Mətanət Elmixan qızı Məmmədova (tam adı:Məmmədova Mətanət Elmixan qızı) — Naxçıvan Muxtar Respublikasının "Əməkdar jurnalisti" (2008), Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" (2020),[1] Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Mətanət Məmmədova | |
---|---|
Mətanət Elmixan qızı Məmmədova | |
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalist -publisist |
Təhsili | ali - Azərbaycan Dövlət Universiteti |
Mükafatları | Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” |
Məmmədova Mətanət Elmixan qızı 10 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsində (indiki Şahbuz şəhəri) anadan olub. 1980–1990-cı illərdə Şahbuz qəsəbə orta məktəbində təhsil alıb. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb.
Ailədir. İki övladı var.
1990–2011-ci illərdə Şahbuz rayonunda nəşr olunan "Oğuz səsi" qəzeti redaksiyasında müxbir, məsul katib və redaktor vəzifələrində çalışıb. 2011–2017-ci illərdə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017–2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan "Şərq qapısı" qəzetində müxbir və baş redaktorun müavini vəzifələrində işləyib.[2] Çalışdığı mətbu orqanlarda, eyni zamanda ölkə mətbuatında bütün qəzet janrlarında, xüsusilə publisistik janrda yüzlərlə yazısı dərc olunub. "Nuhçıxan" İnformasiya Agentliyinin köşə yazarı olub. 2020-ci ildən 2021-ci ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir. 2021-ci ildən "Səs" qəzetində çalışır.
7 mart 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar jurnalisti", 22 iyul 2020-ci ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adlarına layiq görülüb.[3] "Blokada Naxçıvanı" adlı ikicildlik kitabına görə Ali Məclis Sədrinin 8 fevral 2021-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublika mükafatı alıb.[4]
2010-cu ildə "Qəzet jurnalistikası"[5], 2020-ci ildə "Naxçıvanın publisistik xəritəsi (Kitab Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında dərs vəsaiti kimi istifadə edilir), 2020-ci ildə "Naxçıvan blokadası" ikicildliyi,[6] 2021-ci ildə "Qarabağ dastanı" adlı kitabları[7] dərc olunub.