Müsəlman Fəhlə Konfransı

Müsəlman Fəhlə Konfransı — Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı.

1920-ci il aprelin 8-də "Türk ocağı"nın binasında keçirilmişdir. Konfransda hər 25 nəfərə bir mandat olmaqla, Mədən rayonunun bütün həmkarlar ittifaqlarının 700-ə yaxın nümayəndəsi iştirak etmişdir. Mərkəzi həmkarlar ittifaqının sədri Cavad bəy Məlik-Yeqanov konfransın açılışındakı çıxışında müsəlman fəhlələrin maraqlarını müdafiə edə biləcək, xalqların öz müqəddəratını təyin etmək və Azərbaycan Cümhuriyyətinin müstəqilliyi prinsiplərinə cavab verə biləcək ali fəhlə orqanının yaradılmasının zəruriliyini vurğulamışdır. Hökumət adından daxili işlər nazirinin müavini Şəfi bəy RüstəmbəyliMəhəmməd Əmin Rəsulzadə cari vəziyyətə dair məruzə etmişdilər. Ş.Rüstəmbəyli hökumətin fəhlə və kəndlilərə dair tədbirlərindən ətraflı bəhs etmiş, Azərbaycan zəhmətkeşlərini həmrəyliyə və hökuməti dəstəkləməyə çağırmışdır. Məhəmməd Əmin Rəsulzadə konfrans iştirakçılarına baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Piri Mürsəlzadə mərkəzi fəhlə orqanının, həmkarlar ittifaqları şurasının vəzifələri haqqında məruzə etmişdir. Şura kooptasiya hüququ ilə 15 şəxsdən ibarət olub, 5 komissiyaya (təşkilat, barışdırıcı, mədəni-maarif, sanitar-gigiyena və tətil komissiyaları) bölünürdü. Sonra şuraya seçkilər keçirilmişdir.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 230. ISBN 9952-417-44-4.