Xoca Saleh Məhəmməd Bitikçi üsyanı — 1539–1540-cı ildə Astrabad bəylərbəyliyində Səfəvi hakimiyyətinə qarşı qaldırılmış üsyan. Üsyan köhnə Astrabad hakimi Xoca Müzəffərin qohumu Xoca Saleh Məhəmməd Bitikçi tərəfindən başladılmışdı. Məhəmməd Saleh özünü Astrabad hakimliyinin qanuni sahibi sayırdı. O Xarəzm hakimi Öməz Qazinin köməyi ilə Astrabad hakimliyini ələ keçirsə də, çox keçmədən Şah Təhmasibin üsyandan xəbər tutması ilə Məhəmməd Saleh üzərinə yeni qüvvələr göndərildi. Məğlub edilən Məhəmməd Saleh bir küpün içinə salınıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atıldı.
1537-ci ildə Astrabadda da mərkəzi hakimiyyət əleyhinə üsyanlar baş verməyə başladı. Burada bir tərəfdən ənənəvi sülalə mənsubları hakimlik edirdilər və onlar öz mənafelərinin təmin etmək məqsədilə Səfəvi sarayının təsirindən çıxmaq istəyirdilər. Digər tərəfdən isə bu vilayətin hakimləri həmçinin nüfuzlu dairələri ilə özbək xanları arasında müəyyən əlaqələr varidi ki, bu əlaqələr Səfəvi hakimiyyəti əleyhinə qurulmuşdu. Üsyanların bir digər səbəbi isə yerli əhali ilə Səfəvi sarayının rəsmi məzhəbi arasındakı fərqliliklər idi. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşi Tarixi aləmara-yi Abbasi əsərində bölgədəki hərbi-siyasi vəziyyət haqqında məlumat verir:[1]
Astarabad şəhəri sabiq zamanlarda Cürcan və Təbəristan vilayətlərinin hökumətgahı olmuşdur. Oranın camaatının əksəri saleh, mömin və pəhrizkar adamlar olmasına baxmayaraq, onların əhvali-ruhiyyəsi vəsvəsə, ehtiras və qalmaqaldan xali deyildir. Elə bil ki, Cürcan meşəsinin və dağının havası onlarda çaxnaşma əhvali-ruhiyyəsi yaradır. Astarabad əhalisi arasında özlərini siyahpuşlar ("qarageyimlilər") adlandıran bir toplum var ki, onların qiyamçılıq və tüğyan həvəsləri zehinlərinə fəsad qarışdırmış və onların firavanlıq sərmayəsini kasadlaşdırmışdır. O bölgənin qalmaqalçılarından digər bir qismi ictimaiyyət arasında yaka-türkmənlər kimi tanınan və Xarəzm sultanlarından asılı olan sayinxani qəbilələri toplumudur. Onlar dikbaşlıqları və özbaşınalıqları üzündən özlərini Astarabadın böyük səhrasına və geniş çölünə vurub, Gürgan və Ətrək çayları arasında məskunlaşmışdılar. Onlar məmləkətə zərər və ziyan yetirirdilər. Buna görə də o mülkün ərazisi qalmaqaldan xali olmur və oranın hakimlərinin başı döyüşdən və savaşdan açılmırdı. Amma Allah-taalaya şükür olsun ki, Allahın kölgəsi olan əlahəzrət şahın əbədi dövləti zamanında onun qəhrəmanlığının güclü məşəlinin işığı ilə tüğyanın yaratdığı zülm və qübar zülməti məhv oldu və yoxa çıxdı. İndi hər iki tərəfin (siyahpuş və sayinxani tayfalarının) şuluqçuları başlarını aşağı salıb, firavanlıqla yaşayırlar".[1]
1537-ci ildə Astrabadda qiyam qaldırmağa təşəbbüs edən Məhəmməd Saleh Bitikçi bu vilayətin ənənəvi şəkildə hakimlik etmiş sülalənin nümayəndəsi idi və vilayətin idarəsini özünün haqqı hesab edirdi. Məlumdur ki, Bitikçi nəslinin nümayəndələrindən biri olan Xoca Müzəffər Bitikçi hələ ġah İsmayılın vaxtında Səfəvi sarayına itaətini bəyan etmişdi. Şah İsmayıl özbək qoşunları ilə döyüş üçün Xorasan vilayətinə yollananda Xoca Müzəffər Bitikçi onun görüşünə gəlmiş, qiymətli hədiyyələr təqdim etməklə Səfəvi hakimiyyətinə sədaqətini bəyan etmişdi. Xoca Müzəffər Bitikçinin hətta özbək qoşunlarına qarşı döyüşdə Səfəvi qoşunları tərkibində iştirak etməsi haqqında da mənbələrdə məlumat mövcuddur.[2] Şah İsmayılın da ona xüsusi ehtiramı var idi və Xoca Müzəffər Bitikçi də bu ehtiramı qoruyub saxlamağa çalışırdı. Qarşılıqlı ehtiram üzərində qurulmuş bu münasibətlər isə öz növbəsində Astrabad daxilində və ətrafında sabit həyatın bərqərar olmasına yol açırdı.[3]
Xoca Müzəffər Bitikçi vəfat etdikdən sonra hakimiyyət onun nəslindən olanlara keçmədi. Məhəmməd Saleh üsyanı zamanı Astrabad bəylərbəyi Sədrəddin xan Ustaclı idi. Bəzi mənbələrdə Məhəmməd Salehin Xoca Müzəffərin oğlu, bəzilərində nəvəsi bəzilərində isə qardaşı oğlu kimi göstərilib. Buradan onun Xoca Müzəffərin nəslindən olduğu anlaşılır.[4]
Həsən bəy Rumlu üsyan haqqında "Əhsən ət-Təvarix" əsərində, "Xoca Məhəmməd Saleh Bitikçinin Astarabadda qiyam qaldırması və onun Sədrəddin xanın mülazimlərinin əlində giriftar olması haqqında söhbət" başlığında məlumat verir:[5]
"Bu il Xoca Müzəffər Bitikçinin oğlu Məhəmməd Saleh başını itaət boyunduruğundan çıxardı və üzünü tabelik qibləsindən çevirdi. O, Astarabad siyahpuşlarından bir dəstə toplayıb Astarabad vilayətinin qəsəbələrindən bəzilərini ələ keçirdi və Xarəzmə, Ömər Qazi sultanın yanına bol-bol töhfələrlə qasidlər göndərib yardım istədi, özünü onun tərəfdarları zümrəsinə aid etdi. Astarabad üzərində hakimiyyəti ələ keçirmək fikri Xarəzm hakiminin xoşuna gəldi. O, tayfalardan və səhra sakinlərindən xeyli ordu cəmləşdirib Astarabada yollandı. Məhəmməd Saleh Cürcan cəngəlliyindən çıxıb Ömər Qazi sultana qoşuldu. Xarəzmlilər izzət və ehtiram şərtlərini yerinə yetirdilər."[5]
Rumlunun yazdığı kimi Məhəmməd Saleh yetəri qədər dəstə toplayıb əvvəlcə Astrabad vilayətinin yaşayış məntəqlərinə hücum çəkib öz hakimliyini elan etdi. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi.[6] Xarəzm hakimi böyük bir qoşun dəstəsi toplayaraq Astrabad üzərinə hərəkət etdi. Özbək qoşunları Astrabad ətrafına yetişəndə Məhəmməd Saleh də ətrafında olan qoşun dəstəsi ilə Cürcan meşələrindən çıxaraq Ömər Qazi sultana qoşuldu. Bununla Astrabad ətrafında böyük bir hərbi qüvvə formalaşdı və vilayət daxilində mövcud olan Səfəvi qoşun dəstəsi ilə bu qüvvəyə müqavimət göstərilməsi imkandan kənara çıxdı.[4]
Bu zaman Astrabad hakimi Sədrəddin xan Ustaclı idi. O yaxınları ilə məşvərət aparıb belə qərara gəldi ki, Ömər Qazi və Məhəmməd Salehin birləşmiş qüvvələri ilə mübarizə apara bilməyəcək. Bu səbəbdən Sədrəddin xan, vilayətin qoşun dəstəsi, hakim və əyanları Astrabadı tərk edərək Bistana doğru yola düşdü. O, buradan Şah Təhmasibə üsyan barədə xəbər yolladı və üsyançılara qarşı mübarizə aparmaq üçün kömək istədi.[6]
Sədrəddin xan və vilayətdəki yerli qoşun dəstəsi Bistama yollandıqdan sonra Xoca Məhəmməd Saleh və onun ətrafında olan qüvvələr müqavimətə rast gəlmədən Astrabada daxil oldular. Bu zaman Ömər Qazi sultan Astrabadın idarəçiliyini Məhəmməd Salehə verib Xarəzmə yollandı.
İsgəndər bəy Münşi bu Ömər Qazinin gedişindən sonra baş verənləri belə təsvir edib:[7]
"Məmləkətin yiyəsiz qaldığını görən Məhəmməd Saleh Astarabad şəhərinə daxil oldu, özbəklərin himayəsi ilə həmin vilayətdə öz hakimiyyət bayrağını dalğalandırdı və Xarəzm valisinə və onun adamlarına layiqli töhfələr, hədiyyələr və peşkəşlər verdi. Ömər Qazi sultan o vilayətin (Astrabadın) idarə olunmasını onun öhdəsinə buraxıb, Xarəzmə qayıtdı. Onun getməsindən sonra Məhəmməd Saleh qəflət və qürur badəsindən sərməst olub, əbləhcəsinə öz səltənət xalçasını sərdi və başına hökmdarlıq və istiqlal havası düşdü. Amma gecə-gündüz vaxtını eyşdə və işrətdə keçirirdi. Bir həftə ərzində kef çəkib, bihuş oldu. O, kefcilliyin tüğyanı və məstliyin həddən aşması şəraitində, dünyanın insanla məskunlaşmış dörddə bir hissəsindəki şəhərləri əbləhlik badəsində ona yoldaş olan şəxslərə paylayırdı və hər bir vilayəti öz aqibətini düşünməyən mülazimlərindən birinə tapşırırdı. Onun özündən də axmaq olan həmin səfehlər ona səcdə edib, dualarını və minnətdarlıqlarını bildirirdilər. Belə bir əhvalat məşhurdur ki, bir gün onun mülazimləri arasında hər birinin ürəyindən keçən bir şəhərə hakim təyin olunmaq istəyindən, məmləkət bölgüsü üstündə qalmaqal baş vermişdi."[7]
Şah Təhmasibə üsyann barədə xəbərlər çatdıqda o əmr etdi ki, Əmir sultan Rumlu, Şahqulu sultan Ustaclu, Hüseyncan sultan Rumlu və Həsən bəy Şamlu onun üzərinə getsinlər. Lakin göndərilən birlik Bistana çatmamış Sədrəddin xan Ustaclı xəbər tutdu ki, Ömər Qazi Xarəzmə qayıdıb və Məhəmməd Salehin başı içki məclislərinə qarışıb. O, vaxt itirmədən Asrtabada hücum etdi. Vilayət idarəçiliyini ələ keçirəndən sonra günlərini daha çox eyş-işrətdə keçirən Xoca Məhəmməd Salehin başı yüngül əyləncələrə qarışdığından Sədrəddin xanın rəhbərliyi altındakı dəstəyə müqavimət göstərilməsi üçün özünü səfərbər edə bilmədi. Həsən bəy Rumlu yazır:
"O zaman Məhəmməd Saleh islaholunmaz adamlarla ney səsinə qulaq asmaqla və yeyib-içməklə məşğul idi. Qəflətən onun qulağına nağara və şeypur səsi gəldi. O mərdimazar sərsəm şəkildə fərar yolunu tutdu və meşəyə yönəldi. Sədrəddin xanın mülazimlərindən olan Şahverdi bəy Kəngərlü onu ələ keçirib gətirdi. Sədrəddin xan öz məkanında qərar tutdu."[8]
Sədrəddin xan Məhəmməd Salehi tutub Şah Təhmasibin sarayına göndərdi. Şahın qarşısında kobud danışmasın deyə qızılbaşlar Məhəmməd Salehin dilinə çuvalduz batıraraq dilini ağzına salmağa mane oldular. Sonra isə şahın əmri ilə bir küpün içinə salıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atdılar.[8]
Əbdi bəy Şirazi 1538–1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir kupə qoydu və Təbrizin Nəsriyyə məscidinin minarəsindən atdı.[9]