Monjisar döyüşü - Əyyubilər ilə Qüds krallığı arasında 1177-ci ilin 25 noyabr tarixində baş vermiş döyüş. Cüzam xəstəsi olan 16 yaşındakı Qüds kralı IV Boduin sayca az olan ordusu ilə Səlahəddin Əyyubini məğlub etmişdir. Ağır şəkildə məğlub olan müsəlman ordusundan çox az əsgər sağ qalmışdı.
Monjisar döyüşü | |||
---|---|---|---|
İkinci Səlib yürüşü | |||
Tarix | 25 noyabr, 1177 | ||
Yeri | Monjisar, Ramla yaxınlığında | ||
Nəticəsi | Səlibçilərin qəti zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1177-ci ildə Qüds kralı IV Boduin bölgəyə gələn Alzaslı Filiplə birlikdə Bizans İmperiyasının da dəstəyini alaraq Misirə hücum etməyi planlaşdırırdı. Buna baxmayaraq bu planlar uğursuz oldu. Həmin dövrdə Səlahəddin Əyyubi Qüdsü tutmaq üçün hazırlaşırdı. Səlahəddin Əyyubinin planlarından xəbərdar olan IV Boduin şəhərin müdafiəsini münasib bir yerdə təşkil etmək üçün 375 cəngavərlə[2] birlikdə Askalona doğru irəliləməyə başladı. Burada IV Boduin təqribən 26000 nəfərlik qüvvə ilə onun qarşısına çıxan Səlahəddin Əyyubi tərəfindən dayandırıldı. IV Boduinlə birlikdə Hələbdəki həbsdən yeni qurtulmuş III Reymond da orada idi. Səlahəddin Əyyubinin qatı düşməni olan III Reymond cüzam xəstəsi olan 16 yaşlı IV Boduin ağır xəstə olduğu üçün orduya komandanlığı öhdəsinə götürdü. III Reymondla yanaşı Səlibçilərin ordusunda Məbəd cəngavərlərinin başçısı Eudes de St. Amand, İbelinli Boduin, qardaşı Beliyan, Sidonlu Recinald və Urfalı Yoşelin də vardı. Askalondakı IV Boduinə kömək etməyə çalışan başqa Məbəd cəngavəri qrupu Qəzzədə mühasirəyə düşdüyündən köməyə gələ bilmədi.
Səlahəddin Əyyubi Qüdsə doğru irəliləməyə davam etdi. O, IV Boduinin sayca az olan ordusu ilə ona mane ola bilməyəcəyini düşünürdü. Ramla, Lydda və Arsufa hücum etdi. Səlahəddin Əyyubi orduya qarət etməyə icazə vermişdi. Qüds kralının qarşısını almaq üçün geridə saxladığı qüvvələrin yetərsiz olduğundan və Səlibçilərin onun ordusuna doğru yaxınlaşdığından xəbərsiz idi. Sahil boyunca irəliləyən Səlibçilər Ramla yaxınlığında, Monjisarda Əyyubilərlə qarşılaşdılar. Səlahəddin Əyyubi gözləmədiyi anda hücuma məruz qaldı. Ordusu dağınıq, uzun yürüş səbəbindən yorğun və hazırlıqsız idi. Səlibçilər hazırlıqsız halda yaxaladıqları Əyyubi ordusuna hücum edərək onlara böyük zərbə vurdu. Ordusunun böyük hissəsini itirən Səlahəddin Əyyubi sağ qaldı. Gecəyə qədər Səlahəddin Əyyubini təqib edən IV Boduin daha sonra Askalona geri çəkildi. Şəxsi mühafizəçiləri olan məmlük əsgərlərindən başqa bütün ordusunu itirən Səlahəddin Əyyubi uzun və yorucu irəliləyişdən sonra Misirə geri dönə bilmişdi.
Misir və Suriyadakı hakimiyyətini itirməkdən qorxan Səlahəddin Əyyubi Səlibçilərin məğlub olması xəbərini yaydı. Qələbəsini ölümsüzləşdirmək istəyən IV Boduin isə döyüşün baş verdiyi yerdə monastır inşa etdirdi. Qələbəyə baxmayaraq Səlibçilər də ciddi itki vermişdi. 1100 nəfər ölmüş, 750 əsgər də yaralanmışdı. Səlahəddin Əyyubi məğlub olduğu üçün mühasirə altındakı Harimə kömək göndərə bilmədi. 1179-cu ildə isə Səlahəddin Əyyubi yenidən ordu toplaya bildi və hücumlara başladı. Həmin ildə Marc Əyyun döyüşündə Qüds krallığını məğlub etdi. 1187-ci ildə Hattin döyüşündə həlledici qələbə qazanan Səlahəddin Əyyubi Qüdsü mühasirəyə alaraq, tutmağı bacarmışdı.