Məmməd Məmmədov (azərb. Məmmədov Məmməd Mahmud oğlu; 1 yanvar 1930, Birinci Şıxlı, Gəncə dairəsi – 2006, Bakı) — Azərbaycan alimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor.
Məmməd Məmmədov | |
---|---|
azərb. Məmmədov Məmməd Mahmud oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Məmməd Mahmud oğlu Məmmədov 1930-cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini 1952-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1952–1955-ci illərdə aspiranturada oxumuş, 1958-ci ildə "Cəlil Məmmədquluzadənin bədii nəsri" mövzusunda namizədlik, 1969-cu ildə isə "M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Məmməd Məmmədov 1956–1970-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1970-ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976–1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989–1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, Naxçıvan və Təfəkkür Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri"nin (Bakı, 1958) və M.Ə.Sabirin "Hophopnamə"sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, 1962 və 1965; iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Məmməd Məmmədovun elmi rəhbərliyi ilə 1 doktorluq, 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. Bundan başqa o, onlarla dissertasiyaya rəsmi opponentlik etmiş, Müdafiə Şurasının, 2003-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Məmməd Məmmədovun anadan olmasının 75, elmi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə 2005-ci ildə "Ömrü Şərəflə Yaşayanda" (müəlliflər: Təyyar Salamoğlu və Yaqub Babayev) adlı kitab çap etdirilmişdir. Kitabda Məmməd Məmmədovun şərəfli həyat yolundan səhifələr verilmişdir.