Məhəmməd əfəndi bin Xızır əl-Öməri əl-Ağdaşi (?-?)—XVI-XVII əsr Azərbaycan tarixçisi.
Məhəmməd əfəndi Ağdaşi XVI əsrin ortalarında Şirvan əyalətinin Ərəş mahalının Ağdaş kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Məhəmməd əfəndi Ağdaşi tarixçi idi. "Dərbəndnamə" adlı əsəri var. Bəzi müəlliflər bu əsərin müəllifini kumık kimi göstərirlər. Yanlış ehtimaldır. Mötəbər tədqiqatçılar müəllifin Azərbaycanlı olduğunu qeyd edirlər. V. V. Bartold "Dərbəndnamənin mənşəyinə dair" adlı məqaləsində yazır: "Rumyantsevin siyahısında son olaraq qeyd olunub ki, müəllifin adı Məhəmməd Avabi Ağdaşidir, nəinki Kantemirin, Bayerin və əvvəlcə Klaprotun yazdığı kimi Akrasi və yaxud Akraşidir".
Qeyd edək ki, elm aləmində "Dərbəndnamə" haqqında ilkin sözü XVIII əsrin əvvəllərində akademik Z. Bayer söyləmişdir. 1726-cı ildə o yazırdı: " Girey xanın rəhbərliyi altında müsəlmanlar Dərbənd və Əndəri işğal edəndə Məhəmməd Əvabi Əxasse belə bir əmr aldı ki, ərəb və fars mənbələri ilə tanış olaraq Dağıstanın qədim tarixi haqda türkcə yazsın…"[1]
Bu cür qarışıq məlumata Y. Klaprotun da əsərində rast gəlmək olar. Hətta Y. Klaprot bunu daha başqa istiqamətdə şübhəli bir şəkildə qələmə alır. O yazırdı: "Dərbənd ərazisində islam yayılanda Krım xanı Girey xan Qum və Xəzər dənizləri arasındakı əraziləri və həmçinin Əndəri ələ keçirən zaman şəhər sakini Məhəmməd Əvabi Əktaşiyə tapşırıq verdi ki, ən yaxşı ərəb və fars tarixçilərinin əsərlərindən Dağıstana aid olan hissələri türk dilinə çevirsin…".
V. V. Bartold hesab edirdi ki, Məhəmməd Əvabi Ağdaşi Dağıstanın yerli knyazı Çoban bəyin tapşırığı ilə XVII əsrdə yazmışdır.[2].
Məhəmməd əfəndinin oğlu Qul Əhməd Fazil də Şirvanın ziyalı şəxslərindən idi.