Məhəmməd Əlvəndi

Məhəmməd Əlvəndi (1872—1918) — aktyor.

Məhəmməd Əlvəndi
Məhəmməd bəy Məlikov
Doğum tarixi
Doğum yeri Əlvənd, Göyçay qəzası
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti aktyor

O, 1872-ci ildə Göyçay qəzasının Əlvənd kəndində qulluqçu ailəsində doğulub. Ziyalılarla sıx ünsiyyətdə olan Məhəmməd bəy Azərbaycan və rus dillərində mükəmməl savad alıb. Mütaliəyə ciddi maraq göstərib. Gənc yaşlarından Bakıya gələn Məhəmməd bəy Əlvəndi müxtəlif hüquq işləri idarəsmdə çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib. Səhnə sənətinin Azərbaycanın rayonlarında geniş yayılması üçün Hüseyn Ərəblinski ilə çiyin-çiyinə və ciddi səylə fəaliyyət göstərib. Bakıda mövcud olan müxtəlif teatr truppalarının, əsasən "Nicat" mədəni-maarif cəmiyyəti nəzdindəki teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib.

Səhnəyə ilk dəfə 1890-cı ildə çıxmış Məhəmməd bəy Əlvəndi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Heydər bəy və Hacı Qara, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" məzhəkəsində Əşrəf bəy və Rüstəm, Səkinə Axundzadənin "Bəxtsiz bala" təbdilində Xəlil bəy, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Mürtəzaqulu xan və Sadıq xan, İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" vodevilində Hümbət bəy, Yusif Ziya Talıbzadənin "Ərmənusə" və "Xalid ibn Valid" pyeslərində Marks və Mixa, Nəriman Nərimanovun "Nadir şah" faciəsində Şah Təhmas rollarını oynayıb.

Aktyor eyni zamanda tərcümə əsərlərindən Jan Batist Molyerin "Zorən təbib" (Təbib İlyas), Lanskoyun "Qəzavat" (Qriqoryev), Şəmsəddin Saminin "Dəmirçi Gavə", (Qəhtan), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Ərəb), Nikolay Qoqolun "Evlənmə" (Podkolosin), Henrix Heynenin "Əl Mənsur" (Həsən), Fridrix Şillerin "Qaçaqlar" (Herman), Mirzə Məhəmməd Axundzadənin iqtibas etdiyi "Səd ibn Vəqqas" ("Səd Vəqqas", "Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla müharibəsi" kimi də yazılıb) əsərlərinin tamaşalarında müxtəlif səpkili rollarda səhnəyə çıxıb.

1918-ci ildə ermənilərin Bakıda törətdikləri qanlı vəhşiliklərdən möhkəm sarsılıb və səfalət içində dünyasını dəyişib.