Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir.
Müqəddəs Yelisey Kilsəsi | |
---|---|
41°04′27″ şm. e. 47°28′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Oğuz |
Yerləşir | Oğuz |
Aidiyyatı | Pravoslav |
Tikilmə tarixi | 1822-ci il |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4940 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib,[1][2] lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi.[3] Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub.[2] Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb.
Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır.[4] Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı. Yerli ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası və sənətkarlığının bir çox dəyərli nümunələri var. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunəsi də burada nümayiş etdirilir.