Ստեփանոս Նախավկա
Din
Yeparxiya Şamaxı yeparxiyası, Erməni Qriqorian Kilsəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Bölgə Şamaxı rayonu
Kənd Saqiyan
Memarlıq
İnşa tarixi 1660
Vəziyyəti Restavrasiyaya ehtiyacı var

Saqiyan kəndinin əsas əhalisi xristian tatlar olmuşdur.[1] Bu xristianların dini ehtiyaclarını ödəmək üçün Kirakos adlı bir yerli keşiş tərəfindən 1660-cı[2] ildə ucaldılmışdır. Şamaxı yeparxiyasının rəhbəri Hovhannes Şahxatunyantsın 1842-ci ildə verdiyi məlumata görə monastırın girişində məbədin "Ağvan torpağından Kirakos" adlı bir müəllim tərəfindən tikildiyi qeyd olunmuşdu. Alban katolikosu Katolikos IV Petrosun da adı həmin kolofonda çəkilirdi.[3] Lakin başqa bir katolikos olan II Sargis bu bölgəni ziyarət edəndə monastırın 1741-ci ildə tikildiyini göstərirdi. Şamaxı arxiyepiskopu Daniel Şahnazaryantsın yazdıqlarına görə Şamaxı xanı Mustafa xan dövründə monastır xüsusilə zənginləşmişdi. Daniel bu monastırı "Şamaxı dövləti" üçün bir ilk sayırdı.

1815-ci ildə Rusiya sinodunun qərarı ilə Alban Həvari Kilsəsinin katolikosluğu ləğv edildi və Sargisin dərəcəsi endirildi. Bununla da katolikosluğun ərazisi Şamaxı və Qarabağ yeparxiyalarına bölündü. Şamaxı yeparxiyası isə Saqiyanda mərkəzləşmişdi. 1838-ci ildə Hovhannes Şahxatunyants yeparxiya mərkəzini monastırdan Şamaxıya köçürmüşdü. Monastıra gediş-gəliş isə bu tarixdən sonra azalmışdı.

Musa Qasımlının yazdıqlarına əsasən 1907-ci ildə monastırdan Daşnaksutyuna aid 100 ədəd tüfəng tapılmışdı.[4]

  1. Məhəmməd Əliyev, "Azərbaycan tatları", MBM, 2006, ISBN 9952-29-24-1, səh. 20
  2. Aşot İoannisyan, XVIII əsrin birinci rübündə erməni-rus münasibətləri Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, 1967, Yerevan, Ermənistan SSR Elmlər Akademiyası, Cild 2, səh. 346 (Rus dilində)
  3. "Kevork Stepanyan, Şamaxı Erməni Yeparxiyasının Müqəddəs Şəhid Stepannos Saqiyan monastırının tarixi, 2006, Müqəddəs Eçmiədzin kilsəsinin rəsmi jurnalı, səh. 93-115 (Erməni dilində)". 2019-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  4. Musa Qasımlı, 1724–1920-ci illərdə Anadolu və Cənubi Qafqaz. Tarixi həqiqət axtarışında, 2014, ISBN 978-5-85840-041-7, səh. 197