Matriarxat və ya Anaxaqanlıq [1] (türk.) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir.
"Kitabi Dədə Qorqud" boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana–Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır:
Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır: Polifem (Dəpəgöz) mövzusunda olduğu kimi, "Kitabi Dədə Qorqud" burada əski Yunan epik abidələri səviyyəsində durmaqdadır. Homer “Odisseya”sı və Esxil “Oresteya”sında da “ana haqqı” anlayışı tam eyni məzmun (semantika) yükü daşımaqdadır. “Odisseya” və “Oresteya” qəhrəmanı Klitemnestra adlı qadın, Troya savaşından dönüb gəlmiş əri Aqamemnonu (savaşda “müttəfiq qoşunlarının” başçısı idi) öldürmüşdü. Çünki başqa bir kişini sevmişdi. Orest isə xəyanətli davranışına görə öz anasını öldürmüş, fəqət özü də ana haqqının qoruyucuları olan erinlər (əfsanəvi intiqam pəriləri) tərəfindən amansızcasına təqib edilmişdi. Çünki ananın öldürülməsi əsatiri Yunan mifologiyasında “əsla bağışlanılmaz” bir cinayət sayılırdı. Keçən yüzildə Bazel Universiteti Roma hüququ tarixi kafedrasının professoru Y. Y. Baxofen bu epik tarixçəni əsas alaraq “Ana haqqı” (Das Mutterrecht[2]) başlığı daşıyan ayrıca bir kitab yazmışdır. Bu araşdırmasında o, “Oresteya”nı ölməkdə olan ana hüququ ilə yaranmaqda olan ata hüququnun faciəli qarşılaşması, anaxaqanlıq (matriarxat) tarixinin gerçək açımı üçün bir açar kimi dəyərləndirmişdir. "Kitabi Dədə Qorqud" “Odisseya” və “Oresteya” ilə bir sırada “Ana haqqı” anlayışını hifz edərək yaşatmaqda olan üç tarixi qaynaqdan biridir.[3][4]