Mürsəl Nəcəfov

Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982-ci illərdə isə katibi olmuşdur.

Mürsəl Nəcəfov
1946 – 1947
ƏvvəlkiNüsrət Fətullayev
Sonrakıİsmayıl Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1918(1918-09-20)
Doğum yeri
Vəfat tarixi 1997
Fəaliyyəti sənətşünas
Elmi fəaliyyəti
Elmi dərəcəsi sənətşünaslıq doktoru
Elmi adı professor

Təltifləri

Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur. İşinin çoxluğuna baxmayaraq o, ali təhsil almağı da unutmur. İ. Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun nəzəriyyə və incəsənət fakültəsini bitirdikdən sonra İncəsənət Muzeyində şöbə müdiri və elmi katib işlədi. 1962-ci ildə elmlər namizədi, yeddi ildən sonra isə elmlər doktoru alimlik dissertasiyasını yüksək səviyyədə, uğurla müdafiə etdi. 1972-ci ildə Azərbaycan Memarlıq və İncəsənət İnstitutunun təsviri sənət kafedrasının müdiri seçildi və ömrünün sonuna kimi həmin vəzifədə çalışdı.

Mürsəl Nəcəfov istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən ziyalı idi. 1954-cü ildən onun resenziyaları, məqalələri, kitabları Bakıda, Moskvada və digər şəhərlərdə dərc edilmişdir. O, televiziya və radio üçün yüzlərlə ssenari yazmış, təsviri sənətə həsr olunan verilişlərin çoxunun aparıcısı, ön söz deyəni olmuşdu. 1970-ci ildən onun diqqəti, qayğısı, təşəbbüsü ilə ekrana çıxan "Palitra" verilişi dövrün ən baxımlı və yaddaqalan verilişlərindən biri olmuşdu. O, "Azərbaycan Ensiklopediyası" üçün 67 məqalə yazmışdı. Gərgin əməyi, uğurlu yaradıcılıq axtarışları da vaxtaşırı qiymətləndirilirdi. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, bir çox mükafat almışdı. Yaradıcılıq, elmi uğurlarına baxmayaraq onu sadə, qayğıkeş insan kimi tanıyırdılar.

Unudulmaz sənətşünasın Bəhruz Kəngərli, Əzim Əzimzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Vəcihə Səmədova, Səttar Bəhlulzadə kimi fırça ustalarının həyat və yaradıcılıqlarından bəhs edən məqalələri, monoqrafiyaları, kitabları çap olunmuşdu. Onun "Rəssam və zaman" toplusu bu gün də mənim stolüstü kitabımdır. Həmin kitaba "Ön söz"ü xalq rəssamı Kazım Kazımzadə yazmışdır: "Gənc nəslin estetik tərbiyəsində, dünyagörüşündə incəsənətin mahiyyətini yüksək qiymətləndirən sənətşünas, onların maraqla qarşıladığı, həvəslə oxuduğu elmi-kütləvi kitablar yazır, televiziya və radioda, məktəblərdə, kitabxanalarda səmimi, mehriban, gələcəyə səsləyən çıxışlar edir. Müəllifin "Əsrlərdən xatirə", "Gözəllik aləminə səyahət" kitabları kimi "Rəssam və zaman"da yeniyetmələri, gəncləri dünya incəsənətinin kamil nümunələri, inciləri ilə tanış edir. Şübhə yoxdur ki, sadə, anlaşıqlı dildə yazılmış bu məqalə və oçerklər gələcək nəsillərin də dünyagörüşlərinə müsbət təsirini göstərəcəkdir".

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.