Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Dəvəli-Qacar (?-1850)—Abbas mirzənin keşikçibaşısı.
Məhəmmədəmin xan Dəvəli-Qacar | |
---|---|
Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Dəvəli-Qacar | |
Doğum yeri | Tehran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Məhəmmədəmin xan Məhəmmədhəsən xan oğlu Tehran şəhərində doğulmuş, mədrəsə təhsili almışdı. O, Mərəndin hakimi təyin olunmuşdu. 1817-ci ildə Rusiya səfiri Aleksey Yermolova göstərdiyi yardıma görə mükafat almışdı.
Məhəmmədəmin xan Abbas mirzənin keşikçibaşısı idi. Cahangir mirzə "Tarixi no" adlı əsərində yazır: " 1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun intizardan sonra savaş saat doqquzda başladı. Gəncə savaşında iştirak edən Cahangir mirzənin söylədiklərini olduğu kimi burada gətiririk: “Rus ordusunun saldatları və topxanası Qacar orduları ilə qarşı-qarşıya durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan rəsmi olan bayraq Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəhmməd Əmin xan Qacar öz nəfərləri ilə şahzadəni qorumaqla görəvli olduğu üçün ordunun mərkəzində sakin idi. Rus sərdara Abbas Mirzənin bulunduğu yer məlum olmuşdu. Abbas Mirzənin bayraqların altında olduğu Paskeviç tərəfindən təsbit edilmişdi. Bu üzdən də bütün top atışlarını və saldatların hücumunun o mərkəzə doğru olmasını istəmişdi. Bu arada bəlli oldu ki, rus ordusu tutduğu pozisyonu dəyişdirmədən savunma durumunda qalacaqdır. Qacar orduları da ya hücuma keçməli, ya da bəkləməli idi ki, rusların təpkisini öyrənsinlər. Böyük ehtimala görə on gün də Qacar ordusu bəkləyəcək olsaydı, rus ordusu yenə də pozisyonunu dəyişdirməyəcəkdi".[1]
Məhəmmədəmin xan 1827-ci ildə Abbasabad qalası alınarkən əsir düşmüşdü. Mirzə Yusif Qarabaği yazır: “Onların böyük əmirlərindən biri Fətəli şahın yeznəsi Abbas mirzənin şəxsi gözətçisi olan Qacar Məhəmməd xan idi. Dörd min bəxtiyarlı əsgər və bir neçə xan ilə Abbasabad qalasının mühafizəsindən ötrü yola düşdü. Sərdar cənab Paskeviç Abbasabad qalasını möhkəm surətdə mühasirə etdi, həm Naxçıvan və həm də Arazın o tayında Xoy tərəfdən vuruşa girişdilər”.[2] Tarixçi daha sonra yazır: “Sərdar Abbasabad qalasını zəbt edəndən sonra oradakı top və sursatları ələ keçirtdi. Məhəmmədəmin xanı isə qızılbaşların başqa xan və sərbazları ilə əsir elədi və Gəclər davasında əsir olanlarla bir yerdə birbaş Qarabağ yolu ilə Tiflisə göndərdi. Ehsan xana isə mehribançılıq edib, bəxşişlər verdi və Naxçıvan hakimlik və naibliyinə təyin etməklə onu çox şad edib, öz tayları və yaxın adamları yanında iftixarla adını ucaltdı.
Abbasabadın zəbti 1243 (1827)-cü il iyul ayında başa çatdı.
Məhəmməd xanı Tiflisə aparan zaman bir neçə gün Şuşa qalasında saxladılar. Məhəmməd xan Qacar nücabalarından olub, qısa-boylu, seyrəksaqqallı, qamətcə kiçik bir adam idi. Çox iri atı vardı. At üstündə balaca bir uşaq kimi görünərdi. Abbas mirzə onun süstlüyünü və qalanı əldən verməsini nəzərə alaraq, yüksək mənsəbdən məhrum etdi və həmin mənsəbi sərdar Əmir xanın böyük oğluna verdi. Abbas mirzənin bacısı Məhəmməd xanın arvadı idi. O, bacısını Məhəmməd xandan boşatdırıb dedi:
- Qalanı düşmənə verən bir adam mənimlə arvad qohumu ola bilməz”.[3] O, 1830-cu ildə əsirlikdən azad olunmuşdu.
Məhəmmədəmin xan atası vəfat etdikdən sonra, h.r 1245-ci (1830) ildə onun yerinə Qacar оrdusunda nəsəqçibaşı (nizam-intazam dəstəsinin rəisi) vəzifəsində xidmət еtmişdi.
O, Məhəmməd şah Qacar zamanında h.r 1264-cü (1848) ildə Əmanulla xan Avşarın yerinə Gilan hakimi olan Fətəli şahın 43-cü oğlu Yəhya mirzənin xidmətinə təyin olunmuş, onun işlər müdiri olaraq Gilan hakimi ilə birlikdə Rəştə yola düşmüşdür.
Məhəmmədəmin xan, Abbas mirzə və Əli xan Zilli Sultanın bacısı Mələk Gövhər xanımla (Şah Bibi kimi məşhur idi-Ə.Ç) evlənmişdir. Onlar həm də qohum idilər. Lakin Mələk Gövhər xanım ərindən ayrılmış, bir müddət keçdikdən sonra Mirzə Əbülqasim Qaimməqamla ailə qurmuşdur. Abbas mirzə Naibüssəttənə bacısının boşandığından xəbər tutduqda bərk əsəbləşmiş və demişdir. “Mələk Gövhər xanım mənim bacım deyil, Zilli Sultanın bacısıdır”.
Məhəmmədəmin xan Gövhər Malik Sultan xanım Fətəli şah qızı ilə еvlənmişdi. Məhəmmədrəhim xan adlı оğulları vardı.