Müqəddəs Reparata kafedralı və ya Santa-Reparata kilsəsi (it. Chiesa di Santa Reparata) — İtaliyanın Florensiya şəhərində yerləşən keçmiş kafedral. Kafedral Florensiyanın patron müqəddəsi olan erkən xristanlıq dövrü şəhidi Müqəddəs Reparatanın adaını daşıyır. Florensiya kafedralı Santa-Reparata kilsəsi üzərində inşa edilmişdir.
Florensiya kafedralının zirzəmisində 1966–1972-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində kilsənin strukturu müəyyən edilmiş və çoxsaylı maraqlı artefaktlar üzə çıxarılmışdır. Kilsədə Roma Papaları IX Stefan və II Nikolayın, həmçinin Filippo Brunelleski kimi tanınmış şəxslərin məzarları yerləşir.
Hələ III əsrdən Florensiyanın şimalında xristianlığa həsr edilmiş ərazi var idi və orta əsrlərə kimi həmin ərazi şəhərin mühüm dini mərkəzi olaraq qalırdı. VI əsrdən başlayaraq şərq-qərb istiqamətində (Pyaçça-dell'Olio-dan müasir Florensiya kafedralının apsida ərazisinə kimi) "müqəddəs ox" adlandırılan bina kompleksi yerləşirdi. Son Antik dövrdən bəri bu cür komplekslər dini ərazi hesab edilir və Roma dövrü divarları ilə əhatə olunurdu. Kompleksə Yepiskop sarayı, San-Covanni vəftizxanası, xəstəxana, pastor evi, qəbirsanlıq və üç kilsə: Salvatore-al-Veskovo, San-Mikele Visdomini və Santa-Reparata daxil idi. Müqəddəs oxun əsas nöqtəsi Sanra-Reparata kilsəsi idi. Paleo-xristian mənşəli müqəddəs tikili ehtimal ki, kompleksə daxil olan ilk bina idi. Müqəddəs Zenobiyanın (təxminən 328-ci ildə doğulub) sümükləri nə vaxtsa (bəzi tarixçilər bu tarixi IX əsr kimi qəbul edirlər) Müqəddəs Reparata kilsəsinə gətirilərək dəfn edilmişdi. Bu dövrdə Müqəddəs Reparata kilsəsi yepiskopun yeni iqamətgahına çevrilir və iqamət San-Lorenzo bazilikasından buraya köçürülür.
Kilsə ilə bağlı əfsanələrdən ən qədimi Radaqaysın rəhbərliyi ilə ostroqot ordusunun hücumu ilə əlaqəlidir:
Sonuncu əfsanə binanın inşa tarixinin müəyyənləşdirilməsi üçün əhəmiyyət daşıyır. Kilsəyə sümüklərin köçürülməsini bir çox tədqiqatçılar IX əsrə aid etsələr də, Yepiskop Endryunun məlumatında hadisəmnin V əsrdə baş verdiyi qeyd edilir. Yepiskop Endryu öz növbəsində müqəddəsin bioqrafiyasını yazdığını düşündüyü Yepiskop Simplisiana istinad edir. Sonrakı araşdırmalar nəticəsində həmin bioqrafiyanın saxta olduğu və təxminən 1130-cu illərdə yazıldığı müəyyən edilmişdir.
Əyani və mənbə sübutları olmamasına baxmayaraq, tarixçilər Müqəddəs Zenobiyanın sümüklərinin köçürülərək Müqəddəs Reparata kilsəsində dəfn edilməsini əsasən IX əsrə aid edirlər.
Digər iki əfsanədə isə kilsənin inşası ilə bağlı əsaslı məlumat yoxdur; belə ki, Radaqays üzərində qələbə 405–406-cı illərin avqustunda baş vermişdir, lakin Müqəddəs Reparata günü 8 oktyabrda qeyd edilir. Buna baxmayaraq, 1353-cü ildə yerli hakimiyyət orqanı olan Sinyoriya kilsənin Müqəddəs Reparata şərəfinə inşa edilməsi haqqında əfsanəni tarixi fakt kimi qəbul etmişdir.
Qazıntının mədəni təbəqələri |
---|
Aşağıdakı cədvəldə Roma dövrü tikilisinin döşəməsi sıfır nöqtəsi hesab edilməklə qazıntı nəticəsində artefaktlar əldə edilmiş təbəqələr göstərilmişdir. Müqəddəs Reparata kilsəsinin sıfır səviyyəsi hazırkı küçə səviyyəsindən 1.7 metr dərinlikdə yerləşir.
|
1965-ci ildən 1974-cü ilə kimi ərazidə altı ayrı qazıntı işi aparılmışdır. Vəftizxana və günbəz pilləkəni arasında son qazıntı işləri 1971–1972-ci illərdə həyata keçirilmişdir.[1] Santa-Reparatanın qalıqlarının aşkara çıxarılması Florensiyada daha əvvəl dəqiq sənədləşdirilməmiş Erkən xristianlıq dövrü ilə bağlı çoxsaylı sübutlar ortaya qoymuşdur. Bu zamana kimi həyata keçirilmiş tədqiqatlar arasında 1984-cü il Santa-Feliçita qazıntıları, Paolino da Milanonun Abrosius bioqrafiyasında istinad etdiyi San-Lorenzo tədqiqatları və araşdırılmış bir neçə qəbirdaşı və sarkofaq var idi.
Kilsə ərazisində qazıntılar kanadalı arxeoloq Franklin Toker və italiyalı arxeoloq Gido Moroççi tərəfindən öyrənilmişdir.[2] Toker araşdırmalarında E. Qalli tərəfindən XIX əsrin ilk iki onilliyində aparılmış qazıntıların nəticələrinə istinad etmişdir.[2] Toker Qallinin Vəftizxana rayonunda açdığı məzarları da tədqiqata cəlb edərək müqayisəli araşdırma üsulundan istifadə etmişdir.[2] Həmin məzarlar hazırda nümayişə qapalı olsa da, Qalli onların tədqiqi haqqında nəticələri yayımlamışdır. Tokerin gəldiyi nəticələri oxuyan Businyani mədəni təbəqələrin tarixinin müəyyən edilməsində məzarlara istinadən ortaya qoyulmuş nəzəriyyədə uyğunsuzluqlar aşkar etmişdir. Onun fikrincə tarixləndirmədə mədəni qatlar arasında aşkar edilmiş Qədim Roma sikkələrinə istinad etmək daha düzgündür.[3]
Qədim Roma təbəqəsindən aşkarlanmış bütün sikkələri imperator III Qordian (238–244) və imperator Honorinin (395–423) hakimiyyəti dövrünə aiddir.[3] Bazilikanın mozaik döşəməsinin altında aşkarlanmış mızardan S-formalı şüşə kuzə tapılmışdır. Dəqiq tarixləndirməyə malik anoloji tapıntılarla müqayisə nəticəsində kuzənin ən gec VII əsrin sonlarına aid olduğu bildirilmişdir. Roma təbəqəsindən əldə edilmiş tapıntılara əsasən bu mərhələnin IV əsrə aid olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, VII əsrin sonu, VIII əsrin əvvəllərində kilsənin mozaik döşəməsi ciddi təmirə ehtiyac duyurdu. Məzarın aşkarlandığı hissədə döşəmədə böyük dəliklər vardı. Businyaninin fikrincə, bu, kilsənin IV əsrin sonları-V əsrin əvvəllərində Radaqays üzərində qələbədən dərhal sonra inşa edildiyini söyləmək üçün kifayətdir.[4]
Arxeoloji qazıntılar döşəməsində böyük mozaika olan birinci kilsənin planını müəyyənləşdirməyə imkan vermişdir. Həmçinin kilsənin planına edilmiş dəyişikliklər, tikiliyə sonradan edilmiş əlavələr haqqında da xeyli material toplanmışdır. İlkin memarlıq quruluşuna görə, Santa-Reparata kilsəsi on dörd cüt sütunla bölünmüş üçnefli bazilika olmuşdur. Kilsənin yarımdairəvi apsidası Konstantin dövrünün paleoxristian bazilikalarının ikonoqrafiyası üçün xarakterik olan xüsusiyyətlərinə görə IV əsrə aid edilir. Florensiya ərazisində bu ikonoqrafiyaya xas xüsusiyyətlər Santa-Feliçita kilsəsində və San-Lorenzo bazilikasında aşkarlanmışdır.
Kilsə sütunlarınn tağ və ya antablementlə malik olması məlum deyil; sütunlar arasında məsafənin 3.19 metr olması tağlarla bağlı ehtimalı daha ağlabatan edir. Bütün bazilika ərazisində qazıntı aparılmamışdır; dörd sütun enində olan birinci hissə kilsə meydanı və Santa-Mariya-del-Fiore kafedralının pilləkəni arasında araşdırılmışdır.
Kilsənin ölçülərinin müəyyənləşdirilməsi onun təməl hissələrinin və Florensiya kafedralından 13 metr aralıda yerləşən və Santa-Reparatanın fsadına birləşən arkadanın qalıqlarının aşkar edilməsi sayəsində mümkün olmuşdur. Arkada ərazisi də nəzərə alınmaqla Müqəddəs Reparata kilsəsi heyranedici ölçülərə malik idi: kilsə daxildən, apsida da daxil olmaqla 58.5 metr uzunluğa və 25–26 metr enə malik idi. Santa-Reparata kilsəsinin yerində inşa edilmiş Santa-Mariya-del-Fiore kafedralı 153 metr uzunluğa, 38 metr enə malikdir. Kilsənin kəsişən neflərinin uzunluğu 90 metr, günbəz fənərinə kimi hündürlüyü isə 86.7 metrdir.
Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış ən dəyərli tapıntı bütün kilsə döşəməsini örtən böyük mozaik döşəmədir. Mozaik döşəmə kilsənin sol nefində, mərkəzi nefin böyük hissəsində və sağ nefdə aşkar edilmişdir. Mozaik döşəmə bir-birinin yanında düzülmüş fərqli təsvirlərdən yaradılmışdır; ənənəvi dördyarpaqlı rozetlər, dairələr və altıguşəlilərlə (latın xaçı və kuzə kimi xristian simvolları ilə bəzədilmiş) yanaşı, mozaikalar arasında maraqlı gerblər də vardır. Onlar daha çox mərkəzi nefdə yer tutmaqla 14 sponsorun adını özündə əks etdirir. Yüksək keyfiyyətli tovuzquşu təsvirli gerbin yanında isə sifarişçilərdən Obsekventin adı həkk olunub. Mozaikalarda istifadə olunan digər elementlə Adriatik dənizi hövzəsi üçün xarakterik olan və Florensiyanın qədim tortuarlarında da rast gəlinən simvol və naxışlardır.