Məbəd cəngavərləri

Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri.[2] Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir.[3][4] Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur.[5]

Tampliyerlər
Yaranma tarixi 1119–1312
Ölkə
Tabedir Papa
Daxildir Qərbi xristian silahlı qüvvələri
Tərkibi
Vəzifəsi xristian zəvvarların qorunması
Sayı 15 000–20 000 üzvdən 10%-i cəngavərlər idi.[1]
Qərargah Məbəd dağı, Qüds
Ləqəbi Məbəd mühafizləri
Himayədarı Klervosklu Bernard
Şüarı Non nobis Domine, non nobis, sed nomini tuo da gloriam (Bizim yox, Ya Rəbb bizə deyil, adına şöhrət nazil et!)
Rəngləri Ağ mantiya üzərində qırmızı xaç
Döyüşlər Səlib yürüşləri
Askalonun mühasirəsi (1153),
Monjizar döyüşü (1177)
Mərc Əyyun döyüşü (1179)
Hattin döyüşü (1187),
Akranın mühasirəsi (1190–1191),
Arsuf döyüşü (1191),
Ademus döyüşü (1210)
Leqnitsa döyüşü (1241),
Akranın mühasirəsi (1291)
Rekonkista
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur. Onlar həm səlibçilərin Suriya və Fələstində yaratdıqları dövlətlərdə, həm də Avropada geniş torpaqlara malik olmuşdur. Orden həmçinin geniş kilsə və hüquqi imtiyazlara da malik olmuşdur. Bu imtiyazları ordenin birbaşa tabe olduğu Roma papası, həmçinin ərazilərində əmlaka malik olduqları monarxlar tərəfindən verilmişdir. Ordenin ilikn vəzifəsi Müqəddəs Torpağa gedən zəvvarları qorumaq olsa da, onlar həmçinin Yaxın Şərqdəki səlibçi dövlətlərinin müdafiəsi ilə də məşğul olmuşdur.[6]

Lakin 1291-ci ildə səlibçilərin Misir sultanı Əşrəf tərindən qovulmasından sonra, tampliyerlər əsas diqqəti sələmçilik və ticarətə yönəltmiş, külli miqdarda sərvətə yiyələnmiş və nəticədə də Roma Papası və Avropa monarxları ilə aralarında müxtəlif münaqişələr yaranmışdır.[7]

1307–1314-cü ildə orden Fransa kralı IV Filipp tərəfindən təqibə uğramış və 1314-cü ildə papa V Kliment tərəfindən ləğv edilmişdir.

Tarixşümaslıqda Orden üzvlərinin sayının şişirdilməsi tendensiyası mövcuddur. Vilke hesab edirdi ki ordenin 15000 cəngavəri olub, Sekler bu rəqəmi iyirmi minə, Malyar de Şambür otuz minə qaldırır. Bütün bu rəqəmlər Kral Filipp tərəfindən həbs edilən cəngavər sayları ilə uyğunsuzluq təşkil edir. Belə ki, Fransada 538, Kiprdə 75, Malyorkada isə iyirmi cəngavər həbs edilmişdi. Belə hesab etməm mümkündür ki, tarixçilər cəngavərlərin nökər və silahdaşıyanlarını da orden üzvü siyahısına daxil edirlər.

Tampliyerlər ordenin tarixini ilk dəfə qələmə alan tarixçi Tirli Vilhelmin əsərində bu ordenin 1118-ci ildə, Şampan qrafının vassalı olan cəngavər Huqo de Peyn və onun səkkiz silahdaşı tərəfindən, Müqəddəs Torpağa gələn zəvvarları mühafizə məqsədilə yaradıldığı bildirilmişdir. Bu ordeni onlar "Səfil Cəngavərlər" adlandırmışlar. Həmin tarixçinin yazdığına görə, qardaşlığın qərargahı olmadığından, Qüds kralı II Bolduin öz sarayının bir hissəsini, daha dəqiq Əl-Əqsa məscidini onların ixtiyarına vermişdir.[8] Bu saray qədim Qüds məbədinin yerində ucaldığından, orden özünün məşhur adı olan "tampliyer" (fransızca "məbəd" mənasını verən "temple" sözündəndir, "tampliyer" məbədçi deməkdir) adını almışdır.

1127-ci ildə kral II Bolduin Huqo de Peyni Avropaya səfərə yollamışdır. Bu səfərin əsas məqsədi Anju qrafı Fulku Qüdsə gələrək, kralın qızı Melisenda ilə evlənmək və Qüds krallığının vəliəhdi olmağa razı salmaq idi. Həmçinin, Huqo de Peyn Papanın razılığı ilə öz ordeninə yeni namizədlər toplamaq istəyirdi. Həmin dövrdə ordenin üzvlərinin sayı şübhəlidir. Ən məşhur versiyaya əsasən tampliyerlər cəmisi doqquz nəfərdən ibarət idi. Lakin belə mühüm vəzifənin orden komandoruna tapşırılması, onların sayının göstəriləndən xeyli çox olduğu düşüncəsini təsdiqləyir.

Huqo de Peyn bu səfəri zamanı Fransada, Flandriyada, İngiltərədəŞotlandiyada olur və bir çox zadəganı öz ordeninə qoşulmağa razı sala bilir. Həmçinin o, xeyli ianə toplamağı da bacarır. O, dəstək qazanmaq üçün dini çevrələrdə son dərəcə məşhur olan abbat Klevroslu Bernardla görüşə nail olur. Bu məqsədlə Trua şəhərində böyük kilsə qurultayı keçirilir və həmin iclasda Huqo de Peyn tampliyerlər ordeninin məramı və məqsədi haqqında iştirakçılara geniş məlumat vermir. Qurultayda ordenin nizamnaməsi qəbul edilir. Girişdə yazılır ki, dünyəvi cəngavərlər əsas vəzifələri olan ədaləti bərpa etməyə nifrət edir və xristian kimi keşişlərə, dullara, yetimlərə kömək etməli olduğu halda bunu yerinə yetirmir, əvəzində isə soyğunçuluqla, qarət və qətllərlə məşğul olur. Lakin onlardan tampliyerlərə qoşulanlar əsl cəngavər ruhunu bərpa etməklə bərabər ruhlarını da xilas edə bilərlər. Bu qaydaya əsasən, cəngavərlər döyüş əməliyyatları olmadığı vaxtlar tam tərkidünya zahid həyatı sürməli idilər. Həmin nizamnamədə göstərilir ki, orden üzvləri cəngavər, serjant və silahdaşıyan olmaqla üç qrupa bölünür. Yalnız cəngavərlər daimi surətdə ağ geyimdə olmalı idilər. "Ağ geyim yalnız tamamilə tabe olmuş cəngavərlərə məxsusdur, çünki zülmətlə dolu həyatını geridə qoymuş şəxslər təmiz yaşayışla öz Yaradanına qayıtmalıdırlar. Ağ təmizliyin, ruhi sükunətin və bəkarətin rəmzidir"

Bəkarət orden üzvləri üçün əsas şərtlərdən biri idi. Buna görə də ordenə subayları götürürdülər. Evlilər də cəngavər ola bilərdilər, lakin onlar ağ paltar geyinə bilməzdilər.

Cəngavərlərə yalnız tam geyimdə yatmağa icazə verilirdi. Onlar həftədə üç dəfədən artıq ət yeyə bilməzdilər. Onlara əlavə olaraq hər cür ov qadağan edilmişdi. Yalnız şir ovlamaq istisna edilmişdi. Hesab edilirdi ki, şirlər şeytan kimi, öz ovlarını axtarır. Həmçinin, cəngavərlərə gözəl, rahat, qızıl və gümüş istifadə olunmuş paltar və ayaqqabılar da qadağan edilmişdi. Onlar söhbət zamanı ehtiyatla davranmalı, çox danışmamalı və heç vaxt qışqırmamalı idilər. Qadınlar heç bir halda yada salına bilməzdi. Paxıllıq, qibtə kimi cəhətlər pislənirdi. Heç kim özünə nəsə istəyə bilməzdi. Yalnız magistr istədiyi adama hansısa əşyanı və ya atı verməkdə tam sərbəst idi.

Orden üzvləri magistrın icazəsi olmadan heç bir yaşayış məntəqəsinə daxil ola bilməzdilər. Magistr ordendə qeyri-məhdud hakimiyyətə malik idi. O, istədiyi vaxt, təcrübəli insanlarla məsləhətləşə, yaxud şura toplaya bilərdi.

Abbat Klevroslu Bernard

Abbat Klevroslu Bernard yeni yaranmış ordenə tam dəstək vermişdir. Məhz onun təkidi ilə şura ordeni tanımışdır. Daha sonra papa II Honori də ordenə xeyir-dua verdi. Bernard tampliyerlərə müraciətində ordenin əsas məqsədinin müharibədə deyil, dini sahədə olduğunu bildirmişdir. "Daxili düşmənləri yenmədiyimiz surətdə xaricilərin üzərinə hücuma keçmək mənasızdır". O, həmçinin cəngavərlərin mənəvi qüvvələrini artırmaq üçün onları cəlb edən bəyanatlar da səsləndirmişdir. "Ölü və diri olaraq hamımız Tanrıya məxsusuq. Döyüş meydanından qayıdanlara eşq olsun! Lakin şəhid olanlar da Tanrının inayətini qazanmışlar. İgid insanlar, əgər Tanrı üçün yaşamaq və ölməyə hazırsınızsa, onda bu cərgəyə qoşulun. Həyat həqiqətən gözəl və qələbə ucadır. Lakin ölüm bunlardan üstündür. Çünki, döyüşdə həlak olanlara Tanrı özü xeyir-dua verir".

Bu şuranın bitməsindən sonra Huqo de Peyn Fələstinə geri döndü. O, özü ilə xeyli sayda könüllü və külli miqdarda ianə gətirmişdi. Bu dövrdə orden özünün sərhədini aşaraq, İspaniyaya da çatmış, burada müsəlman dövlətləri ilə müharibə aparan Araqon kralı I Alfonsonun vəsiyyətnaməsinə əsasən, İspaniyada xeyli qəsrə və gəlirlərin onda birinə sahib olmuşdu.

Ordenin nüfuzu artdıqca onun daxili iyerarxiyası da inkişaf etmişdir. Magistrlər tez bir zamanda təkcə Fələstin ərazisində deyil, Qərbi Avropada da əhəmiyyətli fiqurlara çevrilmişlər. Onların əlində nəhəng maliyyə imkanları cəmlənmişdir və qısa vaxt ərzində cəmiyyətin hörmətli üzvləri olmuşlar. İsanın cəngavərləri sayıldıqlarından, bütün qapılar onların üzünə rahat açılmışdır.

Huqo de Peyn Qüdsə qayıdan kimi kral II Bolduin dərhal Dəməşqin üzərinə səfər hazırlığına başladı. Yeni ordenə qoşulmuş tampliyerlər bu ordunun əsas hərəkətverici qüvvəsi sayılırdı. Dəməşqin üzərinə yürüyən qoşun yolda ikən nizam-intizamı itirmiş və başıpozuq soyğunçu dəstəsinə çevrilmişdi. Şəhərin yaxınlığında onlar süvari məmlük qoşununun həmləsinə məruz qalaraq darmadağın olmuşlar. Salnaməçilər cəmi qırx beş cəngavərin sağ qaldığı haqda məlumatları qeyd etmişlər.

Əl-Əqsa məscidi tampliyerlərin ilk mərkəzi olmuşdur

Bundan sonra tampliyerlər Fələstinin şimal ərazisində bəzi qalalar inşa etmişlər. Bu vaxtlar Antioxiya knyazı II Boemund Suriya əmiri Qazi ilə döyüşdə həlak olmuşdu. Onun taxt-tacı uğrunda mübarizədə kral II Boduinlə qızı — II Boemundun arvadı Alisa arasında mübarizə yaşanmış, bunun nəticəsində də kral duyduğu üzüntüdən həmin il vəfat etmişdi.

Həmin mübarizədə tampliyerlər aktiv şəkildə iştirak etmişlər. 1136-cı ildə ordenin Baş magistri Huqo de Peyn vəfat etdi. Qüdsdə toplaşmış orden kapitulu onun yerinə Rober de Kraonu Baş magistr vəzifəsinə seçdi. O, yaxşı inzibatçılıq qabiliyyətinə malik idi və ordenin təşkilati işlərilə ciddi surətdə məşğul olmağa başlamışdır. Məhz Rober de Kraonun fövqəladə səyləri nəticəsində 1139-cu ildə Papa II İnnokenti "Omni Datum Optimum" adlı bulla ilə çıxış etdi. Həmin bullada göstərilmişdir ki, tampliyerlər ordeninin üzvləri bundan sonra birbaşa yalnız Papaya tabe olurlar. Həmçinin, onlar döyüş meydanındakı qəniməti heç kimlə bölüşdürməmək, sərhədləri maneəsiz keçmək, heç bir vergi ödəməmək kimi imtiyazlara da sahib olurlar. Bu ordenin onsuz da yüksək olan nüfuzunu daha da qaldırmış, onların hakimiyyətlərini möhkəmləndirmişdir.

1144-cü ildə səlibçilərin Fələstindəki əsas məntəqələrindən biri olan Edessa (Urfa) şəhəri məmlük sultanı Zəngi tərəfindən geri alınmışdı. Bu haqda xəbər Avropaya çatan kimi Papa III Yevgeni dərhal Fransa kralı VII Lüdovikə, onun şəxsində də bütün Avropa monarxlarına Müqəddəs Torpağa yeni Səlib yürüşü təşkil etmək çağırışını səsləndirmişdir. Bu ideyanı tampliyerlər ordeninin hamisi abbat Bernard da dəstəkləmişdir. O, əhaliyə çağırışında yazmışdır: "Əbədi xilaskar otuz il insanlar arasında yaşadığı torpaqları itirməkdədir. Hamıya məlumdur ki, sizin ölkənizdə xeyli güclü və gənc kişilər vardır. Bütün dünya onların rəşadətini tərifləyir, onların gücünün şöhrəti hamının dilindədir. İndi sizin uğrunda vuruşacağınız işiniz vardır. Bu yolda qazanılmış qələbə şöhrətinizi hər yana yayacaqdır, həlak olmaq isə gerçək xoşbəxtlikdir. Bu imkanı əldən verməyin. Xaç işarəsinin altına toplaşın və dərhal səmimi-qəlbdən etiraf edəcəyiniz günahlarınız bağışlanacaqdır. Bu işi tam itaətkarlıqla görəcəyiniz halda İlahi Səltənətə qovuşacaqsınız".

Bernard həm də Müqəddəs Roma İmperatoru III Konradı səfərə çıxmağa razı sala bilmişdi. 1147-ci ildə imperator və Fransa kralı ayrı-ayrı yollarla çoxsaylı məiyyət və ordunun müşayiətilə Fələstinə yola düşdü. Lakin İmperator Konradın qoşunu Anadoluda türklər tərəfindən darmadağın edildi və o, qalan əsgərləri ilə birlikdə, kralın ordusuna qoşuldu. Yolda çətinliklərlə üzləşən kral ordunun başına tampliyerləri gətirdi və onların köməyi ilə sağ-salamat Antioxiyaya çata bildi. Daha sonra Akra yollanan səlibçilər buradakı şurada Dəməşqin üzərinə hücuma keçmək qərarına gəldilər. Lakin səfər tam uğursuzluqla başa çatdı.

Daxili strukturu

[redaktə | mənbəni redaktə et]

Tampliyerlər zaman keçdikcə yerli müsəlman əhaliyə qarşı dözümlü münasibət göstərməyə başlayırdılar. Onlar müsəlmanlarla ticarətlə məşğul olur, bir çox hallarda səmimi münasibət yaradırdılar. Hətta Avropadan yeni gəlmiş səlibçilərdə bu heyrət doğururdu. Bu mövzuda Üsamə ibn Münqızın xatirələri çox maraqlıdır. "Qüdsə gəldiyim zaman mən Əl-Əqsa məscidinə daxil oldum. Xaçlılar buranı kilsəyə çevirmişdilər. Mənim dostlarım tampliyerlər mənə ibadət etməm üçün bir yer ayırdılar. Mən bir gün orada namaz qılarkən franklardan biri üstümə atıldı və üzümü şərqə tərəf çevirərək dedi "belə ibadət etmək lazımdır". Tampliyerlər onu qovdular və məndən üzr istəyərək bildirdilər ki, bu şəxs yaxınlarda Avropadan gəlib və başqa cür ibadət edənləri görməyib".

Tampliyerlərin London qərargahındakı cəngavər məzarları

Tampliyerlərin daxili nizam-intizamı onların qəbul etdikləri yazılı qanunla müəyyənləşdirilmişdi. Burada onların gündəlik həyatına dair hər bir məsələ işıqlandırılmışdı. Bu qaydaların bəziləri zamanla dəyişmiş, bəziləri isə ilkin variantda saxlanmışdı. Göstərilirdi ki, magistr dördədək at sahibi ola bilər. Ona öz məiyyətində katib, keşiş, serjant və atlı silahdaşıyan, dəmirçi, muzdlu döyüşçü, tərcüməçi və aşpaz saxlamaq ixtiyarı verilmişdi. Burada bir sıra məhdudiyyətlər də qoyulmuşdu. O, xəzinənin açarını özündə saxlaya bilməzdi. Oradan pul götürən zaman ən hörmətli şəxslərlə məsləhətləşmək məcburiyyətində idi. Cəngavər olmaq üçün mütləq cəngavər nəslindən olmaq tələb olunurdu. Qaydaları pozanlara qarşı sərt tədbirlər görülürdü. Verilən cəzaların arasında şallaqla döyülmək, qandallanaraq zindana salınmaq və yeməyi döşəmənin üzərində uzanaraq yemək kimi tədbirlər geniş tətbiq olunurdu. Orden üzvlərinə heç bir mülkiyyət sahibi olmaq icazəsi verilmirdi. "Evdə hər şey ümumi olduğuna görə, magistrin və başqa birinin nəyisə özünə götürməsinin qəti qadağan olduğu unudulmamalıdır". Əgər orden üzvlərindən kimdəsə ölümdən sonra pul tapılırdısa, onu tampliyerlərin ümumi qəbristanlığında dəfn etmirdilər.

Qaydaların bir hissəsi atlara qulluğa və cəngavər təlimlərinə həsr edilmişdir. Orada göstərilir ki, cəngavərlər ordenə daxil olarkən, atı və döyüş ləvazimatını özü ilə gətirməli idi. Atın yəhərini və üzəngisini qızıl-gümüş və daş-qaşla bəzəmək qəti qadağan edilirdi. Cıdırda iştirak etməyə xüsusi icazə tələb olunurdu, mərc gəlmək isə qadağalardan biri idi.

Döyüş zamanı tampliyerlərin ağ-qara bayrağını on cəngavərin mühafizəsi altında olan marşal saxlayırdı. Döyüş meydanında bayraq dalğalandığı müddət ərzində heç bir orden üzvü geri çəkilə bilməzdi. Əgər cəngavər öz dəstəsindən ayrı düşsəydi, ona digər ordenlərin sırasına qoşulmağa icazə verirdilər. Komandirdən icazəsiz döyüşə atılanlara çox ağır cəzalar verilirdi.

1153-cü ildə tampliyerlər Qüds krallığının ordusu ilə birlikdə Askalon şəhərinin mühasirəyə alınmasında iştirak etmişlər. Dəniz sahilində yerləşən bu şəhər strateji nöqteyi-nəzərdən son dərəcə vacib obyekt olmuşdur. Tampliyerlər mühasirə vaxtı divarda yaranmış deşiyin köməyi ilə magistr Bernard de Tremelenin başçılığı altında şəhərə daxil olmuşdular. Lakin vuruşma nəticəsində onların hamısı döyüş meydanında həlak olmuşsa da, nəticədə şəhər səlibçilər tərəfindən alınmışdır.

Tampliyerlərin müharibə meydanında məğlubiyyətləri bununla məhdudlaşmır. Beş ildən sonra yeni magistr Bertran de Blanfor 300-ə yaxın cəngavərlə birlikdə, İordan çayının yaxınlığında müsəlmanlar tərəfindən əsir alınmışdı.

Bu dövrlər səlibçi dövlətlərinin daxilində hakimiyyət üstündə baş verən qarşıdurmalarla əlamətdardır. Belə ki, Qüds kralı III Bolduinlə anası Melisenda arasında taxt-tac mübarizəsi getmişdir. Bütün bunlar son dərəcə qarmaqarışıq dövr üçün səciyyəvi haldır.

1168-ci ildə Antioxiya şəhəri ətrafında gedən döyüşdə, knyaz III Boemund tampliyerlərlə birlikdə mühasirəyə düşmüş, nəticədə ordenin yetmişə yaxın cəngavəri həlak olmuşdur. Məhz bu kimi hadisələrin təsiri altında tampliyerlər səlibçilərin digər qüvvələrindən ayrılaraq, təkbaşına əməliyyatlar keçirmək qərarı vermişlər.

1187-ci ildə Xittin döyüşündə səlibçilər Sultan Səlahəddinin ordusuna məğlub oldular. Bu döyüşdə kral Gi de Luzinyan, habelə digər dövlət xadimləri ilə bərabər, tampliyerlərin 230 cəngavəri əsir götürülmüşdü. Səlahəddin krala və ordenin magistri Jerar de Ridfora aman verilməsini əmr etdi. Digər cəngavərlər isə, ölüm cəzasına məhkum edildilər. Məhz bu vuruşmadan sonra Qüdsün taleyi həll olundu və Sultan Səlahəddinin komandanlığı altında müsəlman qoşunu həmin il oktyabrın 2-də şəhəri səlibçilərdən geri aldı. Bununla da Tampliyerlər ordeni özünün qərargahından məhrum oldu.

Qüdsün itirilməsi Avropada geniş əks-səda doğurmuşdur. Papaya bu xəbəri İtaliyada olan tampliyerlər vermişdilər. Bütün xristian dünyası Qüdsün itirilməsindən ağır kədər hissinə qərq oldu. Papa III Urban bunu Tanrının insanlara günahlarından ötrü göndərdiyi cəza kimi başa düşdüyünü bildirmişdi. O, bu kədərə dözməyərək, tezliklə dünyasını dəyişdi.

Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, sonrakı yüz il ərzində də uğur qazanmaq mümkün olmadı və səlibçilər get-gedə Yaxın Şərqdəki torpaqlarını itirdilər. Nəhayət 1291-ci ildə Akr şəhərinin alınması ilə səlib yürüşləri epopeyası dövrü başa çatdı.

Həbs və darmadağın

[redaktə | mənbəni redaktə et]

Məhz bundan sonra tampliyerlərin əhəmiyyəti azalmağa başlamışdır. Buna görə də onları qospitalyer ordeni ilə birləşdirmək haqqında fikirlər ortaya atılmışdır. Bu haqda bir çox nüfuzlu şəxs öz təkliflərini ortaya qoysalar da Tampliyer Ordeninin son magistri Jak de Mole qətiyyətlə bu düşüncələri rədd etmişdir. Onun fikrincə, birləşmə yalnız hər iki ordenin gücünün azalmasına səbəb ola bilərdi. Jak de Mole bunun əvəzinə Fələstin ərazisini yenidən ələ keçirmək üçün bütün Avropa dövlətlərinin gücünü birləşdirərək, yeni səlib yürüşü təşkil etməyi təklif etmişdi.

Tampliyerləri homoseksualizmdə ittiham edən orta əsr miniatürü

Orden vergilərdən azad olduğuna və başqa digər güzəştlərinə görə nəhəng maliyyə korporasiyasına çevrilmişdi. Onlar bank xidmətləri göstərir, borc verir və maliyyə imkanlarını daha da artırırdılar. Bu məsələdə onlara Roma Katolik kilsəsinin yardımı dəyirdi. Demək olar ki, Avropanın bütün krallarının tampliyerlərə külli miqdarda borcu var idi. Bu sırada ən böyük borclu Fransa kralı IV Filipp idi.

1305-ci ildə Fransa kralı IV Filippə orden haqqında bəzi məlumatlar gəlməyə başlamışdır. O, bu məlumatları papa V Klimentə verərək bunları araşdırmasını xahiş etmişdir. Kral tampliyerlərə qarşı istintaqı tamamilə gizli aparır, müəyyən edilmiş anadək heç bir işarə ilə öz məqsədini bildirmirdi. Nəhayət, iki ildən sonra həlledici an yetişdi. Magistr və onun məiyyəti gözlənilmədən ordenin Paris qərargahında həbs edildilər. Üç həftədən sonra kralın əmri əsasında Fransada on beş minə yaxın cəngavər və onların xidmətçisi həbs olundu. Ordenin bütün əmlakı kralın xeyrinə müsadirə edildi. Bu Avropanın tarixində görünməmiş hadisə idi. Tampliyerlər ordeni Fransa kralına deyil, birbaşa Roma Papasına tabe olan nüfuzlu, qüdrətli, maliyyə dayaqları son dərəcə möhkəm olan təşkilat idi.

Tampliyerlərin tonqalda yandırılmasını təsvir edən orta əsr miniatürü

Həbsdən sonra son dərəcə uzun sürən təhqiqat prosesi başladı. Təhqiqat zamanı həmin dövr üçün xarakterik olan işgəncədən istifadə edirdilər. Təəccüblü deyil ki, Parisdə həbs olunan 138 tampliyerdən 134-ü iki ay ərzində bütün ittihamları qəbul etmişdi.

Prokurorların iddialarına əsasən orden birbaşa Şeytana xidmət edirdi. Yeni üzvlərin hamısını andiçmə mərasimi zamanı Həzrət İsanın yalançı Məsih olduğunu və onun şəxsi günahlarına görə çarmıxa çəkildiyini qəbul etməyə məcbur edirdilər. Habelə mərasim zamanı xaça tüpürməli, andı qəbul edəni ağzından, qarnından və tənasül üzvündən öpməli idi. Bundan sonra onlar digər üzvlərlə cinsi əlaqəyə girməyə təhrik edilir, bunun günah sayılmadığı fikri aşılanırdı. Habelə, onlarda Bafomet adlı bir iblisə ibadət mərasimləri keçirildiyi, onun pişik, kəllə və ya üçüzlü insan başı şəklindəki surətinə səcdə etdikləri bildirilmişdi. İttihamların başqa bir maddəsi tamahkarlıqla bağlı idi. Bildirilirdi ki, ordenin üzvləri əmlaklarını qanuni və ya qeyri-qanuni yollarla böyütməkdən çəkinmirdilər. Həmçinin, Səlib yürüşləri zamanı müsəlmanlarla gizli danışıqlara girərək, pul naminə xəyanətkarlığa yol verdikləri də iddia olunurdu.

Həbslərdən bir ay sonra Papa V Kliment araşdırma aparmaq üçün bütün Avropa hökmdarlarını tampliyerləri həbs etmək və əmlakını kilsənin xeyrinə müsadirə etməyə çağırdı. Bu çağırışda o, istintaqın rəsmən katolik kilsəsinin rəhbərliyinə keçdiyini bildirmişdi. İlk olaraq kilsənin qarşısına magistr Jak de Mole çıxmış və o əvvəl verdiyi ifadələri tamamilə inkar etmişdi. Papa fevral ayında işgəncələri dayandırmaq əmri vermişdi. Bütün bunlara baxmayaraq, istintaq prosesi hələ uzun illər davam etmişdir.

Eyni proseslər digər Avropa ölkələrində də baş vermişdir. Orden üzvləri həbs edilmiş, əmlakları müsadirə olunmuşdur. Onlar Papa məhkəməsinin qarşısına çıxarılmışlar. Lakin bəzi ölkələrdə bu proses ləng getmiş, nəticədə tampliyerlər tam olaraq, hər yerdə mühakimə oluna bilməmişlər. Tampliyerlərə qarşı aktiv mübarizə əsasən Fransada getmişdir. Burada hələ 1310-ci ildə ilk 54 nəfər kafir kimi tonqalda yandırılmışdır.

Nəhayət, 1312-ci ildə Papa V Kliment tampliyerlər ordeninin buraxılması və onun əmlakının qospitalyerlər ordeninə verilməsi haqqında fərman imzalayır. Bu hadisədən sonra ordenin qalan üzvlərinin taleyi də qiyabi surətdə həll olunmuşdur. İki il sonra Parisdəki Yəhudi adasında ordenin son magistri Jak de Mole və Normandiya komandoru Jofrua de Şarne tonqalda yandırılmışlar. Edam zamanı şahidlərin ifadəsinə əsasən, magistr düşmən saydığı kimsələri, Papanı, kralı və Fransanın naziri Giyom de Noqareni lənətləyərək, onları tezliklə İlahi məhkəmədə gözlədiyini bildirmişdir. Adıçəkilən hər üç şəxs, həqiqətən də elə həmin il dünyalarını dəyişmişlər. Bu tampliyer ordeni haqqında əfsanəvi görünən hadisələrin başlanğıcını qoymuşdur.

Ləğvetmədən sonrakı əfsanələr

[redaktə | mənbəni redaktə et]

Orden bir çox Avropa ölkəsində yox edilsə də, tam məhv olmamışdır. Belə ki, Portuqaliyada beş ildən sonra Məsih ordeni adı altında bərpa edilmişdir. Bu orden yüz illər boyunca mövcudluğunu qorumuşdur. Bu da maraqlıdır ki, Xristofor Kolumbun Amerika qitəsinə səyahət etdiyi gəminin üzərində tampliyer xaçı olmuşdur.

Orden haqqında mifik təsəvvürlər təkcə bununla məhdudlaşmır. Jak de Molenin lənətlədiyi kralın hər üç oğlu qısa müddətdə hakimiyyətdə olmuş, hamısı vəliəhdsiz vəfat etdiyinə görə sülalə başa çatmışdır. Bundan sonra Fransa ağır Yüzillik müharibəyə girmiş, sonsuz əziyyətə qatlaşmalı olmuşdur. Əfsanəyə əsasən, kral XVI Lüdovik 1793-cü ildə Parisdə edam olunarkən, xalqın içərisindən çıxan bir nəfər əlini onun qanına batıraraq havaya qaldırmış və "Jak de Mole, intiqamın alındı" deyə qışqırmışdır.

Həmçinin, ordenin masonluğun əsasını qoymaları, Kabbala ilə və başqa mistik kitabları öyrənərək müxtəlif cərəyanlarla məşğul olmaları kimi fikirlər mövcuddur. Bəziləri, onların Cənubi Amerikanı kəşf edərək, oradakı gümüş mədənlərindən xeyli sərvət götürdüklərini bildirirlər. Bundan başqa onların Həzrət İsanın dövrümüzə gəlib çatmış nəslinin nümayəndələrinin mühafizəçiləri olması haqqında da iddialar ortaya atılmışdır. Ordenin İslam dini, ələlxüsus sufilərlə bağlarının olması da bildirilmişdir. Bütün bunlardan başqa əsas ittiham mövzusu ordendə homoseksual əlaqələrin geniş şəkildə yayılması olmuşdur.

Böyük magistrlər

[redaktə | mənbəni redaktə et]
Ordenin son magistri Jak de Mole
Tampliyerlərin istifadə etdikləri xaçlardan biri
Tonqalda yandırılan iki tampliyer nümayəndəsi
Şahmat oynayan təriqət nümayəndələri (1283)
1. Huqo de Peyn 1118–1136
2. Rober de Kraon 1136–1147
3. Everar de Barr 1147–1149
4. Bernar de Tremele 1149–1153
5. Andre de Monbar 1153–1156
6. Bertran de Blanşfor 1156–1169
7. Fillip de Milli 1169–1171
8. Odo de Sent-Aman 1171–1179
9. Arnold de Torroxa 1181–1184
10. Jerar de Ridfor 1185–1189
11. Rober de Sable 1191–1193
12. Jilbert Horal 1193–1200
13. Fillip de Plessi 1201–1208
14. Giyom de Şartr 1209–1219
15. Pedro de Montegü 1218–1232
16. Arman de Perigor 1232–1244
17. Rişar de Bur 1244/5–1247[9]
18. Giyom de Sonnak 1247–1250
19. Reno de Vişye 1250–1256
20. Toma Berar 1256–1273
21. Giyom de Bejo 1273–1291
22. Tibo Goden 1291–1292
23. Jak de Mole 1292–1314
  1. Barber, in "Supplying the Crusader States" says, "By Molay's time the Grand Master was presiding over at least 970 houses, including commanderies and castles in the east and west, serviced by a membership which is unlikely to have been less than 7,000, excluding employees and dependents, who must have been seven or eight times that number."
  2. Malcolm Barber, The New Knighthood: A History of the Order of the Temple. Cambridge University Press, 1994. ISBN 0-521-42041-5.
  3. Martin, p. 47.
  4. Nicholsun, p. 4.
  5. Malcolm Barber, The Trial of the Templars. Cambridge University Press, 1978. ISBN 0-521-45727-0.
  6. Novikov, 1985
  7. Novikov
  8. Read, The Templars. p. 91.
  9. Armand de Périgord was either killed or captured at the battle of La Forbie; authorities differ. Richard de Bures commanded the Templars until the election of Guillame de Sonnac; whether he was Grand Master is disputed. See here Arxivləşdirilib 2011-11-12 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]