Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb.
Mütəllib xan məscidi | |
---|---|
fars. مسجد مطلب خان | |
38°33′03″ şm. e. 44°57′33″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Xoy şəhəri |
Rayon | Qərbi Azərbaycan ostanı |
Yerləşir | Xoy şəhəri, Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsi |
Aidiyyatı | Elxanilər dövləti |
Material | kərpic[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarası və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır.[3] Kitabə mətni belədir:
"١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم"
Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir.
Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.[4]
Mirâtü'l-Buldanın müəllifindən sitat gətirdiyi İran İslam Memarlığının Gəncnamə Enkslopediyasında V cildində məscid barədə yazılıb ki, bu məscid Xoyun dağılmış digər məscidləri sırasındadır. Buna səbəb onun hündür olması və külli miqdarda məsrəflə başa çatmamış yarım qalaraq dağılmasıdır.
Mütəllib Xan məscidi özünə məxsus memarlıq xüsusiyyətlərinə malikdir. Abidə şaquli istiqamətdə düzbucaqlı sahədə yerləşir. Məscidin ibadətgahı kvadrat bir günbəzli plan sxeminə malikdir. İbadətgahı örtən günbəz günümüzə qədər gəlib çatmamışdır. Lakin yuxarı mərtəbədəki qalereyaların yerləşdiyi bölmə səkkizguşəli planlıdır. Tağlı giriş eyvanının ölçüləri 4 x 5,50 m-dir. İbadəgahın şimal eyvanından cənub eyvanına qədər olan məsafə 27,08 m-dir. Qərb eyvanından şərq eyvanına qədər olan məsafə isə 27,08 m-dir. Bundan əlavə ibadətgah eyvanlar istisna olmaqla şərq-qərb, şimal-cənub istiqamətində 19,90 m-dir və kvadrat sahəni təşkil edir.[5]
Köhnə fotoşəkillərdən aydın olur ki, günümüzdə ətrafı bağlı olan məscidin eksteryeri yarıya qədər dükanlarla əhatəli olub.
Giriş çəngəl şəkilli tağlı bölmədən təmin edilir. İbadətgahın giriş qapısı uclu tağla əmələ gələn sadə boşluqdan ibarətdir. Giriş boşluğunun hər iki tərəfində dairəvi tağlı pəncərə açıqlığı var. Giriş ağzının üstündə alçaq tağlı geniş pəncərə açıqlığı nəzərə çarpır. İbadətgaha daxil olmamışdan əvvəl yerləşən tağlı bölmənin şərq və qərb divarlarının girişinə və şimalına baxan fasadlarında yuxarı mərtəbədə qalereyalara çıxışı təmin edən bölmələr var. Bu bölmələrin şərqə və qərbə baxan giriş dəlikləri uclu tağlı çökəklikdədir. Bu açıqlıqların üstündə uclu çəlləkli tağlı qalereya var. Şimala baxan açıqlıq iti uclu tağ kəmərlidir. Lakin digər pəncərələrə nəzərən daha dar quruluşdadır.[6] Giriş fasadı kərpiclərin bir sıra içəridə, üç sıra çöldə düzülməsi ilə formalaşıb. İbadətgaha giriş eyvandan təmin edilir. Şimaldakı giriş eyvanının ibadətgaha baxan hissəsi düzbucaqlı çərçivədə iti uclu tağlıdır və başlığı müqərnəslidir. Eyvanın gövdəsi gips materialından hazırlanıb. Uclu qövsün zirvəsindən prizmatik olaraq genişlənən müqərnəs sistemi iki istiqamətli üçbucaqlarla sonlanır. Boşluqların künclərində tromp keçidləri var. Giriş eyvanının qərb və şərq fasadlarında uclu tağvari taxçalar yerləşdirilib. Tağın küncləri də suvaqla doldurulub. Taxçanın da əvvəllər suvaqla örtüldüyü güman edilir. Giriş eyvanının şərq fasadı boş olduğu halda, qərb fasadında kitabə lövhəsi vardır. Kitabənin məzmunu yuxarıda ətraflı şəkildə təsvir edilmişdir. Yazı lövhəsi düzbucaqlı taxta lövhədir. Plitənin üzərində təpəlik və hər iki tərəfdə dilimlənmiş üçbucaqlı panellər var. Yazı boyama texnikası ilə işlənmiş 14 sətirdən ibarətdir və xətlər patronlara daxil edilmişdir. Yazı növü kimi təliq xəttinə üstünlük verilmişdir.[7]
İbadətgahın döşəməsi kvadrat formada olsa da, yuxarı mərtəbədəki qalereyaların planı səkkizguşəlidir. Giriş eyvanının şərq və qərb tərəfindəki eyvanlar və bu eyvanların yanındakı eyvanlar çərçivə ilə əhatə olunmuşdur. Üçbucaqlı prizma ilə bitən çərçivə yuxarı mərtəbənin qalereyası ilə məhdudlaşır. Yalnız yuxarı mərtəbədə yerləşən qalereyalar geniş sivri tağla əhatə olunsa da, sanki bütün fasadı əhatə edir və vahid eyvan hissi verir. Yuxarı mərtəbə qalereyasında sivri qövsün geriyə doğru uzanması ilə penetrasiya əmələ gəlmişdir. Uclu tağın zirvəsindən başlayaraq yerə çatan çərçivə qalereyaları bir-birindən ayırır. Şimal-şərq fasadında birinci mərtəbədə eyvanın şimal divarında üç taxça, qərb divarında bir taxça olduğu halda, şərq divarında giriş açıqlığı vardır. Giriş və taxçalar yuvarlaq tağlıdır.[8]
Eyvanın üzərində yerləşən yuxarı mərtəbədəki qalereya da eyni tərtibata malikdir. Lakin şimal divarındakı taxçalardan biri pəncərə kimi istifadə olunur. Bu bölmənin şərq qanadında eyvanın şərq divarında iki dairəvi tağlı taxça, cənub divarında isə bir taxça var. Eyvanın şimal divarında dairəvi tağlı giriş var. Bu eyvanın yuxarı mərtəbədəki qalereyasında şimal divarında giriş, şərq divarında isə dairəvi tağlı taxça var. [9]Giriş eyvanının qərbində birinci mərtəbədə yerləşən eyvanın cənub divarında biri ortada daha geniş olan üç dairəvi tağlı taxça yerləşir. Şərq divarında taxça, qərb divarında isə giriş gözə çarpır. Üst mərtəbədəki qalereyada şərq divarında iki taxça olduğu halda, bir pəncərə var. Qalereyanın qərb divarında giriş, şərq divarında isə taxça var. Şərq divarındakı taxça dairəvi tağlıdır. Bu taxçalardan biri daşdandır. Eyvanın şimal divarında yuxarı mərtəbənin qalereyasına çıxışı təmin edən bir giriş var. Üst mərtəbədəki qalereyada cənub divarında taxça, şimal divarında isə giriş açıqlığı var. Qalereyanın cənub divarının yuxarı hissəsində dairəvi tağlı pəncərə yerləşir.[8][10]
Şərq və qərb divarlarındakı eyvanlar 5,50 x 3,85 m ölçüdədir və digər eyvanlardan daha geniş tikilmişdir. Bu hissədəki eyvanlar digər eyvanlardan fərqli olaraq iki mərtəbə əvəzinə bir vahidli düzülüşdədir. Eyvanların örtüyü sivri çəllək tağlıdır. Tağın künclərində qıvrımlar nəzərə çarpır. Eyvanların divarlarındakı düzbucaqlı çökəkliklərdə sivri tağlı pəncərə var. Bu çökəkliklərin dibində üç dairəvi tağlı taxça, eyvanların şimal və cənub divarlarında isə hər birində bir taxça var. Mehrabın şərq və qərbindəki eyvanlar simmetrik olaraq eyni düzülüşdədir. Cənub fasadında yerdəki eyvanların cənub divarında iki taxça, şərq və qərb divarlarında isə bir taxça var.[10]
Mehrab cənub fasadının ortasında yerləşir. Eni 5,60 m-dir. Uclu tağlı mehrabın mağarası müqərnəslidir. Müqərnəs suvaq materialından hazırlanıb. Mehrab yuvası beştərəflidir. Müqərnəs kəbsərənin aşağı hissəsi düzbucaqlı lövhələr şəklində düzülmüşdür. Eyvanın şərq və qərb divarlarında taxçalar vardır. Mehrabın qarşısında imamın namaz qılması üçün yerdə taxça yerləşdirilib.
Üst mərtəbədəki qalereyalara getmək üçün abidənin şimal divarlarındakı giriş dəliklərindən, giriş eyvanının şərq və qərb divarlarındakı boşluqlardan, ibadətgahın şimal və şimal-şərq divarlarındakı boşluqlardan, cənub-şərq və cənub-qərb eyvanlarından daxil olmaq olar. Dəhliz bölməsinə giriş şimaldakı giriş boşluqları vasitəsilə həyata keçirilir. Bu dəhlizlər dörd blokdan ibarətdir və təxminən 11 x 3 m ölçüdədir. Bu bölmələrdən üçü çarpaz tağla, biri isə günbəzlə örtülmüşdür. Bu günbəzli birləşmələrin şərq hissəsinin günbəzində suvaqdan radial tirlər vardır. Günbəzin ətəyində uclu tağvari taxçalar mövcuddur.[11]
Şərq dəhlizindən yuxarı mərtəbə qalereyasına qalxarkən pilləkən çıxışının şərq divarında 2 uclu tağlı taxça var. Bundan əlavə, qalereyanın girişi ilə üzbəüz çökmüş tağda sivri tağlı açıqlıq mövcuddur. Buradan qalereya sivri çəlləkli tağla örtülmüşdür. Üst mərtəbədəki bu qalereyalar həm girişə, həm də ibadətgaha açılır.[10][8]
Bu qalereyalardan pilləkənlərlə başqa bir yuxarı mərtəbəyə çıxılır. Burada eyvan və qalereyaların üzlüklərinin xarici örtüklərinə rast gəlirik. Bu hissədə divarda taxçalar və dördüncü mərtəbəyə qalxmaq üçün pilləkənlər də var. Cənub-qərb küncündəki bölmədən pilləkənlərlə yuxarı qalxarkən, aşağıda divarda dərin taxça, yuxarıda isə pəncərə açıqlığı nəzərə çarpır. Bu qalereya həmçinin ibadətgaha, girişə və şimala doğru açıqlığı nümayiş etdirir. Yuxarı mərtəbədə buradan çıxışı təmin edən nişlər və pilləkənlər mövcuddur.
Tikilidə tikinti materialı kimi kərpicdən istifadə olunub. Giriş eyvanı ilə mehrab arasındakı bölmədə gips materialına üstünlük verilmişdir. Bundan əlavə, tikintidə istifadə olunan üzlük sisteminin xarici örtükləri daşdandır.[8]
Divarlarındakı izlərdən məlum olur ki, abidədə son illərdə bərpa işləri aparılıb.