Müqəddəs Avqustin nizamnaməsi

Ksantenli Norbert (sağda) Avqustin Avrelidən nizamnamə alır. "Vita Sancti Norberti" kitabından illüstrasiya. XII əsr.

Müqəddəs Avqustin nizamnaməsi (lat. Regula Sancti Augustini) — ən çox istifadə edilən katolik monastır nizamnamələrindən biri. Avqustin Avreli tərəfindən təqribən 400-cü ildə, həvarilərin həyatının modeli əsasında tərtib edilmişdir.[1] Bu, qərb kilsəsindəki ən qədim monastır nizamnaməsidir.[2]

Avqustin Avrelinin monastır nizamnaməsi Qərbi Avropada ilk monastır nizamnamələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bunlardan biri də Müqəddəs Benedikt nizamnaməsi olmuşdur. Avqustin nizamnaməsi artıq XI əsrin ortalarında geniş yayılmış, sonradan "Avqustinlər" adını almış müntəzəm kanonlar hərəkatı tərəfindən qəbul edilmişdir.

Avqustin monastır nizamnaməsi monastır icmasının həyatı üçün ən ümumi və əsas normaları müəyyən edir, icma üzvlərini ilk növbədə daxili mənəvi kamilliyə yönəldir. Monastır qardaşlarının dünyanı məcburi tərk etmələrini əmr edən Benedikt nizamnaməsindən fərqli olaraq, Avqustin nizamnaməsi ağır askentizmi monastırdan kənarda müntəzəm keşiş fəaliyyətlə birləşdirməyə imkan verir. Bu, XII–XIII əsrlərin Avropa cəmiyyəti tərəfindən tələb olunurdu.

  1. ""Rule of Saint Augustine", Midwest Augustinians". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  2. ""Augustine's Rule", Villanova University". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.