Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.
Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir (bir sıra hallarda bunları məhdudlaşdırmaqla).
Beyində olan "məhəbbət sindromunu", yəni, fərdin "sevib-sevmədiyini" aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:
— Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
Təcrübəli şəxslər bu əlamətləri özlərində süni yolla yaradaraq, qarşı tərəfə öz "hörmətini", "məhəbbətini" təlqin edir, bu cür süni "məhəbbət jestləri" ilə onun etimadını, dostluğunu, məhəbbətini və s. qazanırlar ki, sonradan da bundan sui-istifadə edərək öz "məqsədlərini" həyata keçirirlər (z.c)