Sahib Abad və ya Həsən şah meydanı (həmçinin Sahibüləmr meydanı, fars. میدان صاحبآباد) - İranın Şərqi Azərbaycan ostanında, Təbriz şəhərində yerləşən tarixi meydan.
Sahib Abad meydanı | |
---|---|
fars. میدان صاحبآباد | |
| |
38°05′01″ şm. e. 46°17′43″ ş. u.HGYO | |
Şəhər | Təbriz |
Rayon | Şərqi Azərbaycan ostanı |
Yerləşir | İran |
Sifarişçi | Uzun Həsən |
Tikilmə tarixi | XV əsr |
Meydan və ətrafındakı obyektlərin inşası Uzun Həsən və oğlu Sultan Yaqubun hakimiyyəti dövrünə təsadüf edir. Əvvəllər bu meydan və yanındakı binalar birliktə Sahib Abad Kompleksi adlanırdı. Meydanın qalıqları İranın yüksək tarixi dəyəri olan əsərlərindən hesab olunur. Bu mürəkkəb quruluş dörd yüz il ərzində Cahan Şah, Uzun Həsən, Şah İsmayıl və Şah Təhmasib kimi sultanların mərkəzi komandanlığı olmuşdur. Lakin bu gün aparılan səhv təmir və texniki xidmət səbəbindən əsər köhnəlmiş və yalnız məşhur adı qalmışdır.
1273-cü ildə Elxani hökmdarı Abaqa xan dövlətin paytaxtınnı Marağadan Təbriz şəhərinə köçürür. Bundan sonra onun vəziri Xacə Şəmsəddin Məhəmməd Cüveyni Təbrizdə, Mehran çayın şimal tərəfində bağ tikdirmək əmri verdi. O özünün Tarixi Cahanqoşa kitabının önsözündə bu barədə yazıb bildirir ki, vaxtının çoxunu Təbrizdə keçirdiyi üçün Mehran çayının şimal sahilində böyük bir bağ və imarət tikdirməyi qərara alıb. Bu bina bağ ilə birlikdə kompleks idi və Sahib Abad bağçası adlanırdı.[1] Qaraqoyunlu şahı Cahan şah tərəfindən də uzun müddət istifadə edilən bu kompleks 1467-ci ildə Ağqoyunluların hakimiyyətə gəlməsi ilə Uzun Həsənin də diqqətini cəlb edir. Uzun Həsən Qaraqoyunlu Cahan şahı məğlub etdikdən sonra Sahib Abad bağında taxta çıxır və bağın qarşısında böyük bir meydan salınmasını əmr edir. Meydanın tikilməsində əsas məqsəd hərbi işlərə xüsusi diqqət yetirən şahın, öz sarayından ordusunu nəzərdən keçirməsi üçün meydana ehtiyacı olması idi. Bir meydanın hərbi məqsədlər üçün inşası ilk və reallaşmamış bir hadisə idi.[2]
Tarixçi Həsən bəy Rumlu "Əhsən ət təvarix" əsərində meydan barədə yazır: "Təbriz şəhərinin əhalisi və ətraf mahallardan gələn kəndlilər həmin meydanda çadır quraraq öz mallarını satırdılar. Sonra orada dükanlar da inşa olunurdu. Eyni vaxtda 30 min tamaşaçı tutan bu meydanda Ağqoyunlu hökmdarı Uzun Həsənin qarşısında canavar oyunu nümayiş etdirilirdi. Həmin meydanda güləş yarşları, idmanın digər növləri də göstərilirdi." [3]
Meydan barədə Qazi Əhməd Quminin "Xülasət ət-təvarix" əsərində də diqqətə dəyər məlumatlar var. Qumi yazırdı: " Sultan Üveys həmin meydanda 20 min otaqdan ibarət bir bina - «Dövlətxana» tikdirmişdi. Həştbehişt sarayı, Uzun Həsən məscidi bu meydanın kənarında yerləşirdi. Sahibabad meydanından Dəvəçilər məhəlləsinə, oradan da Surxab məhəlləsinə yol keçirdi."[4]
Meydanın ilkin təsvrilərinə Venesiya Səfənaməsində rast gəlirik. Venesiyalılar Uzun Həsənin sarayına bir neçə dəfə, tacir, təbib, səyyah və səfir kimi gəlmişdilər. Hətta bu əlaqələr Səfəvi dövlət başçısı Şah İsmayıl dövründə də davam etmişdi. Bu səyyahlardan biri qeydlərində yazılır: "Sahib Abad meydanına 3000-ə yaxın tamaşaçı toplanmışdı. Meydanın şimal tərəfində və bağın girişində hökmdarlar üçün yemək hazırlanan böyük bir saray olsa da, Şah İsmayıl yemək üçün Həşt Behişt sarayına gedir." [5]
Meydan haqqında təsəvvürlərimizin formalaşmasında Şardenin qeydlərinin böyük rolu var. Şarden qeyd edir ki, meydan Cəfər Paşa qalasının yaxınlığında yerləşir və görünür ki, qala bərpa ediləndə silah-sürsatlar bu meydana toplanılıb. Şardenin eskizində təsvir etdiyi Təbriz şəhərinə nəzər yetirsək burada Sahib Abad meydanının elementləri də gözə çarpır.[5]
Ağqoyunlular dövründə Təbriz üçün çəkilib qəbul edilən yeganə rəsm planı Nasuh Matraqçının Bəyani Mənazəl adlı kitabındadır. Miniatürlə çəkilmiş bu plan Sahib Abad bağının və meydanının, ətrafdakı yaşayış məntəqələrinin ölçüləri haqqında məlumat verən yeganə mənbədir.[1] Bu plana görə, Sahib Abad meydanının şimal və cənubunda iki giriş qapısı və ortada Çüqan adlanan meydan var. Həsən Padşah məscidi və mədrəsə bu meydanın qarşısında yerləşir. Matraqçının planında əsas meydana baxan istiqamətdə Sahib Abad kompleksi və həmçinin bağçanın giriş binası, səkkiz cənnət (Həşt Beheşt) bağı, hərəm sarayı və köşkün içindəki nəhəng fəvvarə görünür.[6]
Meydanın forma və quruluşu barədə məlumatlar müxtəlifdir. Matraqçının xəritəsinə əsasən meydanda bərpa işlərinin aparıldığını söyləmək olar. Tarixi sənədlərin tədqiqi göstərir ki, günümüzdə istifadə edilən meydan 1804-cü il Təbrizdə baş verən zəlzələdən sonra inşa edilmişdir.[7] Beləki, 1782-ci il zəlzələsindən sonra meydanda bir sıra dəyişikliklər baş vermişdi. Yeni meydanın istiqaməti üfiqi olsa da köhnə meydan şaquli istiqamətdə inşa edilmişdi. Bundan başqa yeni meydan əvvəlki meydanın ərazisinin bir qismini əhatə edirdi.[8]
1480-ci ildə Sultan Yaqub taxta çıxdıqdan sonra ölkənin sənət adamları, yazıçı və mütəffəkkirlər öz bacarıqlarını nümayiş etdirmək üçün yaxşı şərait əldə etdilər. Sultan Yaqubun hökmranlıq etdiyi 12 il ərzində bir sıra ictimai və mədəni fəaliyyətlər həyata keçirildi.[8]
Şah İsmayıl Səfəvi dövlətinin qurulmasını məhz Sahib Abad meydanından elan etmişdi. Onun ölümündən sonra Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürsə də Sahib Abad meydanı öz mövqeyini qoruyub saxlaya bilmişdi. Şah Səfi dövründə bura səyahət edən Tavernye yazırdı ki, mədəni-ictimai tədbirlər hələ də bu meydanda həyata keçirilir. Lakin İsgəndər bəy Münşinin Tarix-i aləm aray-i Abbasi kitabında verdiyi məlumatlardan Sultan Məhəmməd dövründən Şah Abbasa qədər olan zaman aralığında meydanın artıq dağıdıldığını və yararsız halda olduğunu görürük.[6]
Buradan aydın olur ki, Şah Abbas və Şah Səfi dövründə meydana diqqət göstərilməmişdir. Taverneyenin qeydlərində yazır ki, Təbrizdə möhtəşəm tikililərlə əhatə olunmuş böyük bir meydan var. Lakin bu görkəmli bina və məscidlərin hamısı tərk edilib.[8]
Sahib Abad meydanında həm Elxani həm Ağqoyunlu və Qaraqoyunlu həm də Səfəvi dövrünə aid memarlıq elemetləri var idi. Sözü geden elementlərə bu dövrlərdə yaşamış tarixçi və səyyahların qeydlərində rast gəlirik. Bunlardan ən qədimi venesiyalı səyyahların meydanı təşkil edən binalar barədə yazdıqlarıdır.[5]
"Giriş qapısı ilə Şah Sarayı arasındakı məsafə digər qapılara nisbətən çoxdur. Buradan meydanın əzəmətli mənzərəsi ilə yanaşı məscid, xəstəxana da görünür. Sultan Həsənin tikdirdiyi bu məscid son dərəcə əzəmətlidir. Onun otaqları qızılla bəzədilmişdir. Xəstəxananın içi məsciddən də gözəldir. Xəstəxana ilə məscid arasında bir divar var. Uzun Həsən və Sultan Yaqubun dövründə minlərlə yoxsul bu xəstəxanada yaşayırdı. Bu ənənə Yaqubun ölümünə qədər davam etdi. Daha sonra türkmənlər onları buradan çıxardılar. Meydanda yerləşən bütün binalar Uzun Həsən tərəfindən tikdirilmişdir. "
Səyyah xəstəxana və məscidlə yanaşı meydanın kənarında üzü meydana doğru başqa bir tikilidən də bəhs edir. Uzun Həsən ordunu təftiş edərkən onları meydana düzərək bu binadan izləyirmiş. [6]
"Meydanın şərqdə böyük bir bağçaya açılan qapı var. Qapı bəzəksizdir və üzəri ağ suvaq ilə örtülüb. Bağçanın mərkəzində böyük gözəl bir çeşmə var. Bağçanın qarşısında üzü meydana baxan çox otaqlı bir bina var ki, onun ağ eyvanı həyatımda gördüyüm ən ağ eyvandır. Həsən bəy nə vaxt meydanda bir şənlik olsa bu saraya gəlirdi. Çox otaqlı gözəl bir saray olduğu üçün Həsən bəyi görməyə gələn elçilərdə burada qalırdı."
Cimli Kardi adlı başqa bir elçi də Sahib Abad meydanını gəzmiş və oranı belə təsvir etmişdi:
"Meydanın çox incə və bədii plitələr döşənmiş gözəl ön hissəsi var. Plintus və qapının ətrafı rəngarəng mərmərlə işlənmiş və üzərində italyan sənətinə oxşar bəzi quşlar, çiçəklər və qarışıq kollar rəsm edilmişdir. Bu məscidin mərmər daş qapısının üzərində qalın çəhrayı parça var. Qapının üzərindəki yazılar incə və görkəmlidir. Qapı böyük kvadrat formalı həyətə gedən dəhlizə açılır və üç böyük tağın altından keçdikdən sonra məscidə daxil olmaq olur. Qapının qabağında kaşı ilə bəzədilmiş iki qüllə var."
Sultan Yaqub dövründə meydanda yeni bir tikilinin - Həşt Behişt sarayının inşasına başlanıldı.[9] Əmininin Sultan Yaqub barədə yazdığı tarix kitabında Həşt Behişt sarayının tikintisi belə təsvir edilmişdi.:"Bu mübarək məhərrəm ayının başlanğıcı padişahın ətrafınında böyük sevinc varidi. Dünya fitnədən azad olmuşdu. Bu il Sahib Abad bağçasında Həşt Behişt sarayının inşaası başa çatdı." Tarixi sənədlərdə meydanın ətrafında Pirə Rumi türbəsi, Zəviyə bağı, Nəsriyə binası kimi abidələrdən bəhs olunur.[10]
Şah Təhmasib meydanda yeni bir məscid inşa etdirdi. Məscid Sahib Abad meydanının şərq hissəsində tikilmişdir.[10] 1638-ci ildə Təbriz şəhəri Osmanlı hökmdarı IV Murad tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır. Lakin, şəhər tezliklə Səfəvilər tərəfindən azad edilmiş və məscid yenidən bərpa edilmişdir. Lakin, az sonra baş vermiş zəlzələ nəticəsində məscid yenidən dağılmışdır. Daha sonra məscid və meydan Qulu xan Dünbüli tərəfindən bərpa edilmişdir.