Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru.[1]
Məhəddin Abbasov | |
---|---|
Abbasov Məhəddin Fərhad oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düz Rəsullu, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Təhsili | Azərbaycan Neft-Kimya İnstitutu (indiki ADNA) |
Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir.
Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
1978-ci ildə “Sərbəst radikallar vasitəsilə alifatik aldehidlərin və ketonların olefinlərlə birləşmə reaksiyasının tədqiqi” mövzusunda namizədlik, 2006-cı ildə isə “Doymamış karbohidrogenlər əsasında alitsiklik ketonların və laktonların sintezi, alınma üsulları və tətbiq sahələri” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir.
Məhəddin Abbasov elmi fəaliyyəti dövründə əsasən yeyinti və ətriyyat sənayesi üçün yeni aramatizatorların və ətrli maddələrin alınması və texnologiyasının həzırlanması sahəsində çalışmışdır. Bu sahədə o səmərəli nəticələr əldə etmiş və müəlliflik şəhadətnaməsi almışdır. 10 işinə isə patent verilmişdir.[2]
M.F.Abbasovun əsas elmi işləri: sərbəst radikallar vasitəsi ilə doymamış karbohidrogenlərə kiçik molekul kütləli aldehid və ketonların birləşmə reaksiyasilə alkil, dialkil, tsiklo- və bitsiklo alkiləvəzli ketonların fasiləsiz qurğuda alınmasının mümkünlüyünün nəzəri cəhətdən əsaslandırılması və təcrübə-sənaye qurğusunun yaradılması;
Alkiləvəzli tsiklanonların müxtəlif oksidləşdiricilərlə maye fazada müvafiq alkiləvəzli d-valero və e-kaprolaktanlara oksidləşməsi prosesinin birmərhələli alınma üsulları;
Alitsiklik karbohidrogenlərin maye fazada oksidləşməsi reaksiyalarını aparmaq üçün xüsusi üsulla mono karbon alınmış və onun əsasında yüksək seçiciliyə malik homogen və heterogen polioksametallat nanokatalizatorlar hazırlanmış və onların iştirakı ilə müxtəlif quruluşlu keton, lakton, epoksid, iki atomlu spirt, iki əsaslı turşuların birmərhələli alınma üsulları;
İlk dəfə olaraq təbii perlit əsasında metallarla modifikasiya olunmuş heterogen katalizatorları hhazırlanmış və alkiləvəzlitsiklanonların diollarla katalitik kondensləşməsi ilə müxtəlif quruluşlu spiroasetalların yeni alınma üsulları işlənib hazırlanmışdır.
Alınmış alitsiklik ketonların laktonların və spiroasetalların orqanoleptik xassələri öyrənilərək tədbiq sahələri müəyyənləşdirilmiş; təcrübə-sənaye qurğusunda istehsal edilərək müxtəlif ətir kompozisiyaları və qida aromatizatorları hazırlanmış və sənaye miqyasında tətbiq olunmuşdur.
M.F.Abbasovun tədqiqat işlərinin nəticələri 164 elmi əsərdə, o cümlədən 15 müəlliflik şəhadətnaməsində və Patentdə öz əksini tapmışdır. O, 3 elmlər namizədi yetişdirmişdir.
Onun elmi əsərləri Rusiya, Almaniya, Bolqarıstan, Türkiyədə, Polşada, Hindistanda, Çexiya, Estoniya, Ukraynada nəşr olunmuşdur. O, bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələrlə çıxış etmişdir.