Müvəqqəti Rus Milli Komitəsi

Müvəqqəti Rus Milli Komitəsi— Milli mənsubiyyət prinsipi əsasında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ictimai-siyası təşkilatlardan biri.

1918-ci il sentyabrın 21-də tanınması barədə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə müraciət etmiş, sentyabrın 22-də isə Nazirlər Şurasının sədrinə məktubunda qarşıya qoyduğu vəzifələri açıqlamışdı:

" Komitə Azərbaycan hökuməti qarşısında Rusiya dövlətinin və ya rus xalqının siyasi nümayəndəliyi olmaq məqsədi daşımır. Müvəqqəti komitənin məqsədi rus millətindən olan vətəndaşların, əsasən iqtisadi və mənəvi ehtiyaclarına, özü də ilk növbədə, son günlərin hadisələri ilə bağlı olan və onların doğurduğu ehtiyacları ödəməkdir. "

1918-ci il sentyabrın 25-də şəhər dumasının və şəhər özünüidarəsinin milliyyətcə rus olan bütün deputatları və rəsmi nümayəndələri komitənin tərkibinə daxil edildi. Beləliklə, komitənin tərkibinə 18 nəfər daxil oldu və daha 12 nəfər tam üzv kimi tərkibə salındı. M.F.Podşivyakin komitənin sədri seçildi.

Komitə öz fəaliyyətini böyük Rusiya dövlətini bərpa etmək ideyasında görürdü. Buna görə də öz nümayəndəsini parlamentə göndərmək barədə Azərbaycan hökumətinin çağırışına cavab olaraq, komitə 1918-ci il noyabrın 28-dəki iclasında Ümumrusiya Müəssislər məclisi çağırılana qədər yerli qanunvericilik orqanlarının yaradılmasını lüzumsuz sayaraq, bu təklifi qəbul etməməyi qərara aldı.[1]

Neşşertsovun sorğusu

[redaktə | mənbəni redaktə et]

Komitənin 13 noyabr tarixli iclasında A.İ.Neşşertsov belə bir sorğu vermişdi.:

  1. “Rus Milli Komitəsi Bakıda törədilmiş vəhşiliklərə nə üçün vaxtında etirazını bildirməmişdir.
  2. Rus Milli Komitəsinin aldığı 100 min rubl nə üçün digər millətlər arasında bölünməmiş, bütünlüklə, Rus Komitəsi tərəfindən götürülmüşdür” və s.[1]

Lakin bu sorğu iclasda müzakirə olunmamışdı. 1919-cu ilin mayın 23-də komitədə Kiçik Şura yaradıldı. Onun vəzifəsi məsələləri ümumi yığıncağa çıxarmaq üçün hazırlamaq, təxirəsalınmaz məsələləri həll etmək və s. idi. Komitə Bakının rus əhalisinə maddi kömək göstərmək məqsədilə şəhərin müxtəlif rayonlarında, mədən ərazilərində, ilk növbədə, valideynləri Bayılda işləyən uşaqlar üçün gündüz uşaq evi-bağçalar yaratmış və bunlara 3 min rubl ayırmışdı.

1919-cu il oktyabrın 15-də keçirilmiş iclasda Bakıda komitə adından, təcili olaraq, rus orta təhsil müəssisəsinin təşkilinə başlamaq qərara alınmışdı. Buraya ilk növbədə rus uşaqlarını qəbul etmək nəzərdə tutulurdu.

Rus Milli Komitəsi Denikinin könüllü ordusu ilə sıx əlaqədə idi. Bakıda gimnaziya açmaq, uşaq evini saxlamaq, kasıblara himayədarlıq etmək üçün vəsait verilməsi barədə xahişlə Könüllü ordu nəzdindəki Xüsusi müşavirəyə müraciət olunmuş, Şuranın üzvləri A.D.Roqov və B.L.Baybakov bu məqsədlə Şimali Qafqaza göndərilmişdilər.

1919-cu ilin dekabrında Könüllü ordunun gəmiləri Azərbaycanın limanlarını blokadaya almışdı. Bununla əlaqədar dekabrın 22-də komitə məktubla müraciətində bildirirdi ki, blokada Azərbaycana yox, Könüllü ordunun özünə ziyan vurduğuna görə məqsədəuyğun sayılmamalıdır.

Rus Milli Komitəsi ingilis komandanlığından və Amerika xeyriyyə komitəsindən də vəsait alırdı.Sonuncunun Bakıdakı nümayəndəliyi komitəyə hər ay 100 min rubl vəsait ayırırdı.[1]

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004