Məmmədşah Atayev

Məmmədşah Qədim oğlu Atayev — sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent teatrşünas, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri, teatr muzeyinin direktoru(1955-1985).

Məmmədşah Atayev

1941-ci ildə müharibə başlayanda Məmmədşah Qədim oğlu Atayevin (1937-2011) 4 yaşı vardı, qardaşı Teymurşah (1940) isə 8 aylıq uşaq idi. Müharibənin ortalarında atasını, sonunda anasını itirən hər iki uşağın keçmiş Qonaqkənd rayonunun (indiki Qubanın) qədim yaşayış yerlərindən olan Cimi kəndində yaradılmış uşaq evinə təhvil verilmişlər. Cimidə Məmmədşah üçün doğum şəhadətnaməsi bərpa ediləndə yaşını 9-dan 7-yə, 1939-cu il dekabr ayının 20-nə endirərək onu məktəb yaşlı uşaq kimi qəbul etmişdilər.

Məmmədşah Atayevin 6-7-ci siniflərdə oxuyanda məktəbdə göstərilmiş bir neçə tamaşada uğurlu çıxışları olmuşdur. Bu sahəyə marağını nəzərə alan əməkdar müəllim İbad Mustafazadə onu rəhbərlik etdiyi dram dərnəyinə cəlb etmişdi. Orta məktəbi bitirdiyi üç il ərzində bir sıra tamaşalarda müvəffəqiyyətlə çıxış etmiş, Vaqif, Qacar, Şeyx Nəsrullah və s. rolların ən yaxşı ifaçısı kimi tanınmışdı. 1968 –ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1983–cü ildə Tbilisidə, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda “Cəlil Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdır[1].

1956-cı ildən 1986-cı ilə kimi M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri və özünün təşkil etdiyi muzeyin direktoru vəzifəsində çalışmışdır.

1985-1986-cı tədris ilində İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamış, tədris teatrının direktoru olmuş, “Aktyor sənəti” fakültəsinin dekan müavini, Universitet Elmi Şurasının elmi katibi vəzifələrində işləmişdir.

O, 2 seçki müddəti “Aktyor sənəti” və “Teatr və kino sənəti” fakültələrinin dekanı, fakültə şurasının sədri, Universitet Elmi Şurasının üzvü olmuşdur. Məmmədşah Atayev “Aktyor sənəti” fakultəsində dekan işlədiyi müddətdə fakültənin təhsil və yaradıcılıq sahəsində qazandığı müvəffəqiyyətlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasında 2 dəfə xüsusi olaraq qeyd edilmişdir.

Bir çox proqram və metodik işlərin redaktoru və məsləhətçisi olmuşdur. 1987-ci ildə Ə.Qəhrəmanovun Daşkənd şəhərində “Naxçıvan teatrının tarixi”, 1995-ci ildə Azərbaycan EA-da İ. Qazızadənin “Bakı işçi teatrı”, 2002–ci ildə Ə. M. Vəliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycan Milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri” və 2004 –cü ildə yenə həmin Universitetdə M. M Qubadovanın “Azərbaycan teatrında romantizm” mövzusunda müdafiə etdikləri namizədlik dissertasiyalarının rəsmi opponenti olmuşdur.

Məmmədşah Atayev Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbaycan teatr sənətinin korifeylərinin həyat və yaradıcılıqları haqqında və Azərbaycan Dövlət Akademik Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Rus Dram Teatrının və s. Teatrların yaradıcılıq yolunu əks etdirən fundamental sərgilər hazırlamışdır.

O, Azərbaycan teatr rəssamlığı tarixində ilk dəfə olaraq Respublikanın teatr rəssmalarının tamaşalara çəkdikləri eskizlərin Dövlət Teatr Muzeyindən şəkil qalereyasından, teatrlardan, bədii fonddan toplayıb[2].

Pedaqoji fəaliyyət göstərməklə yanaşı Akademik Dram Teatrında truppa müdiri (2002-2005) kimi də əməyi səmərəli nəticələr vermişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Beykent Universiteti arasında bağlanmış müqavilə əsasında (2004) iki dərs ili ərzində adı çəkilən universitetin Gözəl Sənətlər Fakültəsində «Teatr işinin təşkili», «Sənət texnikası» fənlərindən dərs demiş və fakultənin Elmi Şurasına üzv seçilmişdir. Orada həmin fənlərə dair dərslik yazıb çapa təqdim etmişdi.

2019-cu ilin dekabr ayının 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında teatr sənətinin təbliğində müstəsna xidmətləri olmuş, teatrşünas-alim Məmmədşah Atayevin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir[3].

1963-cü ildən mətbuatda teatr sənətinin tarixinə və nəzəri problemlərinə aid məqalələrlə çıxış edir. 10 cildlik Azərbaycan Ensiklopediyası üçün 22 məqalə, 2 cildlik Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyası üçün 50-dən artıq, ümumiyyətlə isə 150-dən çox məqalənin müəllifidir. “Həsənağa Salayev” (1974) və “Cəlil Məmmədquluzadə əsərlərinin səhnə taleyi” (1991) monoqrafiyalarını yazmış və çap olunmuşdur[4].

  1. 19 dekabr 2019. "Bu dünyada izi qalmaq". anl.az. 2019-12-19 tarixində orijinalından arxivləşdirilib.
  2. ""Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fotosalnaməsi"nin təqdimat mərasimi". azertag.az. 2019-12-19 tarixində orijinalından arxivləşdirilib.
  3. "Teatrşünas-alim Məmmədşah Atayevin xatirəsi anılıb". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
  4. "Cəlil Məmmədquluzadə ENSİKLOPEDİYASI". calilbook.musigi-dunya.az. 2018-11-22 tarixində orijinalından arxivləşdirilib.